Sosial

Həsən bəy Zərdabi: “Nə üçün mən, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə ümidim olmadan zəhmət çəkirəm?”

Aytac Məmmədli
22 İyul, 2021
60

Sputnik

 "Bəlkə sizi düşündürür ki, nə üçün mən, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə ümidim olmadan zəhmət çəkirəm? Onda mən məcburam deyəm ki, mənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı bu fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır".

Həsən bəy Zərdabi M.F.Axundova göndərdiyi məktubda belə yazmışdı…

22 iyul Milli Mətbuat və Jurnalistika Günüdür – 1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllimovun verdiyi fərmana əsasən.

Azərbaycanın milli mətbuat tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlayır. O zman bu qəzetin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.

1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüş, bu mətbu orqanda təbliğ edilən ideyaları Rusiya hakim dairələrini narahat etdiyi üçün iki il sonra çapı dayanmışdı.

Zərdabi və məsləkdaşları cəhalətə və mövhumata zərbə vurmaq, xalqa ana dilində qəzet oxutdurmaq missiyasını üzərlərinə götürmüşdülər. Onlar “Əkinçi”də insanların ən adi hüquqlardan belə məhrum olduqlarını açıq şəkildə yazırdılar:

"Bizim şəriətimizə görə qulu azad etməyin çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq" (6-cı nömrə, 1877).

"Məlumdur ki, heyvan haraya getsə, gedər, ha tərəfə istəsə, baxar, hər nə istəsə, eləyər, haçan keyfi necə istəsə, mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir" (6-cı nömrə, 1877).

“Əkinçi” qəzeti həm də din və mövhumata, ətalət və geriliyə qarşı mübarizə aparırdı. Qəzetdəki məqalələrin bir qismi dini fanatizmə və mövhumata həsr olunmuşdu.

Açıq mənbələrdən götürülüb

"Əkinçi"ni nəşr etmək Zərdabi üçün heç də asan olmamışdı.

O, həmin ərəfədəki qayğılarından söz açaraq yazırdı: "Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır".

Zərdabinin həyat yoldaşı Hənifə xanım xatirələrində yazır ki, bir dəfə Fransa qəzetlərindən birinin baş müxbiri Rusiyada, xüsusilə Azərbaycanda qəzet işininnecə qurulduğunu öyrənmək üçün Bakıya gəlib. O, bütün Rusiyada Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanaraq Həsən bəylə görüşüb. Qəzetin üç il müddətində ancaq 300 abunəçisi olduğunu bilincə, təəccüblənib və Həsən bəyə deyib: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam tapılmaz. Sizin enerjinizə heyran qalmışam. Görünür, siz öz xalqınızı çox sevirsiniz".

Dövrün mütəfəkkirlərindən Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani də “Əkinçi”də yazılarla çıxış edirdilər.

1877-ci ildə Həsən bəy qəzetin sonuncu nömrəsini dərc edir.

Onun birinci səhifəsində belə bir elan vardı:

"Biz xəstə olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil...".

"Əkinçi" Bakıda çap olunsa da, ümumrusiya müsəlmanlarının qəzetinə çevrilmişdi; onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə də oxuyurdular.

Azərbaycan mətbuatının bu ilk qaranquşundan sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.

XIX əsrin sonlarında "Ziya", "Kəşkül" ,"Kaspi" qəzetləri, XX əsrin əvvəlində isə "Şərqi-rus" "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli ideyalı qəzetlər meydana çıxmışdı.

Bu gün - milli mətbuat tarixinin 146-cı il dönümündə Azərbaycan "Mətbuat azadlığı" indeksinə görə dünya ölkələri arasında 167-ci yerdədir…

Sosial

İki dəfə vaksin vurduranların sayı 2 milyonu keçdi

29 İyul 2021

BBC

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 247 vaksin vurulub. Bu barədə iyulun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.
Sosial

Son sutkada yoluxanların sayı

29 İyul 2021

Sosial Media

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.
Seçilmiş Videolar