Sosial

Jan-Lük  Qodar: O olmasaydı indiki kino olmazdı

14 Sentyabr, 2022
129

Açıq mənbələrdən götürülüb

Fransa kinorejissoru Jan-Lük  Qodar sentyabrın 13-də 91 yaşında vəfat etdi. O, Fransa “yeni dalğa”sının banilərindən biri idi, Jan-Pol Belmandonun iştirak etdiyi “Son nəfəsdə” filmi bu istiqamətin manifesti hesab olunur. Onun daha çox məşhur olan filmləri arasında “Balaca əsgər”, “Nifrət”, “Alfavil”, “Dəli Pyero” var. Kinotənqidçisi Anton Dolin inqilabçı-rejissor Qodarın yaradıcılıq yolu barədə, onsuz bugünkü kinonun başqa cür olacağı haqqında danışır.

Toplum TV “Meduzo.io”da rusca yayımlanmış məqaləni azərbaycan dilində təqdim edir:

Bu ölüm dünya kinosunun digər titanlarının ölümü ilə deyil, Mixail Qorbaçovun və kraliça Yelizavetanın gedişi ilə bir sıradadır. Qodar “epoxa-insan” deyildi, o, bir neçə epoxanın müəyyənləşdirən və yaradan idi. Həm də kino sənətinə çoxillik sədaqətinə baxmayaraq, mədəniyyətin digər sahələri, təfəkkür və ictimai həyat üçün də az önəmli deyildi.

Burada sözlər yetməyəcək. Qodar həyatda olarkən sonuncu bioqrafiyaları min səhifənin ətrafında idi, bəs indi, ölümündən sonra necə olacaq? Dəqiq təriflər tapmaq mümkün deyil. Onların heç birinin hərtərəfli olmayacağı dəqiqdir.

https://toplum.tv/dunya/brejnevin-opusunu-tarixe-ceviren-ressam

“İnqilabçı” demək olar. Fransa 1968-ci ilinin canlı simvolu, Kann festivalını yarımçıq saxladı (yeri gəlmişkən, Berlinale və Venesiyadan fərqli olaraq Kanda heç vaxt qalib gəlməyib) – gənclik köhnə quruluş əleyhinə üsyana qalxan zaman kinoya baxmaq və bir-birinə mükafatlar paylamaq yaraşmazdı. “İnqilabın özü olan rejissor” ifadəsi daha dəqiq olar: 1968-ci il Qodarın filmlərindən doğdu, əksinə deyil.

“Müəllif” demək olar. Amma o, təkcə özünün məxsusi və təkrarolunmaz tərzini yaradan parlaq kinematoqrafçı deyildi. Qodar əvvəlcə teoretik, sonra da praktik kimi incəsənətdə özünüifadənin həvarisi, hətta Məsihi oldu. O,  unudulmuş sələflərini heçlikdən geri qaytardı və kanonlaşdırdı, həm də bütün dünyadan olan müasirlərinin mövcudluğunu leqallaşdırdı. “Müəllif kinosunun yaradıcısı” daha doğru ifadədir.

“Lider” demək olar. Dürüstlük naminə bütün qaydaları – hətta özününküləri – rədd edən Sinematikanın cəsur övladları, “Yeni dalğa” hərəkatında bərabərlər arasında birinci Qodar deyildisə, bəs kim idi? Amma inqilabdan sonrakı illərdə əvvəlcə məşhur addan imtina etmək, sonra da qıcıqlandırıcı, qeyri-populyar, amma yenə də novator filmləri ilə - sonuncusu 2018-ci ildə çıxıb - tənha qalmaq üçün öz ətrafından uzaqlaşmağa da cəsarəti çatdı.  “Unikum” ifadəsi daha dəqiq olar.

“Xuliqan”, “nonkomformist”, “pank” demək olar. Amma 1960-cı illərin qeyri-formalları və 1970-ci illərin pankları ondan öyrəniblər, əksinə deyil. Hansı “Sex Pistols” Qodarın bombaçı “dəli Pyero”su ilə müqayisə oluna bilər.

Qodar bütün sözlərdən böyükdür, amma əsl fransız kimi Qodar sözlərdən ibarətdir. Onun qəhrəmanları susmurdular, kadrarxası nitq dayanmadan axır, tamaşaçılar daha tez-tez çaşıb qalırlar – bu aforizmdir, müdriklik, yoxsa bon mot? Qodarda sözlər və ifadələr çox vaxt mənalarını itirirdilər və dizayn elementinə çevrilirdilər, onun sevimli rus avanqardçılarında olduğu kimi. Onun sonuncudan əvvəlki filmi “Əlvida, nitq” adlanır, sonuncusu – “Obrazlar kitabı”. Qodar postmodernist filosofları da ötüb keçib.

O, kinematoqrafı xırda elementlərə bölməyi, bütün sümüklərini saymağı bacarırdı. Bütün dekonstruksiyalar arasında onunku ən amansızı və ən fərasətlisi idi. Amma əhvalatı elə danışa da bilərdi ki, ürək ağrıyardı. Mişel Puakkarın Paris küçəsindəki son addımları yaddaşa həmişəlik həkk olurdu. Film yaratmaq üçün ona lazım olan yalnız “qız və tapança” idi.

Qodar təkcə “Alfavil” deyil, çağdaş kinematoqrafın əlifbasını yazdı. Heç bir şübhə yoxdur ki, o, kino tarixinin ən böyük rejissorlarından biridir. Əgər onun müasirlərindən danışsaq, Fellini, Berqman, Kurosava, Tarkovski, Bunyuellə yanaşı durur. Amma onların hər biri öz iqliminə, cazibəsinə, əhalisinə malik bütöv planetlərdir, təkcə Qodar bütöv qalaktikadır. Axı o, bir neçə həyat yaşayıb.

1960-cı illərdə, birincisini və ən məşhurunu: “Son nəfəsdə”dən tutmuş “Uik-end”ə qədər 15-dən çox tammetrajlı filmlər tarixə yazılıblar, onların hər biri ayrıca monoqrafiyanı, tarixi-mədəni kontekst daxilində və kənarında xüsusi tədqiqatı haqq edir.

1970-ci illərdə, ikincisini və daha radikalı: terrorçu müəllifin, döyüşçü rejissorun (döyüş filmləri rejissoru ilə səhv salmamalı) etirazçı həyatı.

1980-ci illərdə, üçüncüsünü, festivallarda formal leqallaşdırma və “İkinci dalğa”nın acı yumoru ilə: “Ehtiras”, “Ad: Karmen”, “Detektiv”. Burada hər ad tamaşaçı və özün üzərində istehzadır. 

1990-cı illərdə, dördüncüsünü, avtoreflektiv “Yeni dalğa”, “JLG, dekabrda avtoportret”,  monumental “Kino (və) tarixi” ilə.

Nəhayət, həyatlardan sonuncusunu - artıq XXI əsrdə: post-Qodar, öz bioqrafiyasına və yekunlaşan yüzilliyə sözardı yazan, amma özünün təkrarolunmaz  ruhunda, lirik və eniqmatik “Sevgiyə tərif”, “Bizim musiqi”, “Film sosializm” ilə.

https://toplum.tv/dunya/sanksiyalarin-rusiya-kitab-bazarina-tesiri-medeni-muhit-deqredasiyaya-ugrayacaq

Yekunlar o qədər çoxdan vurulub ki, bu həyatın sanki sonsuz olacağı və heç zaman bitməyəcəyi təsəvvürü yaranırdı. O, bütün dirilərdən diri idi, əsəbləşdirmək və heyran etməkdə, qıcıqlandırmaq və çaş-baş qoymaqda,  pərəstiş obyekti olmaqda və bir hərəkətlə bu pərəstişi dağıtmaqda davam edirdi.

Hansısa banallıqla yekunlaşdırmaq istəyirsən, məsələn Qodarın ruhu daim onun filmlərində yaşayacaq (Qodar özü banallığa nifrət edirdi, onunla həyatı boyu mübarizə aparırdı,  hətta dostları ilə münasibətləri korlamaq, reputasiyasını zədələmək bahasına). Amma həmin ruhu tap görüm, necə tapırsan. Azadlığa alışdırmaq mümkün deyil, azadlığa yoluxdurmaq mümkün deyil, ona yalnız malik olmaq mümkündür. Bu, Qodarın istedadlarından biri, amma, yəqin ki, ən əsası idi.

Tərcümə: Yadigar Sadıqlı

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo