“Gəncə məhbusu”: “Gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar”
Sosial Media
2018-ci ildə “Gəncə hadisələri” zamanı həbs olunmuş və hazırda 2 saylı cəzaçəkmə müəssəsində həbs həyatı yaşayan Bayramov Tural Arzu oğlunun səhhətində problemlər yaranıb.
Bununla bağlı “Toplum TV” - yə məhbusun anası Zinyət Bayramova xəbər verib. O deyir ki, oğlunun vəziyyəti ağır olsa da, müdaxilə edilmir, vəziyyəti isə getdikcə pisləşir:
“O qədər işgəncə veriblər ki, panik atak, nevroz olub. Əvvəl 10-cu kolonda idi, indi isə 2 saylı cəzaçəkmə təcridxanasındadır. 20 gündən də çoxdur ki, yenə ağrıları başlayıb. Gecə yatanda boğulur, qarabasması olur. Artıq ağrılara dözə bilmədiyini deyir. Telefonla danışanda “gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar” deyir. Oranın həkimi Fərhadov Nüsrət də baxmır. Deyir, müalicə üçün bura nevropotoloq gəlməlidir”
Z. Bayramova Pentensiar Xidmətə sorğularını yönləndirə bilmədiyini söyləyir: “ Zəng vururam, düşə bilmirəm. Övladım orda hər cür əziyyət çəkir. Tələbim odur ki, övladımı müalicə etsinlər. Etmirlər, azad etsinlər. Gedib özüm borc-xərc tapıb müalicə etdirim. 26 yaşı var, hər yeri xəstəlik tapıb. Dekabrda ad günündə getmişdim, böyrək ağrılarından gözlərinin altı qaralıb”.
Qadının sözlərinə görə, əvvəl oğluna 8 il iş versələr də, sonradan appelyasiya məhkəməsi cəzasını 4 il 1 aya endirib: “Ali məhkəmə isə heç bir dəyişiklik etmədi. Heç nədən artıq 3 il yarımdır ki, cəza çəkir”.
Z.Bayramova özünün də səhhətində problemlər olduğunu deyir: “Özüm də ürək xəstəsiyəm. Hər gün dava-dərmanla yaşayıram”.
O dəfələrlə Ombudsman aparatının qaynar xəttinə zəng vursa da, düşə bilmədiyini bildirir. Ədliyyə Naziri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova məsələ ilə bağlı müraciət edildiyini qeyd edir.
Ombudsman aparatının mətbuat katibi Emil Şahzadə isə onların qaynar xəttinə belə məlumatın daxil olmadığını bildirir. Aparat rəsmisi deyir ki, yazılı şəkildə müraciət edildikdən sonra məsələyə baxılacaq.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov məsələyə onların baxmadığını deyib: “Bu bizim səlahiyyətimizdə deyil. Məsələyə Ədliyyə Nazirliyi Tibb-Baş İdarəsi baxır”
Ədliyyə Nazirliyi nəzdində Tibb-Baş idarəsinin rəis müavini İftixar Qurbanov “Toplum TV”-yə cəzaçəkmə müəssisələrinin hamısında tibb sanitar hissəsi olduğunu və lazım olduqda nevropotoloqun çağırıldığını, məsələni araşdıracağını deyib.
Araşdırmanın nəticəsi olaraq Ədliyyə Nazirliyinin mətbuat katibi Nigar Əliyeva onda sadəcə panik ataklar olduğunu, nevropotoloqun artıq məhbusa baş çəkdiyini deyib: “Vəziyyət nəzarətə götürülüb”.
Xatırlatma
“Gəncə hadisələri” haqqında rəsmi məlumatda 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunus Səfərovun şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahla hücum etdiyi, mühafizəçisini ağır yaraladığı bildirilir.
Y.Səfərov saxlanıldıqdan sonra sosial şəbəkələrdə etiraz olaraq 10 iyulda Gəncədə etiraz aksiyasının keçirilməsinə çağırışlar edilib. Aksiya zamanı iki polis əməkdaşı öldürülüb, biri yaralanıb.
Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında aksiyada 150-200 nəfərdən ibarət “radikal dini yönümlü bir qrup şəxs”in asayişi pozmağa cəhd etdikləri, bu zaman xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərdikləri bildirilib. Ümumilikdə, 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Rəsmi açıqlamaya görə, 6 nəfər şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdikləri üçün öldürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür