Sosial

Kirayə bazarında bahalanma -  ev axtaran maklerdən, makler ev sahibindən şikayət edir

23 Sentyabr, 2021
2941

Açıq mənbələrdən götürülüb

Yeni tədris ilinin başlanması ilə əlaqədar mənzil bazarında qiymətlər artıb. 

Hazırda kirayə ev elanı yerləşdirən saytlarda 2 otaqlı mənzillərin qiyməti 400-1200, 3 otaqlılarınkı isə 500-1700 manat arasında dəyişir. 

Ev tapa bilməyən tələbələr rieltoru (makler) məsuliyyətsizlikdə, rieltorlar isə ev sahiblərini qiymətləri artırmaqda  günahlandırırlar.  

“Çöldə qalmışıq, ev tapa bilmirik”

“Toplum TV”-yə danışan Ülkər Fərzəliyeva da tələbədir. Dediyinə görə, bir həftədən çox saytlar vasitəsilə ev axtarıb. Maklerlərlə danışmaq fayda vermədiyindən az qala küçə-küçə gəzib kirayə mənzil verilən binaları araşdırıb. Amma axtardığını tapa bilmədiyindən köhnə evlərinə - bacısıgilə geri qayıtmalı olub. 

“Maklerlər 10-15 nəfər adamı eyni vaxtda evə baxmağa çağırır. Hamı gedir, evə ilk baxan götürür, qalanları əliboş qalır. Camaat işdən çıxıb qaçaraq taksiylə gedir. Adamların həm pulunu, həm də enerjisini boş yerə alırlar”, - Ü. Fərzəliyeva danışır. 

Onun sözlərinə görə, normal qiymətə qoyulan evlərə tələb çoxalan kimi qiymət qaldırılır: “Bir dəfə Nəsimi tərəfdə 600 manata qoyulan ev elanı gördüm. Zəng vurub maklerlə danışdım ki, evə baxmağa gələcəm. Mənə xəbər edəcəyini desə də, səs çıxmadı. Sonra baxdım ki, həmin evin qiymətini 624 manata qaldırıblar”. 

Ülkərin dediyinə görə, qiymət artımı təkcə evlərə şamil olunmur, normalda 50 manata razılaşan rieltorlar da indi ən azı 100 manat istəyirlər. 

Ev axtaran digər tələbə Səbinə Abbasova da eyni çətinliklə üzləşib, dediyinə görə, 700 manata tutduqları kirayə ev üçün makler 200 manat ofis haqqı tələb edib. 

“Nizami” metrosuna yaxın 700 manata 4 otaqlı ev tapmışdıq. Bəyənib behini də vermişdik. Sonra makler dedi ki, bu evi 900 manata istəyən var, ya 200 manat makler pulu verəcəksiniz, ya da ki, gəlin, behinizi götürün”. 

Ekspert: “Bazarda qiymət artımı ortalama 50 manata yaxındır”

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev şəhərin mərkəzinə yaxın ərazilərdə evlərin qiymətinin şəraitinə və təmirinə görə dəyişdiyini bildirir. Onun sözlərinə görə, 1 otaqlı evlərin qiyməti  250-400, 2 otaqlılarınkı 300-450, 3 otaqlılarınkı isə 450-600 manat arasındadır. Yeni tikilmiş binalarda isə 1 otaqlı mənzillərin kirayə qiyməti 500, 2 otaqlılarınkı 600, 3 otaqlılarınkı 700 manatdan başlayır. 

Elnur Fərzəliyev - Açıq mənbələrdən götürülüb

“Kirayə mənzillərə tələbat daha çox Yasamal və Nərimanov rayonlarındadır. Universitetlərin, naziriklərin əksəriyyəti həmin ərazilərdə yerləşdiyindən insanlar buraya axın edirlər”. 

Elnur Fərzəliyev mənzil bazarındakı artımı adıçəkilən iki rayonda gedən söküntü-tikinti işi ilə əlaqələndirir: “Problem ondadır ki, hər iki rayonun ərazisində də tikinti işləri gedir. Köhnə yaşayış binaları, qəzalı vəziyyətdə olan evlər sökülür və kirayə mənzil bazarından çıxır.  Eləcə də burada yaşayan adamlar təzə binalarda kirayayə köçürlər. Təbii ki, bütün bunlar bazarda qıtlır yaradır”. 

Rieltor: “Ev sahibləri fürsətdən istifadə edib, qiymətləri 2 dəfə artırıblar”

Rieltor Nizami Həsənovun dediyinə görə, maklerlər də çətinliklə üzləşiblər, “yaxşı qazanmırlar”, müştərilər çox olduğundan ev sahiblərinin özləri satışla məşğuldurlar. 

“Ev axtaran tələbələrin sayı çoxaldığı üçün ev sahibləri fürsətdən istifadə edirlər. Əvvəllər 250-yə verdikləri evi indi 450-500 manata kirayəyə qoyurlar. Bizə də gündəlik çoxlu müştəri müraciət edir, amma ev yoxdur, nə təklif edək?”

“Evi göstərmədən beh istəyirlər”

Sentyabrın 13-də Daxili İşlər Nazirliyi dələduzlarla bağlı əhaliyə müraciət edib. 

Nazirlikdən bildirilib ki, bəzi şəxslər alqı-satqı saytlarında dəyərindən çox aşağı qiymətə mənzil elanları yerləşdirirlər, təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşların çoxu da dələduzların qurbanına çevrilirlər. 

“Bu adamlara zəng vurduqda evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini tələb edirlər. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər”.

Ülkər Fərzəliyeva da bir neçə gün əvvəl eyni situasiya ilə qarşılaşdığını deyir. O danışır ki, “Feysbuk”-dan tapdığı maklerə kirayə evlər üçün müraciət edib, onun  göndərdiyi bütün evlərin şəraiti yaxşı, qiyməti isə münasib olub. 

Açıq mənbələrdən götürülüb

“Mənə “Qara Qarayev” metrosu tərəfdə yerləşən bir evin fotosunu göndərmişdi. Qiyməti 500 manata olan 3 otaqlı ev idi. Biz dedik ki, gəlib evə baxaq, xoşumuza gəlsə, götürəcəyik. Adam razılaşmadı ki, indi evdə yaşayan var, onlar çıxmamış göstərə bilmərəm. Amma buna rəğmən bizdən 50 manat beh istədi. Hələ üstəlik deyirdi ki, narahat olmayın, mən sizi aldadan deyiləm, evdən razı qalmasanız pulunuzu qaytaracam. Mən də telefonu yanımdakı oğlan dostuma verdim ki, o danışsın. Oğlanla danışan kimi dedi ki, mən sizə zəng vuracam. Sonra dəfələrlə zəng vurduq, açmadı”. 

“Dövlət tənzimləmə mexanizmi qurmalı, bu sahəyə status verməlidir”

Yaranmış durumu izah edən Elnur Fərzəliyev rieltorların fəaliyyətini tənzimləyən xüsusi hüquqi sənədin olmadığını, buna görə də xidmətlə məşğul olan şəxslərin istədikəri qədər qiymət qoya bildiklərini vurğulayır: “Amma belə bir nəzəriyyə formalaşıb ki, evi götürən rieltora təxminən 50 manat, ev sahibi isə ilk bir ayın qiymətinin 30 faizi qədər qonorar verir”. 

Ekspertin ehtimalına görə, Bakı, Abşeron, Sumqayıtda təqribən 500-700 min adam maklerlik fəaliyyəti ilə məşğul olur, amma onların əksəriyyəti bu sahədən xəbərsizdirlər. 

“Bu sahənin məktəbi yoxdur. İşdən çıxanlar, ikinci iş axtaranlar gəlib “makler”lik edirlər. Əslində isə rieltorlar ən azından  sənədləşmə prosedurunu, Mülki Məcəlləni, insan psixologiyasını bilməli, satış bacarığına sahib olmalıdırlar. Bunun üçün dövlət tənzimləmə mexanizmi qurmalı, bu sahəyə status verilməlidir. Bu həm də dövlət üçün faydalı olar ki, rəsmi işləyən rieltorlar vergiyə cəlb olunarlar”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də rieltorların fəaliyyətində sistemlilik olmadığını deyir. 

Rüfət Quliyev - Rəsmi səhifə

Bununla belə, deputatın rieltor fəaliyyəti üçün ayrıca qanunun qəbuluna ehtiyac görmür: “Hər bir fəaliyyət sahəsi ilə bağlı ayrıca qanun bürokratiyaya gətirib çıxarır. Təbii ki, bu fəaliyyət tənzimlənməlidir, ancaq ayrıca qanuna ehtiyac yoxdur. Sadəcə mövcud qanunlara dəyişiklik etməklə məsələləri tənzimləmək olar. Ona görə ki, biz onsuz da kiçik və orta biznesi inkişaf etdiririk və dövlət buna təkan verir”. 

Ülkər Fərzəliyeva isə hələ də münasib mənzil axtarışındadır, o ali məktəblər açılandan bir müddət sonra bazarda nisbətən sabitlik yaranacağına ümid edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo