İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Sosial media
“Polis kapitanı dedi ki, bu dəqiqə paqonumuzu cırıb sənin başına oyun açacağıq, sonra da məni bölmənin otağına salıb döyməyə başladılar” - Bakı sakini Nizami Orucov “Toplum TV”-yə belə deyib.
O iddia edir ki, yanvarın 20-də işə gedərkən Suraxanı rayonunun Əmircan qəsəbəsində polislər onu maskasını düzgün taxmadığına görə saxlayıblar, sonra 31-ci polis bölməsinə apararaq döyüb şərləyiblər.
“Burnumda çəpər əyriliyi var, ona görə də rahat nəfəs almaq üçün insanların sıx olmadığı yerdə bir dəqiqədən də az müddətdə maskanı burnumdan aşağı salmışdım. Bunu görən polis əməkdaşı yaxınlaşıb özünü təqdim edərək maskadan düzgün istifadə etmədiyimi bildirdi və məni öz rəislərinə yönəltdi. Rəis də mənə maskadan düzgün istifadə etmədiyimi bildirdi. Mən də cavab verdim ki, burnumda problem olduğu üçün qısa müddətə maskanı aşağı salmışam. O, dediklərimə məhəl qoymayıb cərimə olunacağımı söylədi. Bundan sonra şəxsiyyət vəsiqəmi tələb etdi və mən də onlara adımı, soyadımı, atamın adını bildirib işə tələsdiyimi dedim. Onlar adımın portalda olmadığını, yalan danışdığımı bildirərək mənə maşına əyləşməyi təklif etdilər. Haqlı olduğum üçün bunu etmək istəmədim”.
Nizami Orucov deyir ki, bundan sonra atasını hadisə yerinə çağırıb, polislər onu təhqir edərək özünü döyə-döyə maşına mindiriblər.
“Atam məni polislərin əlindən almaq istəyəndə Orxan və Kamil adlı polis əməkdaşları onu təhqir etdilər, kəmərindən tutub qırağa atdılar”.
N.Orucovun iddiasına görə, bölmədə 5 polis əməkdaşı tərəfindən döyülüb və təhqir edilib, sonra polislər hədə-qorxu gələrək ona zorla izahat yazdırıblar: “Mən onlara atamın Qarabağ qazisi, II qrup əlil olduğunu deyəndə polis kapitanı Orxan ən ağır söyüşlə atamı təhqir etdi. Daha sonra məni şərləyərək guya onlara əl-qol atmağım, təhqir etməyim barədə uydurma protokol tərtib etdilər”.
Bundan sonra Nizami Orucov səhərə qədər bölmədə saxlanıldığını, sonra məhkəməyə aparıldığını və "İzahatda yazılanları təkrarlamasan, sənin üçün daha pis olacaq" deyən polislər tərəfindən təhdid edildiyini bildirir.
“Mən də onların dediyini edib məhkəmədə təqsirli olduğumu dedim. Amma döyülməyim haqqında ekspert rəyi tələb etdim. Məhəl qoymayıb güldülər, lağ-lağı etdilər. Arıq, hündür, mayor rütbəli polis əməkdaşı hakimdən mənə ən ağır cəza verilməsini istədi. O da polisə tabe olmamağa görə 10 sutkalıq inzibati həbs və maskaya görə 100 manat cərimə cəzası verdi”.
Suraxanı rayon 31 saylı polis bölməsinin özünü təqdim etməyən əməkdaşı “Toplum TV”-yə açıqlamasında Nizami Orucovun iddiasıyla bağlı bunları deyib: “Əgər yerində protokol yazılmadan bölməyə aparılıbsa, yəqin polisə tabe olmayıb. Bizim məlumat verməyə icazəmiz yoxdur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə Zəng edin, deyin, bizə icazə versinlər, biz də məlumat verək”.
FOTO: APA
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevsə vətəndaşın dediklərini təkzib edib: “Yaxşı da, asmayıblar ki, bölmədə? Bunlar hamısı iddialardır. Bütün hallarda pandemiya şəraitində sanitar-epidemioloji normaları pozan şəxslər polis şöbələrinə dəvət edilə bilər. Yəni İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 3-cü hissəsinə görə, pandemiya qaydalarının pozulmasıyla bağlı araşdırma tələb olunan hallarda şəxs bölməyə aparıla və müvafiq araşdırma aparıldıqdan sonra barəsində protokol tərtib olunaraq sərbəst buraxıla bilər. Burda hüquqa zidd heç bir hal yoxdur. Vətəndaşın polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını qətiyyətlə təkzib edirəm, belə hal baş verə bilməz. Təqsiri varsa, polis əməkdaşları vətəndaşları məsuliyyətə cəlb edə bilər. Onlar heç bir vətəndaşa qarşı qanundan kənar addım ata bilməzlər. Əgər vətəndaşın əlində polisin onu döyməsi ilə bağlı hansısa fakt, dəlil varsa, həmin vətəndaşdan xahiş edirəm, onları Daxili İşlər Nazirliyinə təqdim etsin. Əgər təsdiqini taparsa, həmin əməkdaşlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görüləcək”.
Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, hadisə vətəndaşın dediyi kimi baş veribsə, polislərin onu bölməyə aparmasına ehtiyac olmayıb.
FOTO: Meydan tv
“Yerində protokol tərtib edilməli idi, həmin şəxs daha sonra protokolu məhkəmədə mübahisələndirə bilərdi. Əlavə olaraq polisin bölmədə vətəndaşla konfrantasiyaya girməsi həm qanunsuzdur, həm də etik davranış qaydalarına ziddir. Buna görə polis intizam məsuliyyəti daşımalıdır. Ona töhmət verilə və ya işdən çıxarıla bilər. Yaxud da onun barəsində cinayət işi açıla bilər”.
Hüquqşünas həmçinin xatırladıb ki, açıq havada maska taxmaq tələbi Nazirlər Kabinetinin 2020-ci ilin noyabr ayında qəbul etdiyi qərarla tənzimlərnir: “Təəssüf ki, həmin qərarda insanların səhhətinə və başqa səbəblərə görə istisnalar nəzərdə tutulmayıb. Ona görə də qərara dəyişikliklər edilməlidir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə