AZƏRTAC
Hərbi qulluqçu 2 ildir sığorta pulunu ala bilmir
Neftçala rayon sakini Alı Cəfərov bu barədə “Toplum TV”yə danışıb.
Dediyinə görə, 2018-ci ildə Gəncədə, Göygöldə, Şəmkirdə hərbi xidmətdə olub.
Bu müddətdə sağlamlığında problemlər başlayıb. Onda talasemiya, qan azlığı xəstəliyi aşkarlanıb.
Alı deyir ki, hətta 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı onu yenidən hərbi xidmətə çağırsalar da, xəstəlikləri səbəbindən aparılmayıb.
“Salyanda, “Papanin”də (Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı- red) yoxlamalarda olmuşam. Hətta 2019-cu ilin oktyabrında Bakıda Nevroloji xəstəxanada ilik köçürülüb. İndi çox hərəkət edə bilmirəm, edəndə belimdən ağrı tutur”.
Hazırda işsiz olan Alı deyir ki, xidmət zamanı sağlamlığında yaranan problemlərə görə, ona birdəfəlik sığorta ödənməli olsa da, iki illik müddətdə o haqqı olanı pulu ala bilməyib:
Qanunvericiliyə görə, hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığorta olunur. https://e-qanun.az/framework/3896
Bundan başqa aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sığorta ödənişinin həyata keçirilməsini təmin edən qurumlardır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Toplum TV”nin sorğusuna cavab olaraq Alı Cəfərovun toplanmış sənədləri ilə birlikdə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunur.
Alı isə 2 illik müddətdə sənədlərini çoxdan topladığını, ancaq ona geri dönüş edilmədiyini deyir:
“Vayonkomata (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti-red) gedəndə deyirlər get, nə vaxt olsa cavabın gələcək. Hərbi Qospitalda isə dedilər ki, hərbi hissədən sənədlərin gəldikdən sonra sığorta pulunu ala bilərsən”.
“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlunun sözlərinə görə, əvvəlcə Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərən həkim komissiyası sözügedən şəxsin hərbi xidmət zamanı xəstələnməsi haqqında xəstəlik şəhadətnaməsi verməlidir.
“Şəhadətnamədə hərbi qulluqçunun xəstələnməsi, sağlamlıq vəziyyəti haqqında məlumatlar əksini tapır, sonda isə orduya yararlı və yaxud da yararsız olması qeyd olunur. Həmin sənəd şəxsin yaşadığı rayon üzrə sığorta idarəsinə təqdim etdikdən sonra sığorta pulu alınır”.
Onun sözlərinə görə, birinci Qarabağ müharibəsi dövründə yaralanalardan və İkinci Qarabağ Müharibəsi zamanı bir qrup hərbiçidən başqa digər hərbi qulluqçuların sığorta pulunu almasında problem yaşanmır.
Rey Kərimoğlu bildirir ki, Alı Cəfərovun sığorta ödənişi ala bilməməsinin səbəbi Müdafiə Nazirliyindən xəstəlik haqqında şəhadətnamənin verilməməsi ilə bağlıdır.
Müdafiə Nazirliyinə hərbi qulluqçuya hansı səbəbdən şəhadətmə verilmədiyini öyrənmək mümkün olmayıb.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”