Sosial

Həkim: “Mən səhiyyədə ciddi keyfiyyət dəyişikliyi müşahidə etmirəm” 

17 İyun, 2021
2355

Açıq mənbələrdən götürülüb

Həkim olmaq üçün minimum 12 il vaxt lazımdır, amma bunun müqabilində həkim 350 manat maaş alır”.

“Həkim düşünür ki, o, illərini boşuna tibbə həsr edib. Hətta mən bir neçə insan tanıyıram ki, onlar artıq həkim işləmir”.

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev ölkə səhiyyəsinin bugünkü vəziyyətini qiymətləndirərkən belə deyir.

Bu gün Azərbaycanda tibbi işçiləri günüdür. “Toplum TV” Aydın Əliyevlə Azərbaycan səhiyyəsinin durumunu dəyərləndirir. 

Azərbaycan səhiyyəsi adı ən çox rüşvətdə hallanan sahələr sırasındadır.

2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərara görə, Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Ancaq bununla belə, zaman-zaman KİV-də səhiyyənin müxtəlif sahələrində rüşvət halları ilə bağlı xəbərlər gündəmə gəlir.

Vətəndaşlar rüşvətdən, səhiyyənin aşağı səviyyədə olmasından şikayətlənir, həkimlərsə deyir ki, maaş azdır.

Həkimlərin sayı azalır, səhiyyə xərcləri artır, amma…  

Prezident İlham Əliyevsə son 17 il ərzində 750-dən çox xəstəxananın ya yenidən tikildiyini, ya da əsaslı şəkildə təmir edildiyini bildirir: “Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq”.

Bir yandan dövlət müasir standartlara cavab verən xəstəxanalar inşa edir, bir yandan da özəl xəstəxanaların sayı artır. Amma Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 32 həkim düşüb. Bu rəqəm 2011-ci ilə qədər 36 olub, son 10 ildə isə azalaraq 32-yə düşüb.

DSK tibbi heyətin sayının azalmasını keçirilən islahatlarla əlaqələndirib.

Son 2 ildə ölkədə səhiyyə üzrə xərclər artırılıb, 2019-cu ildə səhiyyə xərcləri 1,042 mln. manat təşkil edib. 2020-ci ildə bu göstərici 1,369 mln. manatadək (33%) artırılıb.

2021-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə görə, bu il dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılıb. Bu isə 2021-ci ildə səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 4,9 faiz təşkil edəcəyi deməkdir.

Son illər bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin artdığı görünür. Bu artımın bir səbəbi də bir ildən çoxdur davam edən pandemiyadır. Hərçənd tənqidçilər Azərbaycan səhiyyəsinin koronavirusla mübarizədə arzuolunan səviyyədə fəaliyyət göstərə bilmədiklərini düşünürlər.  

Həkim-radioloq Aydın Əliyev də səhiyyə sistemindəki çatışmazlıqlarla razılaşır. Ancaq o, son illər ölkədə bu sahədə müsbət dəyişikliklərin də olduğunu qeyd edir.

“Təbii ki, bizim səhiyyəmizdə müəyyən inkişaf var. Müstəqilliyə qədər ölkədə kadrlar sovet məktəbində yetişdirilirdi, ittifaq dağıldıqdan sonrasa xeyli həkim Avropa ölkələrinə və ABŞ-a kurs keçməyə gedərək dünyadakı yenilikləri Azərbaycana gətirdilər”.

A.Əliyev deyir ki, Azərbaycanda tibbi xidmətin professionallaşması baxımından müsbət dəyişikliklər gedir və səhiyyə sistemində rezidentura təhsilinin tətbiqi də bu dəyişikliyə daxildir. 

“Əvvəllər terapevt gedib 2 ay kurs keçməklə rentgenoloq olurdu, yaxud anestezoloq 6 ay kurs keçməklə cərrah işləyirdi. Halbuki qısa müddətə bu ixtisasa yiyələnmək mümkün deyil. Rezidentura təhsilinin tətbiq olunması bu cəhətdən çox yaxşı oldu. Azərbaycanda həkim işləmək üçün mütləq rezidentura keçmək lazımdır və yaxud xarici ölkədə aldığın ixtisasartırmanı burada təsdiq etməlisən”. “Həkimlərdən dünya standartlarında xidmət tələb edilirsə, onların təminatını da dünya standartına uyğunlaşdırmaq lazımdır”

Çatışmazlıqlara gəlincə, həkimin qənaətinə görə, bu sahədə ən baslıca problem maaş azlığıdır. 

“Təəssüflər olsun ki, tibb işçilərinin məvacibi baxımından vəziyyət o qədər də ürəkaçan deyil.

Məsələn, həkimlərdən dünya standartlarında xidmət tələb edilirsə, bu zaman onların təminatını da dünya standartına uyğunlaşdırmaq lazımdır. Aylardır icbari tibbi sığorta tətbiq olunmasına baxmayaraq, hələ də bölgələrdə çalışan tibb işçilərinə maaş əlavəsi verilməyib. Bakıdasa bu hələ yeni tətbiq olunur”.

A.Əliyevin sözlərinə görə, belə halar həkimlərin işə yanaşmasına da təsir edir. 

“Bu gün Tibb Universitetinə daxil olmaq üçün minimum 2 il hazırlaşmaq, həkim olmaq üçün 6 il universitet, 4 il rezidentura oxumaq lazımıdır. Yəni həkim olmaq üçün minimum 12 il vaxt sərf etmək lazımdır. Bəs bunun müqabilində həkim nə qədər maaş alır? 350-380 manat”.

Həkim qeyd edir ki, Azərbaycanda bu peşəyə layiqincə qiymət verilmədiyindən maraq azalır: “Bu gün tibbə marağı olan abituriyent həkimin dolaşınığına baxıb motivasiyası düşə bilər. Məsələn, bizim ailəmizdə hamı həkimdir. Ancaq övladım həkim olmaq istəmir. Bir çox gənclərdə də bunu müşahidə etmişəm, onlar düşünür ki, İT mütəxəsisis olsa, yaxud ticarətlə məşğul olsa, daha çox qazanacaq. Abituriyent nəyin müqabilində gecəni gündüzə qatıb 12 il oxumalı, rezidenturanın ağır imtahanlarından keçməlidir ki?”

Səhiyyə Nazirliyindəki dəyişikliklər, TƏBiB, İcbari Sığorta kimi agentliklər ölkənin tibb böhranını aradan qaldıra biləcəkmi?

A.Əliyev fikirləşir ki, məsələ qurumların sayında deyil, keyfiyyətdədir. 

“Çox uzağa getməyək, nazirlikdə kadr dəyişiklikləri baş verdi. O vaxtdan bu günə mən səhiyyədə hər hansı ciddi keyfiyyət dəyişikliyi müşahidə etməmişəm”.

Onun sözlərinə görə, əslində, bir neçə oxşar səlahiyyətli qurumun olması işə mane olur.

“Krılovun məşhur təmsilində deyildiyi kimi, arabanı quş havaya, balıq suya, xərçəng quruya çəkir. Ona görə də araba yerindən tərpənə bilmir. Yaxşı olar ki, vahid idarəçilik yaradılsın və ora sağlam kadrlar cəlb olunsun. Dövlət başçısı hansısa qurumu neqativ halları aradan qaldırmaq üçün yaradır. Demir ki, rüşvət alın, işləri daha da korlayın. Yəni qurumların başında duranlar da gərək işlərini düzgün icra etsinlər”.

Həkim hesab edir ki, bu sahədə nöqsanların aradan qaldırılması üçün möhkəm iradəyə ehtiyac var. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo