Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar, 2021
825

Sosial media

"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var.
Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”.


Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir.

2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi:
"Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq".


2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə büdcə xərclərinin 15,3%-i (3 milyard 954 milyon manat) ayrılıb. Maliyyə Nazirliyinin açıqlamasında bildirilmişdi ki, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci ildə də davam etdiriləcək.


Ordu gücləndirilir, texniki təminat yaxşılaşdırılır. Bəs maaşlar niyə azaldılıb?

“Qərar qəbul edilərkən ordu rəhbərliyindən ekspert qismində rəy alınmayıb”

 Birinci Qarabağ müharibəsi iştirakçısı, Qazilər Birliyinin mətbuat katibi Rey Kərimoğlu ön cəbhədə hərbiçilərin üzləşdiyi vəziyyəti sabotaj kimi dəyərləndirir:
“Problemin yaranmasında Maliyyə Nazirliyi, Nazirlər Kabineti məsuliyyət daşıyır.
Nazirlik korpuslara maaşların azaldılması ilə bağlı təlimat göndərib, 1600 manat maaş alan hərbiçi 800 AZN, 1200 manat alan hərbiçi isə 600 AZN alacaq. Təsəvvür edin ki, Müdafiə Nazirliyində isti kabinetində oturan mayorlar, leytnantlar ön cəbhədə - qarda, şaxtada xidmət edən zabitlərlə bərabər maaş alacaq. Məncə, bu qərar Prezident Aparatından gəlib və arxasında Mikayıl Cabbarov dayanır. Onun razılığı və tapşırığı ilə bu işlər icra olunur. Samir Şərifovun və digərlərinin mənafeyinə xələl gətirən bir hadisə olduqda, onların şikayəti prezident səviyyəsinə qədər gedib çıxır. Necə olur ki, vətəni qoruyan hərbiçinin məsələsi gündəmə gələndə hamı susur. Deməli, problemin həllində kifayət qədər maraqlı deyillər”.

Rey Kərimoğlu

FOTO:Aqreqator.az


R.Kərimoğlu torpaqların bir hissəsinin hələ də işğal altında olduğunu, təhlükənin tam sovuşmadığını xatırladır:
“Bu qarlı-şaxtalı günlərdə çadırlarda qalan hərbi qulluqçular var. Onların maaşını azaltmaq bəlkə də vətənə, millətə xəyanətə bərabər addımdır”.
Bununla belə, Qarabağ qazisi optimist olmağın tərəfdarıdır:
“Açıqlamalarımda prezidentin bu cür nöqsanlardan xəbərsiz olduğunu deyəndə mənə irad bildirirlər ki, xəbərinin olmaması daha pisdir. Fikrimcə, belə halları prezidentə elə təqdim edirlər ki, sanki baş verənlər hərbçilərin xeyrinədir. Əlillərlə bağlı qanunvericilikdə, pensiya təminatında bu cür hallara rast gəlmək olar. Heç bir halda rəhbərlik istəməz ki, onu qoruyan zabitin əməkhaqqı kəsilsin”.


“Müdafiə Nazirliyi əsaslandırmalıdır ki, maaşlar niyə azaldılıb”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas da məlum qərardan təəsüflənənlər sırasındadır:
“O hərbçilərin hamısı müharibə görmüş adamlardır. Əlbəttə ki, onların qarşılaşdıqları vəziyyət ordunun müharibədə qazandığı qələbəyə xələl gətirir. Çox təəssüf ki, Müdafiə Nazirliyi hələ də məsələyə münasibət bildirməyib. Onlar əsaslandırmalıdırlar ki, niyə maaşlar azaldılıb. Ola bilər müharibədən yenicə çıxmışıq deyə bu addımı atıblar. Amma dövlət büdcəsi təsdiqlənib: pulların hara, nə qədər xərclənəcəyi bəllidir. Azaldılmaya yaxşı olar ki, MN aydınlıq gətirsin”.

Aqil Abbas

FOTO:BBC


Amma deputat orduda xidmət edən əsgərlərin qida təminatlarının normal olduğunu deyir və əlavə edir ki:
“Prezidentin sərəncamına əsasən, evdə azyaşlı uşaqları olan hərbçilərin ailələrinə pul ödənilir. Düzü, məbləğin konkret nə qədər olduğunu xatırlamıram, amma dəqiq bilirəm ki, belə bir qərar qüvvədədir”.


Ön cəbhədə xidmət edən hərbçilərin maddi təminatı və yaşam şəraitindəki problemlər son dövrlərdə tez-tez gündəmə gəlsə də, Müdafiə Nazirliyi tənqidlərə tutarlı cavab verməyib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı da sözügedən videomüraciətlə bağlı “Toplum TV”-nin sualına cavabında məsələni araşdıracağını deməklə kifayətlənib, sonrakı saatlarda isə onunla əlaqə saxlamaq mümkün olmadı.

Maliyyə Nazirliyi: "Hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılması qəbuledilməzdir"

Hərbi qulluqçularının pul və maddi təminatı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir.

Qanunun 10.2-ci maddəsinə görə, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ikiqat əməkhaqqı hesablanır.

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır, bu əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur.

Maliyyə Nazirliyi cəbhə bölgəsində qulluq edən hərbçilərin maaşlarının azalması ilə bağlı tənqidlərə belə cavab verib:

"Qanuna əsasən, ikiqat əməkhaqqının hesablanması döyüş şəraitində xidmətə, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmır".

"Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələrin həyata keçirilməsinə başlanılıb. Hazırda bu qurumla ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir" - açıqlamasında belə deyilir.

Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyi ilə də bu istiqamətdə iş gedir: "Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdiriləcək və onlar qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaqlar".

“Müdafiə Nazirliyinin qeyri-şəffaflığı son 5 ildə maksimum həddə çatıb”

“Azərbaycanda Ombudsman institutu var, amma hərbi ombudsman yoxdur. Ombudsman vəzifəsini daşıyan şəxs müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərə çox az nəzarət edir, həm də hərbi qurumlarla razılaşdırılmış şəkildə” - Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2020-ci ilə aid araşdırmasında belə deyilir.

Araşdırmada həmçinin qeyd olunur ki, media və QHT-lərin müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətini maksimum məhdudlaşdıran hakimiyyət “orduda problemlərin azalması” görüntüsü yaradaraq özünə yaxın olan bir sıra şəxslər vasitəsilə bunu ictimaiyyətə təlqin etməyə çalışır:
“Hökumət müdafiə və təhlükəsizlik sektorunda baş verənlərlə bağlı maksimum qapalılıq nümayiş etdirir. Hərbi hissələrdəki problemlər, hərbi qulluqçuların hüquqları ilə bağlı sorğular, adətən, cavablandırılmamış qalır və ya uyğun cavabla təmin edilmir. Müdafiə Nazirliyinin qeyri-şəffaflığı son 5 ildə maksimum həddə çatıb, nazirlik nəinki ictimaiyyətə, eyni zamanda parlamentə də hesabat verməməkdə davam edir. Parlament üzvlərinin nadir hallarda olan tənqidi çıxışlarına, açıqlamalarına isə Müdafiə Nazirliyinin rəhbərliyi sərt cavab verir”.


Araşdırma müəllifləri son 4-5 ildə orduda 5 illik müqavilə üzrə xidmət edən əsgər heyətinin (müddətdən artıq hərbi xidmət edən) sayının artdığını, ancaq dövlətin bu durumla bağlı strategiyasının olmadığını vurğulayıblar: “Müdafiə Nazirliyinin rəhbərliyi ordunun peşəkarlaşması barədə bəyanatlar verir, amma ümumilikdə Azərbaycan ordusunda müqaviləli heyətə keçidlə bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi strategiya yoxdur. Baş verən “dəyişiklikləri” “peşəkar orduya keçid” kimi qələmə verməyin əsası yoxdur”.

Sosial

Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”

Nuranə Atakişiyeva
4 Mart 2021

"Report"

“Toplum TV” Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələrilə iş sektorunun müdiri Fuad Qarayevlə şagirdlərin beynəlxalq fənn olimpiadalarına hazırlıq şəraiti haqqında danışıb. - Şagirdlər Beynəlxalq Fənn Olimpiadalarına necə hazırlaşdırılır? Seçim şərtləri necədir? Beynəlxalq olimpiadalara hazırlıq üçün Təhsil Nazirliyinin tabeliyində olan, Bakı şəhərində yerləşən iki liseydə - fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə bütün yaş qrupları üzrə, Sumqayıt şəhərində yerləşən texniki və təbiət elmləri təmayüllü liseydə isə aşağı yaş qrupu üzrə fəaliyyət göstərən 3 mərkəzimiz var. Bu mərkəzlərə şagirdlər əsasən hər il nazirliyin  6-7-ci siniflər arasında keçirdiyi fənn müsabiqələrinin və 9-11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarının nəticələrinə...
Sosial

Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”

Aytac Məmmədli
4 Mart 2021

APA

"Ola bilsin, ikinci nəsil peyvəndə ehtiyac qalmasın. Amma bunun üçün peyvənd vurdurmaq lazımdır. Əgər insanlar bu məsələyə həssas yanaşsalar, böyük ehtimal, ikinci nəsil peyvənd istehsal etmək lazım gəlməyəcək". Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev “Toplum TV”-yə belə deyib.  Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki, indiyədək Azərbaycanda 337,315 nəfər koronavirusa qarşı vaksin vurdurub.  Nuran Abdullayev deyir ki, peyvəndsiz pandemiyaya qalib gəlmək mümkün deyil: “Əvvəllər deyilirdi ki, virusda özü-özünü yoxa çıxara biləcək mutasiyalar baş verə bilər, amma əksi oldu. Yəni yoluxmanı daha da artıracaq mutasiyalar baş verdi. Ona görə də insanlar...
Seçilmiş Videolar