Sosial

Keçmiş zabit: "Meşələri qırırlar, əsgər yeməklərini satırlar dedim, məhkəməyə verildim"

31 Avqust, 2021
271

Elçin Quliyev-Sosial media

“Elçin Quliyevin qəbuluna düşmək üçün ardıcıl raportlar yazırdım, məni qəbul etmirdi”
 
Dövlət Sərhəd Xidməti (DSX) rəhbərliyinin keçmiş zabit Fərid Əzizlidən tələb etdiyi təzminat tələbi məhkəmələr tərəfindən rədd edilib. Amma qurum iddiasında geri çəkilmir. Növbəti məhkəmə sentyabrın 8-nə təyin olunub.
 
Bu barədə Meydan TV-yə danışan Fərid Əzizli deyib: “Dövlət Sərhəd Xidmətində (DSX) xidmət etdiyim dövrdə rəhbərliyin qanunsuz əməllərini sosial şəbəkələrdə tənqid etdiyimə görə məhkəməyə verilmişəm. Ancaq hər dəfə məhkəmə DSX rəhbərliyinin mənə qarşı 50 min manat təzminat tələbini rədd edib. DSX rəhbərliyi isə hələ də məndən əl çəkmək istəmir. İki dəfə Lənkəran Rayon Məhkəməsində iddia qaldırılıb, hər iki iddiası rədd edilib. Birinci məhkəmə qətnaməsindən Şirvan Apelyasiya Məhkəməsinə verdikləri apelyasiya şikayəti təmin olunmayıb. İkinci dəfə yenə eyni iddiayla Lənkəran Rayon Məhkəməsinə müraciət ediblər. İddia rədd edilib və yenə apelyasiya şikayəti verilib. Sentyabrın 8-də həmin şikayətə baxılacaq. Elçin Quliyev məndən sosial şəbəkələrdə yazdıqlarıma və “Youtube” kanalındakı çıxışlarıma təkzib verməyimi, üstəlik də 50 min manat təzminat ödəməyimi tələb edir”.
 
Fərid Əzizlinin sözlərinə görə, DSX-nın Zaqatalada yerləşən sərhəd zastavasında rəis müavini işlədiyi zaman gördüyü qanunsuzluqları sosial şəbəkələr vasitəsilə ictimailəşdirib. Nəticədə DSX rəisi Elçin Quliyev Lənkəran Rayon Məhkəməsində Fərid Əzizliyə qarşı “işgüzar nüfuzun pozulması” iddiası ilə məhkəmə davası açıb. İddiaya hakim Mütəllim İsayev baxıb və 3 sentyabr 2020-ci ildə DSX rəhbərliyinin 50 min manatlıq təzminat iddiasını təmin etməyib. Hələ birinci məhkəmənin davam etdiyi müddətdə Fərid Əzizli “Youtube” kanalında tənqidi çıxışlarını davam etdirib və nəticədə 2020-ci ilin avqustunda (ilk məhkəmə iddiasına dair məhkəmə baxışı bitməmiş) DSX rəhbərliyi Fərid Əzizliyə qarşı yenə eyni iddiayla məhkəmə davası açıb. Elçin Quliyev yenə də Fərid Əzizlidən 50 min manat təzminat tələb edib. Birinci dəfə çıxarılmış qətnamədən (3 sentyabr 2020) DSX tərəfindən Şirvan Apelyasiya Məhkəməsinə verilmiş apelyasiya şikayəti 27 aprel 2021-ci ildə təmin olunmayıb. DSX rəhbərliyinin hələ birinci dəfəki məhkəmə iddiasına baxış dövründə eyni məhkəmədə qaldırdığı ikinci oxşar iddiası da 5 may 2021-ci ildə çıxarılmış qətnaməylə rədd edilib. DSX rəhbərliyi bu qərardan da Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Sentyabrın 8-də həmin şikayətə baxılacaq.
 
Fərid Əzizlinin sözlərinə görə, DSX rəhbərliyi tərəfindən məhkəməyə verilməsinin konkret səbəblərindən biri meşələrin qırılmasında bu qurumun əli olması, əsgər yeməklərinin iri ticarət obyektlərində satılması ilə bağlı sosial şəbəkələrdə danışması olub: “Mən Zaqatala meşələrində minlərlə ağacın qırılmasında DSX rəhbərliyinin əli olmasını, DSX əsgərlərinə dövlət tərəfindən ayrılan ərzaqların iri marketlərdə satılmasını və başqa qanunsuzluqları tənqid etmişəm. Çıxışlarımda demişəm ki, burdan DSX rəisinə səslənirəm, əgər dediklərimdə yalan varsa, DSX nümayəndələrinin, hüquq-mühafizə orqanlarının və jurnalıistlərin iştirakıyla meşənin dərinliyindəki qırılan əraziləri göstərə bilərəm. Bu çıxışları etdikcə, mənə hədələr gəlirdi ki, bu məsələlər komandanlığa aid məsələdir və səsini kəs... Mən isə susmurdum”.
 
Fərid Əzizli deyir, zabit kimi 5 ilə yaxın xidməti dövründə ona 15 dəfə töhmət və şiddətli töhmət verilib: “Elçin Quliyevin qəbuluna düşmək üçün ardıcıl raportlar yazırdım, məni qəbul etmirdi. Mən də bir dəfə hərbi hissəyə gələndə, bir dəfə də tədbirlərdən birində birbaşa özünə yaxınlaşmışdım. Subardinasiya qaydalarını pozduğumu əsas gətirib mənə töhmətlər verməyə başladılar. İki dəfə işə gecikməyimə görə töhmət verilib. Mənə töhmətlər verilərkən özümə xəbərdarlıq edilməyib, məlumat verilməyib. Yalnız dörd töhmətdən xəbərim olub, digərlərindən işdən çıxarılanda xəbər tutmuşam. Xidmət dövründə 4 dəfə ehtiyata buraxılmağımla bağlı attestasiya keçirilib və hər birində ehtiyata buraxılmağım barədə qərar qəbul olunsa da,
01:48

DSX rəisi mənım xidmətə davam etməyimlə bağlı qərar qəbul edib. “Youtube” kanalında çıxışlarımdan sonra 5-ci attestasiya keçirildi və mən əvvəlcə Sərəncama götürüldüm, sonra isə işdən uzaqlaşdırıldım. Elçin Quliyevə sual vermək lazımdır ki, əgər onun dediyi kimi, intizamsız zabit idimsə, xidmətə bu qədər laqeyd münasibət bəsləyirdimsə, deməli, mən dövlət sərhədini təhlükə altında saxlayırdım. Məni bu qədər töhmətlərlə, ehtiyata buraxılmağım barədə bu qədər qərarlardan sonra məni niyə xidmətdə saxlamışdı? Mən bütün qanunsuzluqlarla bağlı çıxışlarımı disklərə köçürüb, ona əlbəəl təqdim etmişdim, ancaq nəticədə özümü xidmətdən uzaqlaşdırıb məhkəməyə verdi”.
 
DSX-nın Mətbuat Mərkəzi həmin vaxt yaydığı press-relizdə DSX zabiti, leytenant Fərid Əzizlinin çıxışlarına münasibət bildirib. Qeyd edib ki, zabitin icti¬mai¬ləşdirdiyi məsələlərlə bağlı araşdırmalar aparılıb, deyilənlər təs¬diqini tapmayıb. DSX bildirib ki, Fərid Əzizli attestasiya qayda¬sında Silahlı Qüvvələrin ehtiyatına bu¬ra¬xıl¬mağa təqdim olunarkən xidmətdə qalmaq üçün rəhbərliyə qarşı şantaja əl atıb və bu çıxışları edib. Onun barəsində Hərbi Prokurorluğa müraciət edilib, özü isə xidməti vəzifə¬sindən kənarlaşdırılaraq sərəncama götürülüb, 2019-cu ilin noyabrında isə işdən kənarlaşdırılıb.

Sosial

Koronavirusdan ölüm faktı qeydə alınıb

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 5-də verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Sosial

Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?

Günel Manaflı
5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər. Biri əkiz olmaqla 4 və 6  yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti...

Seçilmiş Videolar

Toplum TV loqo