Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr, 2021
1261

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır. 

Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”.

Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq. 

“Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il çəkirəm, amma indi həftəsonları taksiyə əlavə pul verməyim büdcəmizə əməlli-başlı təsir edir”.

Mikroavtobuslarla bağlı növbəti xəbərdarlıq və sərnişinlərə tövsiyə

Azərbaycanda bir ildən çxodur ki, pandemiya səbəbiylə həftəsonları ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub. Buna görə, bəzən sərnişinlər taksidən daha ucuz olan mikroavtobuslardan istifadə etməli olurlar. Ancaq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 17-də həftəsonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib. 

Məlumatda qeyd olunur ki, həftəsonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə qanunsuz fəaliyyət göstərənlərə qarşı ciddi tənbeh tədbirləri görüləcək. 

Açıqlamada həmçinin sərnişinlərin yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftəsonlarına saxlamaması tövsiyə olunur.

DİN: “Qadağa var ki, olmaz!”

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat şöbəsinin rəisi Elşad Hacıyev “Toplum TV”-yə bildirir ki, insanların sağlamlığı naminə sərnişindaşımada nəzarət tədbirləri gücləndirilir: “Xüsusən Nazirlər kabinetinin müvafiq qərarına uyğun olaraq həftəsonları şəhərlərarası, rayonlararası, şəhərdaxili və rayondaxili sərnişindaşıma qaydalarının olmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydalara əməl edilmir. Bununla bağlı respublikanın bütün ərazilərində sərnişindaşımaya nəzarət-profikaktik tədbirləri gücləndirilib. Qadağa var ki, olmaz. Ona görə də sabahdan başlayaraq ciddi tədbirlər görüləcək”. 

Elşad Hacıyev - Rəsmi səhifə

Mətbuat şöbəsinin rəisi DİN əməkdaşlarının Nazirlər Kabinetinin  qərararına uyğun olaraq tədbirlər həyata keçirəcəyini qeyd edir.  

İctimai nəqliyyatla bağlı qadağa niyə ləğv olunmur?

Rahim Qasımov kimi həftəsonu işləyən və ya iş dalınca yollanmalı olan şəxslərsə sual edirlər: “İctimai nəqliyyat işləmir, taksi bahadır, mikroavtobusla da getmək olmaz. Bəs neynəyək?”

Rəsmi rəqəmlərə görə, son günlər COVİD-19-a yoluxmada azalma, sağalanların sayında artım müşahidə olunur. 

Nazirlər Kabineti yanında Opoerativ Qərargah isə artıq bir neçə ay öncə bəzi məhdudiyyətləri aradan qaldırıb. Artıq idman zalları, ticarət mərkəzləri, restoranlar fəaliyyət göstərirsə,  həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa niyə aradan qaldırılmır? 

“Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”, - nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı belə söyləyir. 

O, pandemiya dövründə qadağaların müəyyən bir dövrü əhatə etməli olduğunu deyir: “Səhiyyə sistemini düzgün nizamlayan ölkələrdə yanaşmalar tamam fərqlidir. Yoluxmaların birdən-birə artdığı dövrdə qadağalar bütün sahələrə eyni vaxtda tətbiq edilir. Sonradan qadağaların yumşalması da bütün sahələrə aid olur. Operativ Qərargah isə bir dəfə bu qərarı qəbul edib və il yarımdır ki, qüvvədə saxlayır.Ya onun ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb. 
Başqa açıqlama görə bilmirəm”.

 Elməddin Muradlı - Sosial Media

Ekspert ictimai nəqliyyata həftəsonları tələbatın nisbətən az olduğunu və qadağanın bu qədər uzanmasına ehtiyac qalmadığını da vurğulayır və digər sahələrdə edilən yumşalmaların ictimai nəqliyyata şamil olunmasını təklif edir. 

“İl yarım eyni qərarı qüvvədə saxlamaq gülüncdür. Qərarı yenidən gözdən keçirmək lazımdır, oturub bir təhlil aparmaq lazımdır ki, doğurdanmı yoluxmalar ictimai nəqliyyatda baş verir? Bəlkə şənbə-bazar insanlar restoranlarda daha çox gedirlər deyə yoluxmalar orda olur? Niyə məhz elə ictimai nəqliyyat? Cümə günü ictimai nəqliyyat şənbə günündən daha çox basırıq olur”, -  E.Muradlı əlavə edir. 
 
Ekspert bu qənaətdədir ki, yoluxmanı azaltmaq üçün şənbə-bazar günü qadağa lazımdırsa, bunu müəyyən saatlarda etsinlər: “Həftəsonu bu qədər insan işləyir. Fəhləsi var, süpürgəçisi var. Bu insanlar hər gün işə çıxmalıdır. Fəhlə işləyən şəxs ayda 300 manat maaş alır. Niyə həftəsonu 3-4 manat taksiyə verib işə getməlidir?”

2020-ci il iyulun 4-dən ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nazirlər Kabineti həmin qərarı bu il noyabrın 1-dək qüvvədə saxlayıb.

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar