Sosial

İnternat məzunlarının üzləşdiyi problemlər - “Hələ də işə və mənzilə ehtiyacı olan gənclər var”

Vüsalə Mikayıl
26 Yanvar, 2022
248

Açıq mənbələrdən götürülüb

Aysel Məhəmmədova (ad şərtidir) həbsxanada doğulub. Anası ondan imtina etdiyi üçün  3 yaşında internata verildiyini deyir. İndi o 23 yaşındadır. Nə mənzili, nə də işi var. Özünü dolandırmaq üçün bir peşəyə də sahib deyil.

Uşaq evindən çıxandan ofisiantlıq, kuryerlik etdiyini söyləyir: “Bir müddət camaşırxanada işlədim. İndi isə işsizəm. Həm də qalmağa yerim yoxdur. Bir müddət əvvəl bir sığınacaqda məskunlaşmışdım. Ordan da çıxmalı oldum. İndi bir neçə qızla kirayə evdə qalıram”.

Ayselin sözlərinə görə, işləmir deyə kirayə pulunu verə bilmir və yaxın günlərdə kirayə qaldığı evi də tərk edəcək.

Azərbaycanda 13 internat məktəbi, 24 internat tipli təhsil müəssisəsi fəaliyyət göstərir. Təkcə 2020-2021-ci tədris ilində 1954 nəfər bu tədris müəssisələrindən məzun olub. Onlardan yalnız 202 nəfəri ali məktəbə daxil ola bilib.

İnternat məzunlarının cəmiyyətdə üzləşdikləri əsas problemlər təhsil, iş, mənzil və cəmiyyətə inteqrasiya ilə bağlıdır.

Sosioloq: “Onların təxminən 20%-i uğur qazanır, digərləri isə cinayətə meyllənirlər”

Sosioloq Rəşad Əsgərov inteqrasiya problemindən danışarkən deyir ki, onlar internatda daim himayə altında yaşadıqlarından cəmiyyətin də eyni mövqe göstərəcəyinə ümid edirlər.

“Həmin uşaqlar internat dövründə müəllim və tərbiyəçilərin nəzarətində olduqlarından kənarmeylli davranışları olmur. Amma sərbəst cəmiyyətə atıldıqdan sonra belə meyllər artır. Bu da onların nəzarətsiz qalmalarından, cəmiyyətdə müəyyən təsirlərə məruz qalmalarından, özlərini birdən-birə azad hiss etmələrindən irəli gəlir. Onlar fikirləşirlər ki, artıq istədiklərini həyata keçirmək iqtidarındadırlar”.

Rəşad Əsgərov - Açıq mənbələrdən götürülüb

Ekspert nəticədə internat məzunlarının cəmiyyətə inteqrasiyasında bəzi problemlər yarandığını vurğulayır. Rəşad Əsgərovun sözlərinə görə, onların təxminən 20%-i həyatda uğur qazanırlar, digərləri isə cinayətə meyllənirlər.

“Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova həmin uşaqların cəmiyyətə inteqrasiyasının internatdan başlanmalı olduğunu düşünür.

“Onlara mənəvi dəyərləri aşılamaq lazımdır, təhsil, peşə  verilməlidir. Mən bunu öz təcrübəmdən deyirəm. O uşaqlar ki, bizim verdiyimiz imkanlardan yararlandı, onlar cəmiyyətdə yer tuta bildilər. Hətta eləsi var, evi yoxdur, amma xoşbəxtdir, işləyib özü qazana bilir”.

Sığınacaq rəhbəri cəmiyyətdə internat uşaqları ilə bağlı formalaşmış stereotiplərə də toxunur.

“Eşidəndə ki, kimsə internatda böyüyüb qəribə yanaşmalar olur. Bəzilərinin yazığı gəlir, mən bunu da qəbul etmirəm. Bu artıq şəxsiyyətdir, niyə yazığı gəlsin ki? Digər tərəfdən belə uşaqlardan ehtiyatlananlar var, düşünürlər ki, internat məzunudursa, təhlükəlidir, misal üçün, onu gözətçi kimi işə götürmək olmaz. Tərəddüd edirlər, qorxurlar, ehtiyat edirlər. Bunlar da maneələrdən biridir. Həmin gəncləri cəmiyyətə qazandırmaq üçün cani-dildən məşğul olmaq lazımdır”.

Problemdən çıxış yolu kimi Rəşad Əsgərov dövlətin internat məzunlarını həssas qrup kimi qeydiyyata almasını, onların yaşayış və iş yerlərlərini nəzarətə götürməsini təklif edir. Eyni zamanda sosioloq dövlətin onların maddi-məişət şəraitini yaxşılaşdırmasını, ailə qurduqları zaman müəyyən güzəştlər verilməsini də istəyir.

“Amma bu o demək deyil ki, dövlət onları ömürlərinin sonuna qədər himayə etməlidir”, - sosioloq əlavə edir.

Mənzil və iş problemi

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov 2015-ci ildən internat məzunlarının yaşayış şəraitinin yaxşılaşdırılması proqramının həyata keçirildiyini deyir. 

“Bu günə kimi Masazır qəsəbəsində 3 bina, 125 mənzildən ibarət və hazırda Sumqayıtda salınan şəhərcikdə də evlə təmin olunmalar davam etdirilir”.

Araz Əhmədov - Açıq mənbələrdən götürülüb

O, iş məsələsində isə başçılıq etdiyi qurumun SOCAR-la layihə gerçəkləşdirdiyini, 124 internat məzununun dövlət şirkətinin nəzdindəki müəssisələrdə çalışdıqlarını deyir.

Araz Əhmədov həmçinin Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq etdiklərini və məzunların 3 aylıq kurslarda aşpazlıq, saç ustası və s. kimi peşələrə yiyələndiklərini bildirir. O, kurs iştirakçılarının yol və digər xərcləri qarşılamaq üçün 250 manat aldıqlarını, sonda işlə təmin olunduqlarını qeyd edir.

“Amma bu yetərli deyil, hər il internatdan məzun olanlar var. Onların hər birinin işə və mənzilə ehtiyacı  var”.

Dövlətin öhdəlikləri

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planında valideyn himayəsindən məhrum olmuş uşaqların mənzillə təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov “Toplum TV”-yə dövlətin və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışır.

Murad Həşimov - Açıq mənbələrdən götürülüb

“Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə istifadəyə verilən, bir neçə çoxmənzilli yaşayaış binasını əhatə edən “Məzun evi” sosial xidmət müəssisəsi dövlət uşaq müəssisələri məzunlarının təminatında mühüm rola malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən həmin müəssisədəki yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir”.

Agentlik rəsmisinin məlumatına görə, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan 200-dən çox şəxs də Abşeron rayonundakı yaşayış kompleksində mənzillə təmin edilib, proses qarşıdakı dövrdə də davam etdiriləcək.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo