Sosial

Kəbin qurbanı qadınlar - “Mollaların tək məqsədi pul qazanmaqdır”

Aytac Məmmədli
28 Oktyabr, 2021
3353

Açıq mənbələrdən götürülüb

İlahiyyatçı: “Rəsmi nikahda qadın və kişi iştirak edirsə, hər ikisinin razılığı, imzası, şahidləri varsa, dini nikaha nə ehtiyac var?"

Azərbaycanda hər il rəsmi nikahdan kənar minlərlə uşaq dünyaya gəlir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə qeyri-rəsmi nikahda olan qadınlar 17714  uşaq dünyaya gətirib. Onlardan 6667 şəhər, 11047 nəfəri isə kənd yerlərinin payına düşür.

Eləcə də ötən il 18 yaşadək analar 1917 uşaq dünyaya gətirib. Onların  618-i şəhərlərin, iki  dəfədən çoxu – 1299-u kəndlərin payına düşür.

Ata adı şərti qalan uşaqlar

“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalovanın dediyinə görə, nikah yaşına çatmamış qızları məhz dini kəbinlə evləndirirlər.

Halbuki nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah rəsmi şəkildə tanınır. Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil və qadının ayrıldıqda heç bir hüququ tanınmır.

Mehriban Zeynalova - Açıq mənbələrdən götürülüb

“Toplum TV”-yə danışan Nəzrin də (ad şərtidir) dini kəbinin qurbanlarından biridir. Onun dediyinə görə, dindar olan ailəsi onu 18 yaşında molla kəbini ilə evlənməyə məcbur edib, təkidlərinə baxmayaraq, rəsmi nikaha icazə verməyiblər. Nəzrin 2 uşağını da ev şəraitində dünyaya gətirməyə məcbur qalıb.

Amma günlərin birində həyat yoldaşı işləmək adıyla ölkədən çıxıb. O gündən qadın əriylə əlaqə saxlaya bilmir.

“Ərim çıxıb gedəndən sonra qadın sığıncaqlarından birinə müraciət elədim. Pul qazanıb uşaqlarıma özüm baxmaq istəyirdim. Amma ailəm buna da icazə vermədi. “Biz vermişik, biz də baxarıq” deyə məni yanlarına apardılar”, - Nəzrin danışır.

Nəzrinin 2 uşağı hazırda analarının soyadını daşıyır və onlara şərti ata adı təyin olunub. Qadın və uşaqları rəsmi nikah olmadığı üçün haqları olan aliment və əmlak hüququndan məhrumdurlar. Nəzrinin ailə qurmaq, işləmək kimi planları yoxdur. Qadın hələ də ümidlidir ki, əri bir gün qayıdacaq...

Kəbin kəsilməsi qaydası necədir?

 Təzəpir məscidinin axundu Hacı Faiz deyir ki, kəbin üçün nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və qız atasının razılığı tələb olunur.

“Kəbin kəsilən məqamda oğlan və qız razılıq verir, öz ürəklərində dua edir, kəlmeyi-şəhadət söyləyirlər. Bu vaxt "Xubtətul-Hacə" adlı dua oxunur və kəbin kəsilir”,- axund qeyd edir.

Onun sözlərinə görə, kəbin kəsilərkən qadınlara 51 və 101 qram həcmində mehr verilir. Axund hər hansı bir malın, mənfəətin də mehr sayıldığını qeyd edir. Amma o, qadının ərinə mehr haqqını halal etmə ixtiyarı olduğunu da bildirir və əlavə edir ki, hətta mehrin ərə bağışlanması savab hesab olunur.

Hacı Faiz - Açıq mənbələrdən götürülüb

“Dini kəbin ərin razılığı olmadan pozula bilməz. Amma məhkəmə qərarı ilə ər-arvad boşanırsa, onda dini kəbin geri oxunur, qadının talağı verilir. Boşanandan sonra qadınlara xüsusi mülk payı verilmir”.

Axund deyir ki, dini kəbinlərin dövlət rüsumu yoxdur, amma tərəflər imkanları çatdığı qədər “şirinlik” ödəyirlər.

Ölkə qanunları tərəflərə hansı haqları tanıyır?

Ailə Məcəlləsinə görə, qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.

Həmçinin qanunlara görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə razılıq olmadıqda belə məhkəmə valideynlərdən müəyyən miqdarda aliment tutur.

Məsələn, 1 uşağa görə valideynin gəlirinin dörddə bir, 2 uşağa görə üçdə bir, 3 və daha çox uşağa görə qazancın yarısı aliment kimi ödənilir.

“Mollaların tək məqsədi pul qazanmaqdır”

İlahiyyatçı Elşad Mirinin dediyinə görə, “Quran”da "dini kəbin" anlayışı yoxdur, bu ifadə sonradan ortaya çıxıb.

“Peyğəmbərin dövründə alternativ nikah anlayışı yox idi. Bir nikah forması var idi, o da həm qadının, həm də kişinin hüquqlarını qoruyurdu. İndi axundlar dini kəbin adı altında elə bil Allahın verdiyi səlahiyyəti həyata keçirirlər. Sanki dini kəbin olanda cütlüklər Allahın yanında evli sayılırlar. Dini nikahdan olmayanları zinadan dünyaya gələnlər (vələduz-zina) adlandırırlar”.

Elşad Miri - Açıq mənbələrdən götürülüb

İlahiyyatçı “din xadimlər”inin müəyyən vəsait qarşılığında  heç biri hüquqi əsası olmadan  kəbin kəsdiklərini və bunun da qadın haqlarının pozulmasına gətirib çıxardığını vurğulayır:. “Üstün olan, qələbə çalan kişi olur. Məgər din kişi üçün yaradılıb, ya qadın haqqını tapdalamaq üçün?..”

E.Mirinin fikrincə, rəsmi nikah olduğu müddətcə dini kəbinə ehtiyac yoxdur: “Rəsmi nikahda qadın və kişi iştirak edirsə, hər ikisinin razılığı, imzası, şahidləri varsa, dini nikaha nə ehtiyac var? Üstəlik, qanuni nikahda boşanmadan sonra qadının və uşağın əmlak hüquqları qorunur, amma dini nikahda qorunmur”.

İlahiyyatçı hesab edir ki, dini kəbinin məqsədi pul qazanmaqdır: “İslamda ölüyə “Quran” oxumaq yoxdur, mollalar oxuyub pul qazanırlar, dini nikah yoxdur, amma kəbin kəsib pul qazanırlar. Yəni İslamda dini nikah anlayışı olmaya-olmaya kəbin kəsən mollaların tək məqsədi pul qazanmaqdır, bunun başqa elmi, dini əsası yoxdur”.

Bəlkə mollalara qoyulan qadağalar sərtləşdirilməlidir?

BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi (CEDAW) 2015-ci il 15 mart tarixli yekun müşahidələrində Azərbaycanda qadınları və uşaqları qanuni müdafiəsiz qoyan qeydiyyatsız dini nikahlara görə narahat olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyulub.   

Amma Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bu qadağanın yetərsiz olduğunu bildirir: “Biz görürük ki, çoxlu sayda cütlüklərin rəsmi nikahı olmasa da, dini kəbinləri var. Əlbəttə ki, belə ailələrin hüquqlarını müdafiə etmək bir qədər çətinlik yaradır. Xüsusilə də erkən yaşda nikaha girən qızların hüquqlarının müdafiəsi çətin olur”.

Komitə sədri rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün inzibati məsuliyyətin zəruri olduğunu qeyd edib.

Hicran Hüseynova - Açıq mənbələrdən götürülüb

Milli Məclisin Dini Qurumlar Komitəsinin üzvü, deputat Azər Badamov da bu fikrə dəstək çıxıb.

O, eyni zamanda kəbinkəsmənin hansı mollalar tərəfindən icra olunması ilə bağlı qanunda konkretlik olmadığını deyir: “Dini ayinlər savadlı xadimlər tərəfindən icra olunmalıdır. Onlar da Qafqaz Müsəlmanlar İdarəsində imtahan verən mollalardır”.

Hər il Azərbaycanda minlərlə Nəzrin kimi təcrübəsiz qadınlarsa kəbin qurbanı olmaqda davam edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo