Gənc fotoqrafdan məsləhət: “Yaxşı fotoaparatdan daha çox keyfiyyətli, möhkəm ayaqqabı məsləhət görərdim”
Toplum TV
“Toplum TV”-nin müsahibləri Türkiyədə yaşayan azərbaycanlı fotoqraflar Rəsul Quliyev və Tural Rəhmanlıdır. Onlar Türkiyədə tanınmış küçə fotoqrafiyası agentliyinin -“Turkuaz Street Collective”-in üzvüdürlər. Hər iki gəncin əl işləri qurumun dərc etdirdiyi topluda yer alıb.
Tural Rəhmanlı Türkiyəyə 11 il əvvəl gedib - təhsil almağa.
“Beykent universitetində turizim fakültəsində oxuyurdum, yəni foto ilə heç bir əlaqəsi olmayan ixtisas üzrə. Türkiyədən xatirə qalsın deyə şəkillər çəkirdim. Bu işə quş, böcək çəkərək başlamışdım. Sonra universitetin foto klubuna daxil oldum”.
Rəsul Quliyevsə 2013-cü ildən Türkiyədədir, o da qonşu ölkəyə təhsil almağa gedibmiş - Ege Universitetini bitirib, stomatoloqdur.
“2018-ci ildə rezidenturaya qəbul oldum, hazırda təhsilimi davam etdirirəm. Foto çəkməyə 10-cu sinifdən başlamışam. Əvvəl mən də Tural kimi quş, böcək şəkilləri çəkirdim. Vaxt keçdikcə özümüzü inkişaf etdirib fərqli istiqamətlərdə ifadə edirik”.
Bəs “Turkuaz Street Collective” agentliyi ilə yolları necə kəsişib?
Rəsul Quliyev deyir ki, “Gezi parkı” hadisələrindən sonra Türkiyədə fotoqrafiyayla məşğul olan kollektivlər xeyli aktivləşiblər: “Bu kollektivləri təsis edən şəxslərin əsas məqsədi eyni baxış bucağına, eyni tərzə malik şəxsləri bir dam altına toplamaqdır. Hazırda Türkiyədə küçə fotoqrafiyası üzrə ixtisaslaşmış ən aktiv kollektivlərdən biri də “Turkuaz”-dır”.
Söhbəti davam etdirən Tural Rəhmanlı əvvəllər ümumi bir platforma olduğunu xatırladır: “Hamı çəkdiyi şəkilləri ora yükləyirdi, mən də həmçinin. “Turkuaz” da həmin platformadan fotolar seçirdi. Mənim “Turkuaz”la tanışlığım belə oldu. Hazırda yeni fotoqrafların seçimi üzvlərlə razılaşdırıldıqdan sonra mümkündür. Yəqin ki, yaxın gələcəkdə Azərbaycandan olanların seçilmək şansı olmayacaq, çünki indi daha çox yerli fotoqraflara üstünlük verilir”.
“Sənədli fotoqrafiyada qazanc imkanları varmı?”
Tural Rəhmanlının fikrincə, incəsənətə gəlir mənbəyi kimi baxanda yaradıcılıq arxa plana keçir: “Qarşılığında pul aldığın işlə məşğul olmaq səndə məsuliyyət yaradır və bəzən öz istədiyini yaratmaqda sənə mane olur. Bizim kollektivdə hər kəsin əsas gəlir gətirən ayrıca peşəsi var. İnsanlar bu işə hobbi olaraq baxırlar. Misal üçün, “Turkuaz”-da hətta hərbçi də var”.
Rəsul Quliyev də üzv olduğu qrupda fotoqraflığın heç kəsin əsas gəlir mənbəyi olmadığını bildirir: “Hər hansı bir kommersiya, reklam agentliyi ilə işləməsən, incəsənətdən pul qazanmaq elə də asan deyil”.
Nəhayət, həmyerlilərimizin də fotolarının dərc olunduğu kitab haqda bir neçə kəlmə.
“İstanbulda keçən il sərgi keçirmişdik, sərgidən sonra kitab nəşr etməyi qərarlaşdırdıq. Kollektivimizin 15 üzvü var, kitaba hər kəsin 10 işi daxil edildi. Şəkillərin çəkilmə tarixi fotoqrafdan asılı olaraq dəyişir. Şəxsən mənim 2016-cı ildən etibarən çəkdiyim şəkillər kitabda yer alıb. Bir neçə gün əvvəl kitab beynəlxalq satışa təqdim edilib. Yaxın günlərdə Azərbaycanda da satışını planlaşdırırıq. Azərbaycana çatdırılma xərclərinin nə qədər olacağını dəqiq bilmədiyimiz üçün qiymətini deyə bilmirik. Türkiyədə qiyməti 180 TL olacaq, amma tələbələr üçün endirimlər olacaq” – Rəsul Quliyev belə deyir.
Gənclərin birgə işlədikləri layihələr də var, onları da yekunlaşdırıb kitaba çevirmək istəyirlər.
Rəsul Quliyev təkcə küçə fotoqrasiyası ilə yox, sənədli fotoqrafiya ilə də məşğul olmağı arzulayır: “Fotonun üst səviyyəsi videodur. Bu sahələrdə də bir şeylər etmək olar”.
Tural Rəhmanlı Azərbaycandakı həmkarlarına tövsiyə olaraq yarızarafat-yarıciddi belə deyir: “Gənc fotoqraflara yaxşı fotoaparatdan daha çox keyfiyyətli, möhkəm ayaqqabı məsləhət görərdim. Daha çox gəzmək, daha çox görmək lazımdır”.
Rəsul Quliyevinsə gənclərə məsləhəti belədir: “Nə qədər çox inkişaf etsələr, ortaya qoyduqları iş bir o qədər keyfiyyətli olacaq. Çox çəkmək, çox baxmaq və öz tərzini yaratmaq çox önəmlidir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb