Sosial
İtkin düşmüş döyüşçünün bacısı: “Yuxuma girir, deyir, kim sənə desə ki, şəhid olmuşam, inanma, mən sağam...”
14 Yanvar, 2021
Baxış: 2573
FOTO: Toplum.tv

"5 aydır ki, qardaşımdan xəbər yoxdur, anam dərddən yatağa düşüb…”

Bunu "Toplum TV”-yə sentyabrın 28-dən etibarən qardaşın Təbriz İbrahimovdan xəbər ala bilməyən Salyan rayon sakini Aidə İbrahimova deyib. 

T.İbrahimov Daşkəsən rayonundakı N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşına qatılan Təbriz bir gün sonra Murovdağda gedən döyüşlər zamanı Ağdağ postu yaxınlığında yaralanıb və xalası oğluna zəng edərək bunu ona da deyib. 

O, Təbrizin son sözlərini belə xatırlayır: "Yuxarıda üstündə erməni postu var, mina partlayanda dərədən aşağı yıxılmışam. Tək deyiləm, yanımda şəhid olanlar, yaralananlar var. Ermənilər yaxındadırlar, səslərini eşidirik...”

Bundan sonra Təbrizlə əlaqə kəsilib, ona edilən zənglərin heç birinə cavab verməyib. 

FOTO: Toplum.tv
 
Aidə İbrahimova rəsmi qurumlara da müraciət etdiklərini deyir. "Müdafiə Nazirliyinə, Qırmızı Xaç Komitəsinə də müraciət etmişik. Komitədən Elnur müəllim dedi ki, Təbrizin adı əsirlər siyahısında yoxdur, ermənilər əsirləri gizlətdiyi üçün dəqiq siyahı bilmirik ”. 

A.İbrahimova atasının 1 il əvvəl vəfat etdiyini, anasınınsa Təbriz itkin düşəndən bəri yatağa düşdüyünü söyləyir. 

Salyan Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Rəşad Cəbrayılov "Toplum TV”-yə ailə ilə tez-tez görüşdüklərini bildirib: "Biz də Müdafiə Nazirliyinə, Hərbi Səfərbərliyə müraciət etmişik. Ümid edirik ki, problem tezliklə həll olunacaq”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla üzrə Dövlət Komissiyasının qaynar xəttiylə əlaqə saxlamaq mümkün olmayıb – zənglərə verilən cavab "Yığdığınız nömrə mövcud deyil” olub. Komissiyanın işçi qrupunun sədr müavini Eldar Səmədov da suallarımızı cavablandırmaq istəməyib və qurumun elektron ünvanına sorğu göndərməyi tövsiyə edib. "Toplum TV”-nin komissiyanın elektron poçtuna göndərdiyi sorğuya isə 2 gün ərzində cavab verilməyib. 

Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Toplum TV”-yə açıqlamasında bildirib ki, itkin düşmüş şəxsin ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edə bilərlər: "Burda şəxsi məlumatlardan söhbət getdiyi üçün Təbriz İbrahimovun bizim qurumda qeydiyyatda olub-olmadığını sizə deyə bilmərəm”. 

Ancaq komitənin Qohumlararası əlaqələrin bərpa olunması şöbəsinin əməkdaşı İbrahimov Təbriz İsmayıl oğlu haqqında axtarış işi açıldığını, bu haqda ətraflı məlumatın onun ailə üzvlərinə veriləcəyini deyib.

Aidə İbrahimova qardaşının sağ olduğuna inanır. Deyir ki, qardaşı hər gecə yuxusuna girir: "Deyir, kim sənə desə ki, şəhid olmuşam, inanma, mən sağam...” 

Təbrizin anası isə xəstə yatağında oğlunun yolunu gözləyir. Aidə onun danışmağa taqətinin qalmadığını, Təbrizsiz günlərini saydığını deyir. 

Bu gün ananın oğlundan xəbərsiz olduğu 107-ci gündür...

Aytac Məmmədli
Sosial

20 Yanvar faciəsindən 31 il ötür-FOTOREPORTAJ

Fərqanə Novruzova
20 Yanvar, 2021
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib. Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.  SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub. Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin...
Sosial

Koronavirus statistikası: Azərbaycan

20 Yanvar, 2021
Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına görə, son sutkada 12 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.
Seçilmiş Videolar
Menu