"Döyüş bölgəsində xidmət edirdi, qumbaraatan idi"
Şəhid, 19 yaşlı Əflatun Mircahangir oğlu Fərəcovun həlak olması ilə bağlı yeni detallar üzə çıxıb.
Bu barədə "Toplum TV"yə qardaşı Ramin Fərəcov danışıb.
Lənkəranın Osaküçə kəndindən olan şəhidin ata-anası vəfat edib, 5 bacı və 4 qardaşdırlar. O, şəhid olduğu günə kimi 1 il 3 ay xidmətdə olub.
Qardaşı Ramin Fərəcovun dediyinə görə, Əflatun Fərəcov Tərtər istiqamətində, döyüş bölgəsində xidmət edib, qumbaraatan olub.
Onun sözlərinə görə, müharibə dövründə o, evə xəbər verib ki, düşmənin bir neçə zirehli texnikasını məhv etdiyinə görə tərifnaməyə layiq görülüb.
R. Fərəcov deyir ki, qardaşı noyabrın 18-də evlə danışıb, sağ olub: "Necə həlak olması barədə məlumat yoxdur. Avtoqəzada həlak olması deyilib, amma tabutu açıb sağ böyründə kiçik (giriş), sol böyründə böyük (çıxış) güllə yarası olduğunu gördük".
Bu hadisədən sonra kənd camaatı Lənkəran şəhər icra başçısının kəndə gəlməsini istəyiblər, amma İcra Hakimiyyətinin işçiləri başçının rayonda olmadığını deyiblər.
Daha sonra kəndlilər tabutu şəhidin qardaşının "Qazel” markalı yük maşınına qoyub rayon mərkəzinə yürüşə başlayıblar.
Yolda, polis maşının qarşısını kəsmək istəyib, bir neçə nəfər və tabutun olduğu avtomobilə xəsarət yetirilib, şəhidin şəkli olan çərçivə qırılıb. Amma insanlar polis bariyerini aşaraq yollarına davam ediblər.
Nəhayət, irəlilədikləri istiqamətdə, yol üstündə olan Veravul kəndinin ərazisində icra başçısı insanlarla görüşüb.
O, insanlara bildirib ki, avtoqəza və ya güllə yarası olmasından asılı olmayaraq, şəhid statusu veriləcək. Bundan sonra şəhidin meyiti dəfn olunub.
Dəfndə icra başçısı da iştirak edib.
Noyabrın 21-də Lənkəranın Osaküçə kəndinin əhalisi şəhidə status verilməməsi ilə bağlı etiraz edib.
Bu barədə "Feysbuk" istifadəçiləri videogörüntü paylaşıblar.
Sakinlər iddialarına görə, hərbçinin atası və anası olmadığına görə onun barəsində belə bir açıqlama verilib.
Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı isə "Toplum TV"yə açıqlamasında bildirmişdi ki, yaralanan və həbs olunan yoxdur.
Polis kənd sakinlərinin yürüşünə mane ola bilməyəndən sonra "rayonda olmadığı" bildirilən icra başçısı Taleh Qaraşov sakinləri qarşılayıb.
Lənkəran icra hakimiyyətinin "Feysbuk" səhifəsində paylaşılan məlumatda isə qeyd olunur ki, Əflatun Fərəcov haqqında sosial şəbəkə paylaşımları həqiqəti əks etdirmir: "Qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan, İcra hakimiyyətini status verməməkdə ittiham etmək tamamilə əsassızdır".
Həmçinin məlumatda bildirilir ki, döyüşlərdə həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən Əflatun Fərəcovun dəfn mərasimi şəhər icra hakimiyyətinin rəhbərliyi, şəxsən icra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib.
Elməddin Şamilzadə