Sosial

Kanalizasiya suyu axıdılan göllər, çirkablı sudan duz çıxaran “Azərsun” və məsuliyyətini danan İcra Hakimiyyəti

7 Dekabr, 2020
3564
"Bəlkə də insanlar bilsə ki, süfrələrinə gələn duz hansı şəraitdə emal olunur, seçimlərini dəyişərlər” – ekoaktivist Cavid Qara belə deyir.
 
Onun sözlərinə görə, Masazırdakı duz gölünə kanalzasiya suları axıdılır. Baş verənləri ekoloji terror adlandıran aktivistin fikrincə, bu, ölkənin qida və ərzaq təhlükəsizliyinə zərbədir.

"Vətəndaşlar bilməlidir ki, istifadə etdikləri duz hardan, hansı şəraitdə çıxarılır” 

"Azərsun Holdinq”ə məxsus "Azərduz” zavodu duzu Masazır gölünün suyunu emal etməklə əldə edir.
"Bu duz ölkənin qida təminatında əhəmiyyətli rol oynayır, ancaq hasilat dövlət sifarişi olduğu üçün  ictimaiyyət vəziyyətə təsir edə bilmir” – ekofəal C.Qara belə söyləyir.  

"Problem təkcə duzun keyfiyyətsizliyində deyil”

Təbiətsevərlər hazırda ikiqat narahatdırlar - həm vətəndaşların istifadə etdiyi duzun tərkibinə, həm də göl ekoloji terrora məruz qaldığına görə.
C.Qara bildirir ki, Binəqədi gölündən Masazıra axıdılan su tərkibinə görə şirindir və duz gölünün hidroloji quruluşunu dəyişir: "Bu, gölə qarşı ekoloji terrordu”.

Relikt mənşəli Masazır gölü Xəzər dənizinin qalığı hesab olunur. Bir neçə il əvvələ qədər insanlar  müalicə məqsədilə - duzlu suya girmək və oradakı havayla nəfəs almaq üçün yay mövsümündə bura gəliblər. Ancaq gölün yaxınlığında "Azərduz” zavodu inşa olunduqdan sonra bu əraziyə giriş qadağan olunub.

Binəqədi gölü isə qrunt və kanalizasiya suları hesabına əmələ gəlib. Zamanla ərazidə qamışlıq da yaranıb, göldə balıqlar, quşlar yaşayır. Hazırda Masazır gölünə axdığı üçün gölün suyu ciddi şəkildə azalıb.


Bura balıq tutmağa gələn insanlar gölünün taleyindən narahatdır.
 
Onlardan biri də  İntiqam Məmmədovdur:
"Elə gün olur, sahildə ayaq qoymağa yer olmur, Bakının hər yerindən bura  balıq tutmağa adam gəlir”.
Onun sözlərinə görə, əvvəllər gölün səviyyəsi xeyli yüksək olub.
Uşaqlığı bu ərazidə keçmiş Əli Musayevsə deyir ki, bu göl əvvəldən başıbəlalı olub: "Ovçular gah qırmızı kitaba salınan canlıları ovlayırlar, gah da özlərini isitmək üçün qamışlığı yandırırlar. İndi də gölün suyunu qəsdən qurudurlar... Yazırsan, şikayət edirsən, baxan yoxdur”.

Binəqədi gölünün suyu Masazır gölünə  axmasın deyə oktyabrda  bir qrup aktivist orada bənd qurub, ancaq az sonra həmin bənd dağıdılıb və bu da hər iki gölün ekoloji vəziyyətinin pisləşməsinə səbəb olub.


Dövlət qurumlarının ziddiyyətli izahatları 

"Azərduz” İstehsalat Birliyinin Masazır gölünə nəzarət edən nümayəndələri "Toplum TV” əməkdaşının gölə kanalizasiya sularının axıdılıb-axıdılmamasıyla bağlı sualına rədd cavabı verərək onu bu məsələyə məsul şəxsə - soyadını söyləmədikləri Süleyman müəllimə yönləndiriblər.
Həmin şəxs isə sualları dinlədikdən sonra telefonunu söndürüb.

"Azərsu”nun mətbuat katibi Rza Məmmədov isə məzuniyyətdə olduğunu deyərək cavab verməkdən  imtina edib. 
Abşeron rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı bildirib ki, icra başçısı İradə Gülməmmədova Masazır gölünün ekoloji vəziyyətini öyrənmək üçün sentyabrın 19-da gölə baxış keçirib.

O, "Azərsu” ASC-nin verdiyi layihə əsasında 2018-ci ildə 14,8 km uzunluğunda, gölə 50-60 metr məsafədə müxtəlif diametrli kanalizasiya xətlərinin çəkildiyini, nasosxana inşa olunduğunu, amma problemin yenə də aradan qalxmadığını qeyd edib:
"Qrunt suları və ətraf ərazilərin çirkab suları Binəqədidəki Zəli gölünə axıdıldığı üçün göl daşaraq duz gölünə tökülür. Mayın 22-də məktubla "Azərsu” ASC-yə müraciət edilib, əraziyə təkrar  baxış keçirilib. Çirkab suların axıdılması üçün yeni xəttin çəkilməsi üzrə sənədləşmə işləri aparılır”.
 "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Toplum TV”-yə deyib ki, qurum 2 il əvvəl öz üzərinə düşən öhdəliyi yerinə yetirib - 2018-ci ildə  Masazır gölünün yaxınlığında yeni toplayıcı qurğu inşa edib, ətraf obyekt və yaşayış yerlərindən gölə axıdılan tullantı sularının nasoslar vasitəsilə Novxanı-Sumqayıt xəttinə, oradan da Sumqayıtdakı sutəmizləyici qurğulara yönəldilməsi təmin olunub.

"Rayon İcra Hakimiyyəti də, bizim yerli əməkdaşlar da orada araşdırma aparır, nəticəyə uyğun tədbirlər görüləcək” – A.Cəbrayıllı belə deyib. 
Ancaq o, Binəqədi gölündəki vəziyyətə görə "Azərsu”nun məsuliyyət daşımadığını vurğulayıb: "Gələcəkdə "Azərsu” bununla bağlı tədbirlər görəcək”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxil olan şikayətləri vaxtaşırı monitorinq edir. Onun sözlərinə görə, son illərdə Binəqədi gölünün cənub hissəsindən üç axar müəyənləşdirilib və bu çirkab sularının günlük   həcmi 1600 kubmetrdir.

Bu sularının mövcud kanalzasiya sistemindən kənarda yerləşdiyini deyən H.Əlizadə qeyd edib ki, nazirlik "Abşeron City” MTK, "Massiv 2” məzun evi, "Masazır” MKİS, "Kommunal Servis” MMC-yə çirkab sularını mövcud kanalizasiya şəbəkəsinə axıtmaları barədə göstəriş verib: 
"Son aylardakı yoxlamalar zamanı bunun əsasən təmin edildiyi müəyyən olunub. Masazır bələdiyyəsilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edilib, "Azərsu” ASC su kanal idarəsinin rəisəvəzi Masazır gölünə çirkab sularının axıdılmasıyla bağlı nazirliyin yerli qurumu tərəfindən 4 min manat cərimə olunub, həmçinin Abşeron rayon İcra Hakimiyyətinə də məktub göndərilib”.

Binəqədi gölü kimə məxsusdur?

Hikmət Əlizadənin sözlərinə görə, göl və ətrafı nazirliyin yox, Binəqədi İcra Hakimiyyətinin balansındadır.

İcra Hakimiyyətinin adını deməkdən imtina edən nümayədəsi isə "Toplum TV”- yə bildirib ki, Binəqədi gölü özəl sahibkara məxsus olduğu üçün bu barədə açıqlama verməyə səlahiyyəti yoxdur: 
"Amma bunu deyə bilərəm ki, Binəqədi gölünün suyu Masazır gölünə qəsdən axıdılmır. Su özü  çuxur tapıb ora axır”. 

"Toplum TV” Binəqədi gölündə fəaliyyət göstərən özəl şirkətin Binəqədi Neft-Əməliyyat Şirkəti olduğunu öyrənib. Bu şirkətin saytındakı telefon nömrələrinə edilən çoxsaylı zənglərimiz cavabsız qalıb.  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Toplum TV”-nin həm şifahi, həm də yazılı suallarını cavabsız qoyub. 
Hazırda həm Masazır, həm də Binəqədi göllərinin taleyindən narahat qalan bir qrup aktivist məsələni gündəmdə saxlamağa çalışır, "Azərduz”un mallarını boykot etməyə çağırır. 

Dövlət qurumları məsələnin həllində maraqlı olduqlarını deməklə kifayətlənirlər. 
Kanalizasiya suları isə göllərə axmaqda və "Azərduz” çirkab sulardan duz çıxarmaqda davam edir.


Roza Məmmədova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo