Sosial

Keçmiş mühacir: “Polislər deyirdi, rəis, bəlkə, gedib ailə-uşağını da gətirək”

17 İyun, 2022
173

Açıq mənbələrdən götürülüb

“Biri deyirdi, rəis, bəlkə, kəlbətin gətirək? Biri deyirdi, rəis, bəlkə, “tok”a verək... Biri deyirdi, rəis, bəlkə, “podvala” salaq... Biri deyirdi, rəis, gedib anasının evindən də “narkotik çıxardaq”. Mənə həm fiziki, həm də psixoloji təzyiq göstərirdilər”.   

Almaniyadan readmissiya ilə Azərbaycana göndərilmiş və burada narkotik ittihamıyla həbs olunmuş Cəfər Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsində sərbəst ifadə verib. 

O, verilən ittihamlar üzrə özünü təqsirli bilməyib və şərləndiyini deyib. 

İfadəsində göstərib ki, əvvəllər heç bir siyasi fəaliyyəti olmayıb. 

2014-cü ildə ailə qurub, həyat yoldaşıyla Almaniyaya gedib və siyasi sığınacaq istəyib. 

7 il Almaniyada yaşadıqdan sonra işi məhkəməyə verilib. 

Məhkəmə ona öz ölkəsində heç bir təhlükə olmadığını əsas gətirərək geri qayıtmasını təklif edib: 

“Mən razılaşdım, qayıtmaq fikrim də vardı, ancaq bəzi sənədlərə görə Azərbaycana qayıtmaq məsələm ləngiyirdi. Ötən ilin noyabrında məni özləri məcburi qaydada Azərbaycana göndərdilər. Qayıdandan sonra ailəlikcə karantinə alındıq. Karantində olduğumuz müddətdə Baş Prokurorluğun əməkdaşları gəldi. Bildirdilər ki, karantin müddəti bitən kimi özləri mənimlə əlaqə saxlayıb Baş Prokurorluğa dəvət edəcəklər. Səbəbini bilmədim, karantin bitdi, ancaq mənimlə əlaqə saxlayan olmadı”. 

Cəfər Mirzəyev ifadəsinə davam edərək bildirib ki, bu il yanvarın 28-də günorta saatlarında Ramana qəsəbəsindəki “Güvən İnşaat” mağazasında olarkən mülki geyimli polislər ora gəliblər. 

Onu döyərək əllərini bağlayıblar, maşına oturdublar: 

“Onu da deyim ki, mən həm Almaniyada olarkən, həm də Azərbaycana qayıdandan sonra öz “Facebook” səhifəmdə hakimiyyətə etirazlarımı bildirmişəm. Maşında məni döyürdülər, deyirdilər ki, sən çaşmısan, dövlətə qarşı çıxırsan...” 

Onun sözlərinə görə, yolda polislər onu döyərkən cibinə narkotik də qoyublar. Onu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gətiriblər. Rəis ona bildirib ki, kamera qarşısında narkotik alverçisi olduğunu etiraf etməlidir: 

“Əvvəl dedi, narahat olma, sadəcə, kamera qarşısında de ki, bu narkotik səndən tapılıb, heç nə olmayacaq. İcra hamiyyətinə tapşıracağam, səni işlə təmin etsin. Razılaşmadığım üçün məni döydülər. Otaqda olan polislər rəisə işgəncə və təzyiqlərlə bağlı müxtəlif təkliflər edirdilər. Məsələn, biri deyirdi, rəis, bəlkə, kəlbətin gətirək... Biri deyirdi, rəis, bəlkə, “tok”a verək? Biri deyirdi, rəis, bəlkə, “podvala” salaq... Biri deyirdi, rəis, gedib anasının evindən də “narkotik çıxardaq”. Başqa birisi deyirdi, rəis, bəlkə, gedib ailəsini-uşağını gətirək... Mənə həm fiziki, həm də psixoloji təzyiq göstərirdilər. Söhbət anama, ailəmə çatanda, çox qorxdum, nə edəcəyimi bilmirdim. Dedim, gətirin, nə çəkirsiniz, çəkin. O çəkilişdə dediyim sözləri mənə əvvəlcədən bir-bir diktə etmişdilər. O sözlər mənim öz sözlərim deyildi”.  

 Cəfər Mirzəyev ifadəsini bitirəndən sonra hakimlərin, dövlət ittihamçısının və vəkilin suallarını cavablandırıb. 

Hakimin suallarını cavablandırarkən deyib ki, o, həyat yoldaşıyla bərabər turist vizası ilə əvvəl Budapeştə gedib. 

Vizanın müddətinin bitməsinə iki həftə qalmış oradan Almaniyaya yollanıb və Azərbaycana qayıtmamaq qərarına gəlib. 

Hakim: 

 ⁃ Getdin, dedin ki, öz ölkəmə qayıtmaq istəmirəm? 

Müttəlim: 

- Bəli. 

Hakim: 

- Bəs səndən səbəbini soruşanda nə dedin? Necə əsaslandırdın? Sənə burda nə etmişdilər? Niyə bura qayıtmaq istəmirdin? 

Müttəhim (hazırkı durumuna işarə edərək): 

- Belə şeylərə görə... 

Hakim: 

- Sən hansısa siyasi partiyanın üzvü olmusan? 

Müttəhim: 

- Xeyr. 

Hakim: 

- Sənə orda siyasi sığınacaq verilməyib. Bəs sən orda 7 il necə qalmısan? Deyək ki, ilyarım məhkəməyə getdi, bəs qalan illəri səni orda nə deyib saxladılar? 

Müttəhim: 

- Orada Almaniya hökumətinin başı suriyalılara qarışmışdı deyə bizə dəyib-dolaşan yox idi. Almaniyanın qanunlarına görə, hamilə qadınları və uşağı 1 yaşına çatmayan ailələri yerindən tərpətmirlər. Əvvəl birinci uşaq oldu, sonra ikinci... 

Hakim:

- Deyirsən səni siyasi baxışlarına görə həbs ediblər. Sənin hansı siyasi fəaliyyətin vardı? 

Müttəhim: 

- “Facebook” səhifəmdə paylaşımlar edirdim. Müharibə dövründə Xocalı soyqırımıyla bağlı aksiyada iştirak etmişdim, müharibəylə bağlı aksiyalarda iştirak edirdim. 

Hakim: 

- Xarici ölkələrdəki soydaşlarımızın Qarabağdakı müharibəyə dəstək aksiyalarına biz də baxırdıq. Burada Azərbaycan əleyhinə heç nə yox idi. Əksinə, sevinirdik ki, xaricdə bizim qələbəni dəstəkləyən soydaşlarımız var. Buna görə səni niyə təqib etməliydilər ki?

Sonra təqsirləndirilən şəxsin vəkili Nemət Kərimli məhkəmədə vəsatət verib ki, müvəkkilinin polis bölməsində çəkilmiş fotoları polisdən alınaraq məhkəmədə baxış keçirilsin. 

Vəkil həmin fotolarda Cəfər Mirzəyevin üzərindəki döyülmə izlərinin aydın göründüyünü bildirib: “Mən Cəfərin müdafiəsinə onun həbs qərarının dəyişdirilməsiylə bağlı apelyasiya müraciətinə baxılan mərhələdə qoşulmuşam. Cəfəri ilk dəfə o zaman görmüşəm, onun gözünün ətrafında döyülmə izləri vardı”. 

Hakim bildirib ki, növbəti məhkəmə iclasında müttəhimin istintaqa verdiyi ifadə elan olunacaq. 

Növbəti məhkəmə iclası isə iyunun 20-nə təyin edildi. 

Cəfər Mirzəyevin həbsiylə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, o, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədə narkotik tərkibli həb tapılıb. 

Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb. 

İttiham sübuta yetirilsə, Cəfər Mirzəyevi 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Leyli Cəfərova

Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  
Sosial

Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlandı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.  Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.  AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.  Qurban kəsimi 9 iyul tarixindən başlayaraq, 3 gün davam edə bilər: İyul ayının 9-da məscidləridə birgə Bayram namazları qılınacaq.

Seçilmiş Videolar

Toplum TV loqo