Sosial

"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"

29 İyun, 2020
524
İmişli sakini Təzəgül Nağıyevanın iki oğul və üç qız övladı var, onların da ikisi xəstədir. Yaşadıqları ev də qəzalı vəziyyədədir.

"Qızımın gözü o qədər görmür ki, boş küçədə yanımdan keçib gedir”

Təzəgül Nağıyeva həyat yoldaşını 90-cı illərin əvvəllərində itirib. Bu illər ərzində övladlarını tək, özünün dediyi kimi, kasıblıqla, çətinliklərlə böyüdüb. İndi uşaqlarından böyüyünün 35, kiçiyinin 27 yaşı var. Həm qızı Bahar, həm də oğlu Tərlan gözündəki problemdən əziyyət çəkir. Bahar Cavadova bir müddət əvvəl sosial mediada insanlara yardım üçün müraciət edib, əməliyyata lazım olan 7-8 min manatın toplanmasına kömək istəyib.

"Bahar ortancıl uşağımdı. Anadangəlmə belədi. Gözlərinin 16-17 faiz görmə qabiliyyəti var. Eynək də taxır, amma yenə görmür. Bakıda əməliyyat elətdirməliyik, amma imkan yoxdu buna. Ona görə uşaq internetdə pul yığmağa çalışır. Adicə eynəyi 200 manata satılır. Bazardan gələndə deyirəm ki, qarşıma çıx. Gözü o qədər görmür ki, boş küçədə yanımdan keçib gedir. İnanın, elə sarsılıram…”, - ana danışır.

"Daşqında evimiz böyük zərər görmüşdü, təmir eləmədilər”

Təzəgül xanım yaşadıqları evin qayınatasından qaldığını deyir. Qadın buranın azı 100 yaşı olduğunu bildirir. Evin çox köhnə olduğunu bir baxışla müəyyənləşdirmək mümkündür.

"2010-cu ildə daşqın zamanı bizim evi də su basmışdı. Fövqəladə Hallar Nazirliyindən gəldilər, baxdılar, ölçüb-biçdilər. Yazdılar ki, təmirə ehtiyacı var. Amma təmir eləyən olmadı. Gətirib 1000 manat verdilər. O pulla evi təmir eləmək mümkün deyildi. 
Sonradan eşitdim ki, bəzi adamlardan pul alıb onlar üçün ev tikiblər. Mənim imkanım çatmadığımdan, ev tikməyi təklif eləyən də olmadı. Kimin pulu vardısa, o adamlara ev tikib getdilər. Halbuki, bizim ev çox böyük zərər görmüşdü. Evdən suyu motorla çəkib çıxarmışdıq. Uçurdu, birtəhər saxlaya bildik”, - qadın 10 il əvvəlki hadisələri yaxşı xatırlayır.

 
 "Evin çox köhnə olduğunu bir baxışla müəyyənləşdirmək mümkündür"
Mənbə: Meydan TV

"Evlənsə, ailəsini necə saxlayacaq?”

Ana övladlarının indiyə qədər ailə həyatı qurmamasını da özünə dərd edir. Amma deyir, ailə o qədər çıxılmaz vəziyyətdədir ki, indi bu haqda düşünmək də olmur: "Daha çox kasıblığa görə evlənməyiblər. Böyük oğlum iş tapmaq üçün çox çalışır. İş yox, oturub evdə. Necə evlənsin?! Kompüteri bilir, amma heç bir yerdə iş tapa bilmir. Neçə dəfə gedib 5-10 manata fəhlə işləyib. Evlənsə, ailəsini necə saxlayacaq?”

Təzəgül Nağıyeva daha kömək üçün heç bir yerə müraciət etmədiklərini deyir. Hərçənd, İmişli Rayon İcra Hakimiyyətinə üz tutduqları vaxtlar olub: "Ağzımızın üstündən vurub qaytarırdılar. Sonra icra başçısının kabinetindən çuvalla pul çıxdı. Onda biz evdə acından ölürdük. İmişli camaatının vəziyyəti çox ağırdı. Seçki vaxtı qapı-qapı düşüb deyirlər ki, filankəsə səs verin. Guya indi bilmirlər ki, biz nə vəziyyətdə yaşayırıq?! Sosial yardım verilən yerdə işləyənlərin hamısının bizim ailənin necə kasıb olmasından yaxşı xəbəri var. Mütləq gedib yalvarmalıyam onlara?”

"Ayın 15-ni səbirsizliklə gözləyirəm ki, pensiya verəcəklər, bir kilo ət alacam”

Təzəgül Nağıyeva 200 manat pensiya alır. Qızı Bahara isə üçüncü qrup əlil olduğuna görə 110 manat müavinət verilir. Ailə 310 manatla bir ay dolanmağa çalışır.

"Bu boyda ailə gözünü o pula dikib. Hər ayın 15-ni səbirsizliklə gözləyirəm ki, pensiya verəcəklər, evə bir kilo ət alacam. Qalan pulla dükana borcu bağlaya bilsəm, xahiş eləyirəm ki, yenə bir kisə un versinlər borca. Bütün həyatımız borcla keçir. Uşaqlarımı da belə böyütmüşəm”, - hər ifadə ailənin ağır vəziyyətindən xəbər verir.

Təzəgül xanımın çox şeyə ümidi qalmayıb. Ayın 15-nə də hələ çox var...
 
"1000 manatla evi təmir eləmək mümkün deyildi".
Mənbə: Foto: Meydan TV
 

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar