Sosial
Hüquqşünas: "Koronavirusa yoluxan şəxs tək yaşayırsa, xəstəxanaya yerləşdirilməlidir"
23 Noyabr, 2020
Baxış: 207
"Koronavirus testi pozitiv çıxan Gəncə şəhər sakini Aybəniz Abdullayeva  karantin qaydalarını pozaraq Tovuza getdiyi üçün barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsində cinayət işi başladılıb. Yerdə qalan iki vətəndaş barəsində hələlik aidiyyatı üzrə Nizami və Kəpəz rayon polis idarələrinin tədqiqat bölmələrində araşdırma aparılır".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov "Toplum TV"yə belə deyib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə isə noyabrın 23-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan 3 nəfər şəhər sakini Aybəniz Abdullayeva, Ramil Məmmədov, Mehman Nəcəfovun karantin qaydalarını pozması halı aşkarlanıb. 

Eşqin Qasımovun sözlərinə görə, ambulator müayinə olunmalı xəstələr müəyyən müddət evdə qalmalı, təcrid olunmalıdırlar: "Ancaq əfsuslar olsun ki, vətəndaşlar buna laqeyd yanaşır. Buna görə də risk daha da böyüyür. Polis əməkdaşları da bu barədə mübarizə tədbirlərində iştirak edir".

O bildirib ki, polislər xüsusi geyim vasitəsilə səhiyyə işçiləri ilə birlikdə virusa yoluxmuş şəxslərin yerini müəyyənləşdirir. Bundan sonra  tibbi proseduralar gözlənilmək şərtilə səhiyyə nümayəndəsinin qərarı əsasında xəstələr ya yenidən ambulator müayinə üçün evə göndərilir, ya da xəstəxanaya yönləndirilir. 

Eşqin Qasımov deyib ki,  Ramil Məmmədov və Mehman Nəcəfov barəsində araşdırmanın nəticəsi olaraq ya cinayət işi qaldırılacaq, ya da inzibati xətalara uyğun tədbirlər görüləcək.

"Buna araşdırmanın sonunda məhkəmə qərar verəcək"

Onun sözlərinə görə, hazırda vətəndaşlar tibbi prosedurlar gözlənilməklə evə aparılıb. Onlarla bir daha profilaktik söhbətlər olunub və  tapşırılıb ki, qanun pozuntusuna yol verməsinlər. 

Yekun qərarı məhkəmənin verəcəyini deyən Eşqin Qasımov bildirib ki, cinayətlə bağlı cərimə tətbiq edilə və ya inzibati həbs tədbiri görülə bilər. 

"Cərimənin miqdarını məhkəmə müəyyənləşdirəcək", - Eşqin Qasımov vurğulayıb. 

Gəncə Şəhər Səhiyyə İdarəsinin sözçüsü bildirib ki,  xəstələri müalicə edən həkimlər tez-tez onlarla əlaqə saxlayır, xəstələri  məlumatlandırırlar. 

O həmçinin evində tək yaşayan və köməksiz koronavirus xəstələrilə bağlı heç bir tədbir görülmədiyini deyib. 

Hüquqşünas Vamiq Şükürovun sözlərinə görə, Cinayət Məcəlləsində şəxsin koronavirus xəstəliyinə yoluxması təsdiq olunub və ona evdə müalicə yazılıbsa, həmin şəxs evi tərk edə bilməz, əks-təqdirdə digər şəxsləri bilə-bilə koronavirusa yoluxdurma təhlükəsi yaradırlar. 


Koronavirusa yoluxmuş şəxslərin evi tərk etməsi qadağan olunubsa,  köməksiz və tək yaşayan insanların qida, dərman və digər zəruri ehtiyacları necə təmin olunur?  

Vamiq  Şükürov bildirib ki, koronavirus xəstələrinə ilk növbədə ailə üzvləri yardım etməlidir: "Ailə üzvləri yoxdursa, şəxs təkbaşına yaşayırsa, TƏBİB-ə, yəni dövlət xəstəxanalarını idarə edən quruma, Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Əgər şəxsin yaşı çoxdursa, ahıldırsa, onlarla Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyi maraqlanmalı, həmin şəxslərə sosial yardım verilməlidir". 

Onun sözlərinə görə, əgər şəxsə qulluq etmək mümkün deyilsə, xəstəxanaya yerləşdirilməli və xəstəxana şəraitində müalicə olunmalıdır.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə Toplum Tv"nin sualını cavablandırmayıb. O, məşğul olduğunu bildirərək açıqlama verməyib. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsinə əsasən xəstəliyi olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə  yoluxdurması üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Azərbaycanda indiyədək ümumilikdə 89 898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib.

Son rəsmi məlumata görə, aktiv xəstə sayı 26548 nəfərdir. 

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

Aytac Məmmədova
Sosial

Müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması barədə sərəncam verildi

25 Yanvar 2021
Prezident İlham Əliyev yanvarın 25-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılıb: - 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
Sosial


Neft quyusunun üstündə yaşadıqları üçün qazsız qalanlar

25 Yanvar 2021

Report.az

Bakının Balaxanı qəsəbəsindəki Sabit Rəhman küçəsinin sakinləri evlərinə qaz xəttinin çəkilməməsindən şikayətçidirlər.  Şikayətçilərdən biri İlqar Hüseynov “Toplum TV”- yə deyir ki, 300 metr aralıdakı küçədə yaşayanların evlərinə təbii qaz verilir, amma onlara yox. O, bir sıra dövlət qurumlarına müraciət etdiklərini, amma pronlemin həll olunmadığını söyləyir: “Bu küçə 15 ildir məskunlaşıb. İşıq və su var, amma təbii qaz yoxdur. Dəfələrlə bələdiyyəyə,  icra hakimiyyətinə, icra nümayəndəsinə müraciət etmişik. Milli Məclisə məktub yazmışıq. Cavab olaraq bildirdilər ki, pul yığın, öz hesabınıza çəkdirin”. Şikayətçinin iddiasına görə, təbii qazın çəkilişi üçün onlardan 10 min manat istənilib: “İndiki zamanda kimdə o qədər pul var? Hər ailədə...
Seçilmiş Videolar