Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr, 2021
2767

Açıq mənbələrdən götürülüb

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”.

Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur.

“Məni ölümlə hədələyir”

Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla sevərək evlənib.

“Mən Fuadı çox sevmişəm. Ailəsi də həmişə mənə yaxşı davranıb. Baxıb deyirdin ki, bu insanlar mələkdilər. Amma 2 ay sonra niyəsə bu mələk dönüb şeytan oldu”.

Qadın ərinin onunla atasının puluna görə evləndiyini, atası işdən ayrılan kimi Fuadın da, ailəsinin də ona münasibətinin dəyişdiyini iddia edir: “Mənim atam əvvəllər dövlət qulluğunda çalışıb. Sonra öz istəyilə ərizə yazıb çıxdı. Atam işdən ayrılan kimi  Fuadgil mənə qarşı dəyişdilər. Psixi və fiziki zorakılıqlar da elə bundan sonra başladı”

F. Cənnətova deyir ki, əri ona qarşı dəfələrlə zorakılıq göstərib, amma bir dəfə zahı vaxtı döyüləndə xəstəxanalıq olub. Hətta bundan sonra o, ərini polisə də şikayət edib.

“İkinci qızımı dünyaya gətirəndə atam mənə pul hədiyyəsi vermişdi. Bunu da Fuad götürüb gizlətmişdi. Mənim də ehtiyacım var idi deyə puldan bir az götürdüm. Həmin vaxt özü, ata-anası üstümə cumub məni möhkəm döydülər. 3 günlük zahı ola-ola gətirib atamın üstünə atdılar məni. Qanaxmaya düşdüm, 3 saylı xəstəxanaya apardılar. Mən də sakit dayanmadım, 20-ci polis bölməsinə şikayət ərizəmi göndərdim”.

Onun dediyinə görə, bundan sonra əri işini itirməmək üçün qadınla barışmaq istəyib.

“Şikayətdən 2 gün sonra Fuad bizə gəldi. Atamgillə danışıb, barışmaq istədiyini dedi. Amma fikir verin, demədi “ailəmi itirsəm”, dedi ki, “işimi itirsəm” bir də gəlməyəcəm. Evdəkilər də dedi ki, 2 uşağın var, ərind barış. Mentalitet, adət-ənənə, böyük sözü deyə bir şey var, axı. Mən də qarşı çıxmadım, barışdım. Həm də Fuad söz vermişdi ki, bir də mənə əl qaldırmayacaq...”

F. Cənnətova ərindən çox şey yox, sadəcə sevgi gözlədiyini deyir: “Sizə qəribə gələ bilər ki, şiddət görə-görə yaşamışamsa, necə 3 ilə 3 uşaq dünyaya gətirmişəm. Mənim 3-cü dərəcəli zobum var, həm də qan qrupum mənfidir. Ona görə də abort mənim ölüm riskimi artırır. Uşaqlarımı, hər nə qədər incitsə də, ərimi çox sevmişəm.  Mən ona heç vaxt deməmişəm ki, ata-ananı at, məni tut. Mən sadəcə ondan sadəcə sevgi gözləmişəm”.

F. Cənnətova danışır ki, sonuncu dəfə əri onu döyəndə boşanmaq istədiyini söyləyib: “Dedim ki, ay Fuad, gəl, ayrılaq, nə sənin əlin qana batsın, nə də mən canımdan bezmişəm. Səhəri gün gətirib məni nənəmgilə qoydu. Qonşunun kameralarına da düşüb, gedərkən də şillə vurdu. O vaxtdan bəri də məni ölümlə hədələyir”.

“Qanunları da satın alarıq”

Qadının iddiasına görə, ərinin ailəsi də onu təhdid edir: “Mənə deyirlər ki, ya ayrıl uşaqları bizə ver, ya da xəstəxanadan sənə dəlilik kağızı alacağıq. Atası deyir ki, bizi bir dəfə polisə şikayət elədin, 15 min verib o işin üstünü bağladıq, yeri gəlsə 115 min də verib bağlayarıq, bizə heç nə edə bilməzlər, biz qanunları da satın alarıq. Hətta bir dəfə qaynanam bibimə zəng vurub dedi ki, elə etməsin ki, onu da Xanımın (polis əri tərəfindən öldürülən qadın - Xanım Məmmədova) yanına göndərək”.

F. Cənnətova bu müddətdə Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Prezident administrasiyasına, Daxili İşlər nazirliyinə, Baş Prokurorluğa müraciətlər ünvanladığını söyləyir. Gənc qadın sadəcə, ərinin onu rahat buraxmasını və uşaqlarına şərait qurmasını tələb edir.

“Mən dəfələrlə intihar etmək istəmişəm. Demişəm, bəlkə, ölsəm, qurtularam”, - o, ümidsizcə deyir.

F. Cənnətovanın vəkili Zibeydə Sadıqova məsələni 31-ci polis bölməsinin araşdırdığını bildirir. Onun sözlərinə görə, boşanma prosesi mediatordan götürülüb, məhkəməyə verilib. Vəkil həmçinin bu yaxınlarda Abşeron rayon İcra Hakimiyyətinin qadına mühafizə orderi verəcəyini də açıqlayıb.

“Həyat yoldaşım şizofrendir”

“Toplum TV”-yə danışan Fuad Cənnətov 27-ci polis bölməsinin təhqiqatçısıdır. O, arvadının iddialarının əsassız olduğunu deyir və qadının söylədiklərini “şər-böhtan” adlandırır.

“O qadın şizofrendir. Psixoloqla məsləhətləşmişəm, deyib ki, onda şizofreniya əlamətləri var. O qadın sadəcə polis zabiti olduğuma görə məni işimdən etmək istəyir”.

Fuad Cənnətov həyat yoldaşına qarşı zorakılıq göstərmədiyini deyir. Onun bədənindəki yara izləri haqqında isə “öz-özünü vurub” söyləyir: “ O, öz evlərində əl-ayağını göyərdib, indi də mənim üstümə atır. Ekspertiza da rəy verib ki, bu insan öz-özünə xəsarət yetirib”.

Fuad Cənnətov ekspertiza rəyi ilə özünün tanış olduğunu, lakin bunu ictimaiyyətlə paylaşa bilməyəcəyini bildirir. 

“Qadınlar ehtiyat edirlər”

F. Cənnətova polis əri tərəfindən şiddət gördüyünü deyən ilk qadın deyil. Ötən ay ərindən şikayət etmək üçün 24-cü polis bölməsinə gedən Xanım Məmmədova elə bölmədəcə əri - polis nəfəri İsmayıl Məmmədov tərəfindən güllələnərək öldürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq hələ də davam etdirilir.

Mehriban Zeynalova- Modern.az

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, son illərdə yalnız 1-2 qadın polis əri tərəfindən şiddət gördüyü üçün sığınacağa müraciət edib.

O, müraciətlərin azalmasını daha çox qadınların ehtiyat etməsiylə əlaqələndirir.

“Bu yaxında polis əri tərəfindən zorakılıq görən qadın bizə sorğu göndərmişdi, amma ehtiyat etdi, qərarsız qaldı deyə sığınacağa gəlmədi. Bunun tək yolu Daxili İşlər Nazirliyinə müraciət etməkdi. Çünki bu məsələdə nazirlik operativ çalışır. Təəssüf ki, qadınların özləri ehtiyat edir".

Ailə, Qadın və Uşaq komitəsinin son hesabatına görə, ölkədə ailə vəziyyətinə görə, 74,3 % qadın, 25,7 % kişi məişət zorakılığına məruz qalır.

2010-cu ildə qəbul edilən Məişət Zorakılığının qarşısının alınması haqqında qanunda Mühafizə Orderi adlı bənd var. Çoxları bu barədə məlumatlı deyil. Həyat yoldaşı, övladları və yaxınlarının zorakılığına məruz qalan hər bir şəxs qanunun ona tanıdığı üstünlükdən yararlana bilər.

Komitənin məlumatına görə, 2021-ci ilin yanvarından iyula qədər 16 məişət zorakılığı faktı ilə bağlı zərərçəkənə mühafizə orderi verilib.

İctimai fəal Aygül Cəfərova məişət zorakılığına məruz qalan qadınların hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindiklərini deyir. İctimai fəal hesab edir ki, bunun əsas səbəbi polisin obyektiv araşdırma aparmaq yerinə qadınları şikayət etməkdən çəkindirmələridir: “Bununla da zorakı şəxs cəzasız qalır və məişət zorakılığı faktı azaldılır”. 

Aygül Cəfərovanın fikrincə, ərləri hüquq-mühafizə orqanlarında işləyən qadınlar üçün şikayət etmək  ikiqat çətindir: “Təcrübədə qarşılaşırıq ki, polis ərlər öz statuslarından istifadə edərək  qadınları manipulyasiya edirlər. Onlar “Şikayət etdiyin qurum mənim arxamda dayanacaq”, “Mən çox güclüyəm”, “Mənim əlim hər yerə çatır” deyərək  qadınlara basqı edirlər. Bu halda təbii ki, qadınlar daha çox qorxur və şikayət etməyə çəkinirlər”. 

A.Cəfərovanın dediyinə görə, dövlət qadın cinayətlərini durdurmaq üçün iradə göstərərsə, bu problemin qarşısını almaq olar.

“Bu məsələnin həll yolu zorakı şəxslərə ağır cəzaların tətbiq olunmasıdır. Bu, qorxan, çəkinən qadınlara da nümunə olar ki, onların şikayətləri boşuna deyil”.

“Ərimdi, yaxşı eləyib döyür”

Elşad Hacıyev-rəsmi səhifə

“Toplum TV”-nin “Debat” proqramında çıxışı zamanı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də deyib ki, qadınların çoxu əri tərəfindən zorakılığa məruz qaldıqda izahat vermirlər.

“Biz şikayətçilərin evinə gedəndə ya problem həll olunmuş olur, ya da polisə açıqlama vermirlər. Ən çox da qadınlar “əsəbi olmuşam”, “o mənim həyat yoldaşımdır” deyə cavablar verirlər. Məsələn, Xəzər rayonunda zorakılığa məruz qalan 3 uşaq anasının dilindən bir izahat da ala bilmədik, qadın dedi ki, ərimdi, yaxşı eləyib döyür”.

A.Cəfərova  mətbuat xidmətinin rəisinin dediyinə haqq qazandırsa da, məsələnin daha dərin olduğunu söyləyir: “Qadın niyə öz şikayətini geri çəkir? Çünki bilir ki, əri sutkalıq həbs edilsə, evə qayıdanda daha zorba birinə çevriləcək.  Biz niyə İstanbul konvensiyasının ratifikasiya olunmasını istəyirik? Ona görə ki, qanunvericilik səviyyəsində tədbirlər görülsə, qadının getməyə sığınacağı olacaq, əri onu hər istəyəndə  tapa bilməyəcək”.

E. Hacıyevin dediyinə görə, qanuni vəzifələrini yerinə yetirməyən polis əməkdaşları da intizam məsuliyyətinə cəlb olunurlar: “Heç bir polis əməkdaşına imtiyaz verilmir ki, vətəndaşın hüququnu pozsun. Bunu edən polis nəfərləri barədə də daxili işlər orqanından xaric olunma, xidməti vəzifəyə uyğunsuzluq, vəzifənin aşağı salınması kimi tədbirlər icra olunur”.

F. Cənnətova ilə bağlı nazirliyə müraciətimizdən sonra Elşad Hacıyev məsələni araşdıracağını bildirib.

Araşdırma zamanı bəlli olub ki, Fuad Cənnətov artıq tutduğu vəzifədən azad edilib.

“Hazırda Suraxanı rayon Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Daxil olan müraciət üzrə zərərçəkmişin qanunvericiliyə uyğun olaraq hüquqlarının  təmin olunması istiqamətində müvafiq tədbirlər görülür”, - E. Hacıyev qeyd edib.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatına görə, 2021-ci ilin birinci  yarımilində ailə münaqişəsi ilə bağlı törədilən cinayətlər 15,5% artıb. Qadınlara qarşı 1231 cinayət faktı qeydə alınıb.

İkinci yarımil isə qadın cinayətləri çoxalıb. Hətta iyulda bir neçə feminist Daxili İşlər Nazirliyinin önündə qadın qətllərinə etiraz edib. Onlar nazirliyin önünə üstünə son 10 gündə qətlə yetirilən qadınların adı yazılmış simvolik tabut qoyublar.

Feministlər “Qadın qətlləri siyasidir!”şüarı altında polis binasının giriş qapısına qan rəmzi olan qırmızı boya atıblar.

Sosial

Beş uşaqlı analara beş il pensiya güzəşti 

Roza Məmmədova
Vüsalə Mikayıl
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdən sonra beş və daha çox uşaq dünyaya gətirən analar beş il daha tez pensiyaya çıxa biləcəklər. Bu, uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara da şamil ediləcək. Cəmi 960 nəfər Qanunla artıq təkbaşına beş övlad və ya sağlamlıq imkanları məhdud uşaq böyüdən ataların da tez təqaüdə çıxması mümkün olacaq. Bu qanun ana vəfat etdikdə, nikaha xitam verildikdə, ana valideynlik hüququndan məhrum edildikdə növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək uşaq böyüdən atalara aid ediləcək. Rəsmi məlumatlara görə, bu dəyişiklik pensiyaçıların sayında...
Sosial

Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...

Leyli Cəfərova
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının məhkəməsi davam edib. Məhkəmə iclası başlayan kimi hakim Azad Məcidov müttəhimə ötən məhkəmə iclasındakı davranışına görə xəbərdarlıq edib: “Vurub şüşəni çatlatmısınız, düzəldiblər. Dövlətin əmlakıdır, növbəti dəfə belə hərəkətlərə yol versəniz, qanuna uyğun tədbirlər görəcəyik, sizi məhkəmə iclaslarında iştirakdan məhrum edəcəyik, bir də hökm elan olunanda iştirak edə biləcəksiniz”. Ramin Hacılı isə cavabında deyib: “Mən ölüm aclığına başlamışam və artıq 5 gündür ki, özümü yaxşı hiss etmirəm, məhkəmə iclasını təxirə salmağınızı xahiş edirəm”. Hakim bildirib ki, qanunvericiliyə görə, təqsirləndirilən şəxsin yalnız xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşarsa, məhkəmənin təxirə salınması mümkündür. “Qanunvericilikdə belə şey...

Seçilmiş Videolar

Toplum TV loqo