Sosial

Komitə rəsmisi: “Erkən nikahlardan çox vaxt uşaq doğulandan sonra xəbər tuturuq”  

11 İyun, 2021
2450

Sosial Media

Bir neçə gün əvvəl Lənkəranda istirahət mərkəzlərinin birində 8-ci sinif şagirdinin özündən 24 yaş böyük kişi ilə nişan mərasimindən fotolar yayıldı. Bu hadisə mediada ictimailəşdikdən sonra ailə dövlət qurumları tərəfindən nəzarətə götürüldü. Məktəb rəhbərliyi əvvəlcə məlumatı təkzib etsə də, sonradan təsdiqləməli oldu.  

Daha əvvəl - 1 iyun uşaqların müdafiəsi günündə 15 yaşlı məktəbli qızın ana olması  xəbəri yayılmışdı. Nənəsi KİV-ə açıqlamasında bildirmişdi ki, oğlanın anası vəfat etdiyi üçün erkən nikaha razılıq veriblər və 15 yaşlı gəlin ər evində təkcə körpəsini böyütməyəcək, həm də qayınatasının, qaynının, həyat yoldaşına qulluq edəcək.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Toplum TV”-yə deyir ki, erkən nikahla bağlı dövlət qurumlarına vaxtında xəbər verilməsi çox vacibdir, çünki bu halda prosesi durdurmaq olur: “Məsələn, Masallıda nişanlanan 8-ci sinif şagirdi ilə bağlı informasiya bizə tez çatdığından DİN, mətbuat, yerli İcra Hakimiyyətinin birgə fəaliyyəti nəticəsində bunun qarşısı alındı. Yəni ailə qurulana qədər bizə məlumat daxil olsa, buna mane ola bilirik. Tərəflər razılaşmış olsalar belə, erkən nikah cinayət məsuliyyəti yaradır”.  

Elgün Səfərov - Sosial Media

E.Səfərov etiraf edir ki, bəzən erkən nikahla bağlı xəbər dövlət qurumlarına iş işdən keçəndən sonra çatır, məsələn, həmin nikahdan uşaq doğulanda.  

Komitənin 2020-ci il üzrə illik hesabatına görə, il ərzində quruma 6506 müraciət, o cümlədən 4627 ərizə, 1876 şikayət daxil olub. Onların əksəriyyəti maddi yardım (1844), uşaq üçün fərdi məşğələlər (398), müalicə və müayinə üçün kömək (364), işlə təmin olunma (350), müxtəlif yönümlü sosial müavinətlərin alınması (467), məhkəmə qərarlarının icra edilməməsi (515) ilə bağlıdır.  

Göründüyü kimi, komitəyə müraciətlər arasında erkən nikahla bağlı hər hansı çağrı qeydə alınmayıb.  
 
Vəziyyəti bir az da pandemiya qəlizləşdirib 
 
“Təmiz Dünya” İctimai Biriyinin sədri Mehriban Zeynalova hesab edir ki, pandemiya dövründə nəzarət mexanizmləri zəif işlədiyindən azyaşlıların erkən nikahı ilə mübarizə aparmaq daha çətindir: “Çünki toy məclisləri keçirilmir, məktəblərsə bağlıdır. Qapalı mühitdə monitorinq etmək daha çətindir”.  

Komitənin şöbə müdiri Elgün Səfərovsa pandemiyanın uşaq nikahlarının sayına elə ciddi təsir etmədiyini deyir: 

“Son 7 ildə uşaq nikahları üzrə statistika 350-400 civarındadır, yəni ciddi bir dəyişiklik yoxdur. Pandemiya əsasən Azərbayncanda məişət zorakılıqlarının daha qəddar şəkildə üzə çıxmasına şərait yaratdı. Çox təəsüf ki, bu zorakılıqların ölümlə nəticələndiyi hallar belə oldu”.  

Mehriban Zeynalova - Sosial Media

M.Zeynalovanın sözlərinə görəsə, son illər erkən nikahla bağlı qanunvericilik sərtləşdirildiyinə görə belə hallarla bağlı cinayət məsuliyyətinə cəlb etmə halları olub, amma situasiya, demək olar dəyişmir. Birliyin sədri hesab edir ki, bu məsələdə ictimai qınaq da faktordur: 

“Şübhəsiz ki, izdivacdan qonşuların, qohumların xəbəri olur. Lakin onlar susaraq ailəyə yaxşılıq etdiklərini düşünürlər. Belə halların azalması üçün cəmiyyətin iştirakı lazımdır. Problemin ictimailəşməsi o deməkdir ki, insanlar bu məsələyə biganə deyillər. Həmçinin uşaqlar etiraz etmək və imtina etmək bacarıqlarını əldə edə bilsinlər deyə onları öz problemlərinin həllinə cəlb etmək lazımdır”.  

Amma M.Zeynalova onu da qeyd edir ki, bu məsələyə daha çox orta məktəblər və rəsmi qurumlar məsuliyyətlə yanaşmalıdırlar. O, əvvəlki illərlə müqayisədə məktəblərin erkən nikah probleminə daha ciddi yanaşdığını, pandemiya şəraitində digər qurumların da onlara dəstək verməli olduğunu vurğulayır: 

“Yerli İcra Hakimiyyəti var, bu qurumun nəzdində fəaliyyət göstərən nəzarət-monitorinq qrupu, yetkinlik yaşına çatmayanların işi ilə bağlı komissiyalar var. Bu qurumlar da aktiv işləməlidir. Təəssüf ki, bəzi hallarda onlar da problemə adekvat reaksiya vermirlər, hətta heç reaksiya vermirlər. Yerli icra orqanlarının və əlaqədar komissiyaların fəaliyyəti güclənməli idi. Fikrimcə, indiki halda onların fəaliyyətini sorğulamaq lazımdır”.  
 
Statistika nə deyir? 
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda 1 oğlan, 366 qız erkən nikaha daxil olub. Birinci yerdə Ağsu rayonudur – keçən il bu rayonda yaşı 18-dən az olan 27 qız ərə verilib. Sonrakı yerlərdə Ağdaş (23) və Masallı (20) rayonlarıdır. Ümumilikdə şəhər və rayonlar üzrə erkən nikah halları ən çox Aran rayonlarında yayılıb – bu bölgədə yaşı 18-dən az olan 120 gəlin var.  

Rəsmi rəqəmlərə görə, 2012-ci ildən etibarən erkən nikahların sayında kəskin azalma müşahidə olunub. Məsələn, 2011-ci ildə 18 yaşadək gəlinlərin ayı 5138 idisə, 2012-ci ildə bu rəqəm 295-ə enib.  

DSK qeyd edir ki, 18 yaşadək nikaha daxil olanların nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəbi ailə qurmaq üçün minimum yaş həddinin 18 yaş müəyyən olunmasıdır. Amma son 3 ildə erkən nikah statistikasında az da olsa artım müşahidə olunur - 2017-ci ildə 317, 2018-də 338, 2019-cu ildə isə 366 nəfər 18 yaşadək qız erkən nikaha daxil olub.  
 
“Yeniyetmələrin orqanizmi hamiləliyi başa çatdırmağa və doğuşa hazır olmur”  
 
“Erkən nikah çox halda erkən doğumla nəticələnir. Bu halda özü hələ uşaq olan ana qurduğu ailənin də məsuliyyətini daşımağa başlayır. Amma 15 yaşlı ana uşaq böyütmək, onu tərbiyə etmək, gələcəyi ilə bağlı plan qurmaq gücündə deyil. Belə erkən yaşda ailə quran qadınlar boşananda nə ərlərindən, nə də valideynlərindəndən lazımi dəstəyi ala bilirlər. Valideyn qızı qarşısında şərt qoyur ki, geri qayıtma, qayıtsan da, uşağı qoy, gəl” - M.Zeynalova erkən nikah qurbanı olmuş qadınların qarşılaşdığı problemlərdən danışarkən belə söyləyir. 

Ginekoloq Xumar İsmayılova erkən yaşda ərə getməyin yeniyetmələrin sağlamlığına vurduğu zərərlərdən danışır: “İlk menstruasiyadan sonra hamilə qala bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur. 17 yaşı tamam olmayan qızın orqanizmində reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmış olmur”.  

Xumar İsmayılova - Sosial Media

Ginekoloqun sözlərinə görə, erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür: 
 
“Həmçinin qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır. Əksər hallarda erkən nikaha daxil olan qızların bu yaşda analıq üçün fizioloji olaraq tam yetişməməsi, çanaq sümüyü və doğuş kanalının hələ kifayət qədər inkişaf etməməsi doğuşu çox çətinləşdirir. 15 yaşında zahılıq müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Lazımi müalicə tətbiq edilmədikdə, bu problemlər qalıcı əlilliklə, sidik ve nəcisi saxlaya bilməməklə, müxtəlif yoluxucu xəstəliklərlə nəticələnir. 20 yaşlılarla müqayisədə azyaşlı qızlarda  malyariyaya və cinsi infeksiyalara yoluxma riski yüksəkdir”.  

Xumar İsmayılova belə risklərin təkcə ananın deyil, həm də uşağın sağlamlığına təhlükə yaratdığını bildirir: “Azyaşlı anaların dünyaya gətirdiyi uşaqlarda tez-tez immunitet çatışmazlığına rastlanır. 18 yaşından kiçik anaların yarımçıq və ya az çəkili uşaq dünyaya gətirmə riski daha yüksəkdir”.  

Bəs erkən yaşda ana olanların sonrakı taleyi?  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri E.Səfərov ginekoloqun xatırlatdığı riskləri çox vaxt önləyə bilmədiklərini söyləyir: 
 
“Ən böyük problem qohum nikahı nəticəsində məhdud sağlamlıqlı uşaqların doğulmasıdır. Nəticədə körpə də, ana da evdən çıxarılır. Rəsmi nikah olmadığı üçün ana aliment almaq hüququndan məhrum olur. Belə hallarda Komitə çalışır ki, azyaşlı ana təhsilini bərpa edə bilsin, ya da heç olmasa, ixtisasla bağlı hər hansı proqram keçsin, hansısa peşəyə yiyələnsin, komputer proqramları, xarici dil və sairə öyrənsin”.  

Komitə rəsmisinin sözlərinə görə, azyaşlı anaların həm də psixoloji və sosial vəziyyətinin qiymətləndirilməsini də həyata keçirir, onlara hüquqi dəstək verir: 

 “Çox vaxt onların nə şəxsiyyət vəsiqəsi, nə də nikah haqqında şəhadətnaməsi olur. Komitə bu problemləri aradan qaldırır, həmçinin uşağın da maraqları nəzərə alınaraq onun da sağlamlığının qeydinə qalır. Məqsəd odur ki, azyaşlı ana yeni peşə bacarıqları sayəsində uşağını böyüdə bilsin”.  
 
Problemin bir də psixoloji tərəfi var...  

Psixoloq Vəfa Əkbər erkən nikahları iki hissəyə ayırır - öz xoşuyla və məcburən ailə quranlar.  

“Birinci halda da yeniyetmənin evliliyə meylliliyi sağlam deyil - o, valideynlərindən uzaqlaşmaq istəyir. Əgər yeniyetmənin evində sağlam ab-hava varsa, fundamental dəyərlərə sayğı varsa, o, yetərincə sevgi görürsə, niyə evdən qaçmaq istəsin ki? Erkən nikaha razılıq verən yeniyetmələr özlərini dərk edə bilmirlər. Onlar ilkin fizioloji tələbatları hiss edən, adrenalinlə yaşayan yeniyetmələrdir. Onlar necə doğru qərar verə bilərlər ki?” Psixoloq məcburi erkən nikahda bunjun əksi olduğunu, valideynlərin övladlarından qurtulmaq istədiklərini vurğulayır: “Ya maddi problemlər səbəbindən bunu edirlər, ya da düşünürlər ki, hamının uşağı evlənir, qoy mənimki də evlənsin. Kəndlərdə daha çox "Tanıdığımız adamlardır, verim, getsin” psixologiyası hökm sürür”.

Vəfa Əkbər daha bir məqama diqqət çəkərək erkən nikahın ölkənin mental dəyərləri ilə bağlı ola biləcəyini də qeyd edir: “Qızların cinsi tələbatı yalnız evləndikdə ödənə bilər, yəni bunun yeganə yolu ərə getməkdir”.  

Onun sözlərinə görə, “erkən nikah”, “azyaşlı” deyəndə sadəcə pasport yaşı nəzərdə tutulmur, insanın psixoloji yaşı da vacibdir:  

Vəfa Əkbər - "Teleqraf" qəzeti

 “Elə insanlar var ki, həyatı 20 yaşında dərk edirlər. Yeniyetmələrsə çox vaxt bunu bacarmırlar, öz cinsi yetişkənliklərini belə anlamırlar. Onların özlərini tanımağa ehtiyacı olur. Analarsa çox vaxt bu yaşda qızla söhbət etmirlər, deyirlər ki, qızımla aramda pərdə var. Bir gün o qız o pərdənin arxasından - evdən qaçıb gedir. Çünki bu, ana ilə qız arasında pərdə deyil, səddir və aradan qalxmalıdır. Məsələ təkcə bu da deyil. Məsələn, müəllim "Biologiya” kitabınnı 47-ci, 49-cu paraqraflarında yazılanları danışmaqdan utanmamalı, "Oğlanlar çıxsın, qızlara izah edəcəm” deməməlidir. Yəni bu, məktəblərdən başlamalıdır. Ümumiyyətlə, yeniyetmələrin üz tuta biləcəkləri etibarlı ünvanlar olmalıdır. Kimsə polisə qaça bilmir, çünki inam yoxdur, polisdə oturan da onun atasıyla eyni təfəkkürdə olan adamdır. O da deyəcək ki, ailən sənin yaxşılığını istəyir. Polis idarələrində işləyənlərin də təfəkkürü dəyişməlidir”, - deyə psixoloq izah edir.  

Bu məsələdə E.Səfərov da psixoloqla həmrəydir; deyir, Komitə patriarxal steoritiplərlə mübarizənin gücləndirilməsi istiqamətində də fəaliyyət göstərir: “2012-ci illə müqayisədə erkən nikah statistikası 10 dəfə azalıb. Amma bu da bizi qane etmir. Hazırda ailə strategiyasıyla bağlı layihəni təkmilləşdirmək üçün meyarlar hazırlanır. Bu, problemə daha çox diqqət ayrılmasını təmin edəcək”.  

Nikah yaşı 

Azərbaycan qanunvericiliyində nikah yaşı 18-dir. Üzrlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olmaq istəyənlərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda erkən nikah etibarsız sayılır. Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var,inkah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.  

Cinayət Məcəlləsinin 176-cı maddəsinin 1-ci bəndinə (“Qadını nikaha daxil olmağa məcbur etmə”) görə, qadını nikaha məcbur etmək 2000 manatdan 3000 manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 18 yaşı bitməmiş şəxslərin nikaha məcbur edilməsi halları üçünsə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo