Leyla Əliyeva: “Azərbaycan universitetlərindəki mühit dözülməz idi”
Leyla Əliyeva - CSIS
“Azərbaycan universitetlərində elmi tədqiqatların aşağı səviyyədə olması onların reytinq göstəricilərinə ciddi təsir göstərir”.
Ratger Universitetinin professoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlu Azərbaycan ali təhsil müəssisələrinin adlarının nüfuzlu reytinq təşkilatlarının ilk minliyinə düşməməsini şərh edərkən belə deyir.
Oksford Universitetinin təhlilçisi Leyla Əliyeva isə hesab edir ki, Azərbaycan universitetlərində əsas problem azadlığın olmamasıdır.
Bugünlərdə dünyanın universitetlər üzrə iki nüfuzlu reytinq təşkilatı - “THE Rankings” və “QS University Rankings” 2020-2021-ci il üzrə göstəriciləri açıqlayıblar.
İvane Cavaxişvili adına Gürcüstan Dövlət Universiteti “THE Rankings”-in siyahısında ilk minliyə düşə bilməsə də, “QS University Rangings”-in siyahısında 601-650-ci yerlərin ilk 10-luqdadır.
Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad universiteti “QS”-nin siyahısında ilk minliyə düşə bilməyiblər, “THE”-nin reytinqlərində isə ümumiyyətlə yer almayıblar.
Azərbaycanın qonşuları olan İran və Rusiyanın universitetləri reytinqlərdə ilk minlikdədirlər.
Dünyanın TOP-10 universitetlərindən biri olan London İqtisadiyyat Məktəbini (LSE) bitirən sosioloq İnqilab Şahbazov “Toplum TV”-yə universitetlərin reytinqinin necə müəyyənləşdirilməsindən danışır: “Tələbələrin məmnuniyyəti də reytinqlərdə rol oynayır. Onların rəyi semestr sonlarında anonim sorğularla öyrənilir. Tələbələrin işlə təmin olunma nisbəti də təsiredici faktorlardan biridir. Misal üçün, universiteti bitirən 10 min tələbədən neçəsi 6 ay ərzində, neçəsi 1 il ərzində iş tapıbsa, bunlar da universitetin reytinqinə ciddi təsir göstərir”.
Onun sözlərinə görə, digər vacib məsələ universitetin doktorantlarının sayının ümumi tələbə sayına nisbətidir - bu, həmin ali məktəbdə tədqiqat işinin önəmini göstərən amildir.
Bundan başqa, müəllim heyətinin dərc olunan məqalələrinin sayı və onların hansı səviyyəli nəşrlərdə çapı da əhəmiyyət kəsb edir:
“Universitet kollektivinin böyük elmi işlər aparması da önəmli faktordur. İngiltərədə universitetlər böyük işlər görmək üçün dövlət və özəl sektorla ciddi çalışırlar. Düşünürəm ki, xususilə bakalavr təhsilində hansı universitetdə təhsil almağınız önəmli rol oynayır. Magistratura və doktoranturada isə sizin elmi rəhbərinizin kim olması vacibdir”.
Qubad İbadoğlu isə düşünür ki, Azərbaycan universitetlərində akademik azadlıqlar azdır, eyni zamanda, bu qurumlar tədqiqat ocaqlarına çevrilə bilmirlər. Onun söylədiyinə görə, yalnız tədqiqatlar sayəsində reytinqlər kifayət qədər qalxa bilər:
“Beynəlxalq bazara çıxarıla biləcək kitablar, məqalələr az istehsal olunur, bilik məhsulları azdır. Beynəlxalq mübadilə proqramlarında iştirak səviyyələri aşağıdır. Bütün bunların nəticəsində bizim universitetlər beynəlxalq reytinqlərdə ilk minliyə belə düşə bilmirlər. Yəqin bunun üçün davamlı islahatlar həyata keçirilməlidir”.
O, beynəlxalq reytinqlər arasında “QS University Rankings” və “THE Ranking”-nə daha çox etimad və istinad edir: “Reytinqlər tərtib olunarkən bir neçə meyar nəzər alınır. Universitetlərin akademik reputasiyasiyalarına, işçilərin reputasiyasına, fakültə və tələbələrin nisbətinə, hər fakültə üzrə istinadların sayına, beynəlxalq fakültələrin və beynəlxalq tələbələrin nisbətinə baxırlar. Ən çox istinad etdikləri akademik reputasiyalardır. “THE Rankings” həmçinin sənaye gəlirlərini də nəzərə alır. Yəni burada universitetin özünün bilik transferi satışının nə qədər olması nəzərdə tutulur”.
Qubad ibadoğlu bildirir ki, əgər yaxşı idarəedicilik olarsa, Azərbaycanda bəzi dövlət universitetləri beynəlxalq reytinqlərə daxil ola bilərlər. O bu yöndə bəzi addımlar atıldığını da söyləyir: “Son illərdə Dövlət İqtisad Universitetinə , Bakı Dövlət Universitetinə istinadlar çoxdur. Biologiya, kimya, riyaziyyat kimi elm sahələri tədris olunduğuna görə, bunlara istinadlar da çox olur. Amma reputasiya baxımından əvvəllər də xarici tələbələrə Azərbaycan Neft və Sənaye Universitetində daha çox rast gəlinib. Yaxşı idarəedicilik olarsa, bu universitetlərin reytinqlərə daxil olması üçün potensial görürəm”.
Oxford Universitetinin təhlilçisi Leyla Əliyevanın fikrincə, Azərbaycan universitetlərində əsas problem azadlığın olmamasıdır və burdakı mühitin dözülməzliyidir: “Bizim universitetlərin əsas problemi tapşırıqla və pulla qiymət yazdırmadır. Sovet İttifaqı dağıdılanda mən Azərbaycan universitetlərinin birində dərs deyirdim. Amma orda cəmi bir il qala bildim, dözmədim. Güclü təyziq var idi, tələbələrin tapşırılması halları dəhşətli dərəcədə çox idi. Dərs demək mümkün deyildi. Çox prinsipial olan bircə nəfər vardı, o yazıq üçün də ciddi problemlər yaradırdılar, çox böyük təyziq altında işləyirdi və ona qeyri-adi biri kimi baxırdılar”.
Leyla Əliyevanın sözlərinə görə, digər problem Azərbaycan ali məktəblərinin Avropa universitetləri ilə əməkdaşlıq etməməsi, onlarla birgə proyektlər hazırlamamasıdır:
“Təhsil sisteminin açıq olması bizim üçün çox vacibdir. Avropa İttifaqının standartlarını tətbiq etmək, inteqrasiya etmək çox vacib şərtdir. Mənim Oksford Universitetinin magistr dərəcəsi üzrə təhsil alan tələbələrlə seminarım var idi. Onların tənqidi və azad düşünmə təfəkkürü çox inkişaf edib. Çox dərin bilikləri var. Hiss olunur ki, daim öz üzərlərində işləyirlər. İnternetin bütün resurslarından istifadə edirlər. Bizdə də istedadlı tələbələr çoxdur, onlar məni valeh edirdilər. Mən Moskvada təhsil alanda bizim ən ucqar kəndimizdən olan tələbələr müsabiqədən keçib aspiranturaya qalırdılar. Potensial çox yüksəkdir. Amma əfsuslar olsun ki, sistem çürükdür”.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov bütövlükdə Azərbaycan universitetlərinin rəqabət qabiliyyətliliyinin aşağı səviyyədə olmasını reallıq sayır və təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlərlə üzləşdiklərini deyir:
“Azərbaycan müstəqillik əldə edəndən sonra təhsil sferası, o cümlədən ali təhsilin səviyyəsi xeyli dərəcədə zəiflədi və deqradasiya prosesi uzun illərdir ki, davam edir”.
Amma bununla belə, E.Məmmədov reytinq göstəricilərinin prioritet kimi götürülməsini düzgün hesab etmir: “Ogöstəricilərdə hansısa artıma nail olmaq üçün biz, təəssüflər olsun ki, deklarativ qərarlara üstünlük veririk. Yəni hansısa tədbirlərin təşkili, həmin tədbirlərin təşkili üçün beynəlxalq qurumlara ödənişlərin edilməsi, o tədbirlər haqqında informasiyaların hansısa bazalara daxil olması hesabına universitetlərin reytinqlərinin artırılması və s.”
Elşad Məmmədov hesab edir ki, universitetdə biliyin daşıyıcısı və onu tələbəyə çatdıran müəllimdir: “Müəllimin elmi hazırlığına, dünyadakı yeniliklərdən xəbərdar olmasına yönəlik investisiyalar olmalıdır. Keyfiyyət amili ön plana çəkilməlidir. Kəmiyyət göstəriciləri, məsələn, hansısa universitetin neçə müəllimi hansısa konfransda iştirak etdi və ya konfransda universitetin adı çəkildi, reytinqdə irəliləməsi mümkün oldu - bunlar deklarasiyalardır”.
Professor deyir ki, ilk növbədə universitetin daxilindəki ab-havaya, müəllimlərin nə dərəcədə bilikli olmalarına, tələbələrə o biliyi nə dərəcədə ötürə bildiklərinə önəm verilməlidir. Onun fikirincə, mühüm olan müəllimin tələbəni istiqamətləndirməsi, böyük informasiya axını içərisində tələbəyə düzgün istiqamət verməsidir: “Azərbaycan təhsil məkanının əsas problemlərindən biri də odur ki, əksər müəllimlər buna qadir deyillər. Tələbənin bilik əldə etməsi nöqteyi-nəzərindən xaotik vəziyyət yaranır. Bunun nəticəsində də tələbə informasiyanı haradan əldə edəcəyini bilmir. Çünki müəllimlərin əksəriyyəti özü bunu bilmir”.
Elşad Məmmədovun sözlərinə görə, kompleks yanaşmaya ehtiyac var: “Ötən əsrin 30-50-ci illərində ali təhsil sistemi formalaşan zaman da universitetlərimiz heç bir reytinq göstəricilərində yox idi. Buna baxmayaraq 1961-ci ildə kosmosa uçduq. Belə şeyləri unutmaq lazım deyil. Başımızı o reytinqlərə qatmayaq”.
“Toplum TV” mövzuyla bağlı Təhsil Nazirliyinin də rəyini öyrənmək üçün quruma aşağıdakı məzmunda sorğu göndərib:
“Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə yer almaması bu təhsil ocaqlarında tədqiqat işinin zəif olması, universitet müəllimlərinin elmi işlərinin dünya miqyasında nüfuzlu nəşrlərində dərc edilməməsi ilə əlaqələndirilir. Bu istiqamətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulur?”
Nazirlik "Toplum TV"nin sorğusuna cavab olaraq bildirib ki, dünya universitetlərinin beynəlxalq reytinqlərdə yer alması meyarlarından biri universitetlərdə elmi-tədqiqat işlərinin aparılması və nəticələrin nüfuzlu beynəlxalq nəşrlərdə dərc edilməsidir:
"Bununla əlaqədar olaraq, ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən elmi məqalələrin hazırlanması və onların beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması, alimlərimizin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində atılmış mühüm addımlardan biri də 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan Clarivate Analytics (əvvəlki adı ilə desək "Thomson Reuters") şirkəti arasında əməkdaşlığın yaradılması olmuşdur".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür