Mədəniyyət evlərinin acınacaqlı vəziyyəti – “Büdcədən vəsait ayrılacağı təqdirdə tədbir görüləcək”
Toplum Tv
Bakının Əhmədli qəsəbəsində V.Məmmədov adına mədəniyyət evi təmirsiz, bərbad vəziyyətdədir.
Sakinlərin çoxu mədəniyyət evini uzun müddətdir belə gördüklərini deyirlər. Onun görünüşü burada nə vaxtsa mədəni tədbirlərin keçirildiyini deməyə imkan vermir.
Ümumi sahəsi 225 kv.m olan mədəniyyət evi 1936-cı ildən fəaliyyət göstərir. Köhnə tikili artıq istismar müddətini başa vurmuş kimi görünür.
Rəngi solmuş divarların suvağı qopub, pəncərələrin şüşələri sınıb, otaqlar təmirsiz və qaranlıqdır.
Mədəniyyət evinin rəhbərliyi də mərkəzin ürəkaçan vəziyyətdə olmadığını və bunun onların işinə kifayət qədər maneə törətdiyini təsdiqləyir.
Direktor Cavid Cəfərov ikimərtəbəli binasında hazırda köçkün ailələri yerləşdiyindən ondan istifadə edə bilmədiklərini söyləyir: “Binanın ikinci mərtəbəsi təmirsizdir. Buna görə də tədbirlərimizi məktəblərdə və təyinata uyğun digər mərkəzlərdə keçiririk”.
İndi mədəniyyət evi ikigözlü otaqda fəaliyyətini davam etdirməyə çalışır.
Bitmək bilməyən təmir
Ölkə başçısının 2018-ci ildə Mədəniyyət Nazirliyi haqqında təsdiqlədiyi Əsasnamədə deyilir ki, mədəniyyət mərkəzləri idarə və şəxslərin, ictimai təşkilatların, habelə geniş əhali kütləsinin asudə vaxtdan səmərəli və maraqlı istifadəsi üçün nəzərdə tutulub.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlara mədəniyyət, yaradıcılıq (diyarşünaslıq), folklor, sənətkarlıq evləri və klublar daxildir.
“Toplum TV”-nin əməkdaşlarının bəzi bölgələrdə müşahidələri də mədəniyyət mərkəzlərinin acınacaqlı vəziyyətdə olduğunu deməyə imkan verir.
Məsələn, Neftçala rayon Mədəniyyət Mərkəzində illərdir davam edən təmir işləri yekunlaşmaq bilmir. Sakinlər artıq təmirin nə vaxt başladığını unutduqlarını deyirlər.
Bundan başqa, bir sıra rayonlarda nazirliyin nəzdində fəaliyyət göstərən kitabxanalar da təmirsizdir.
Mədəniyyət Nazirliyi: “2023-2026-cı illərin Dövlət İnvestisiya Qoyuluşu Proqramı layihəsində yer ayrılacaq”
Mədəniyyət Nazirliyi hazırda bir sıra mədəniyyət mərkəzlərinin təmirə ehtiyacı olduğunu bildirir.
Nazirlikdən “Toplum TV”-yə deyirlər ki, V.Məmmədov adına Mədəniyyət Evinin təmirinə 2023-2026-cı illərin Dövlət İnvestisiya Qoyuluşu Proqramı layihəsində yer ayrılacaq.
“Mədəniyyət Nazirliyi üzrə hazırlanmış və baxılması üçün müvafiq dövlət orqanlarına təqdim edilmiş Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən və texniki vəziyyəti qeyri-qənaətbəxş olan müəssisələr, həmçinin V.Məmmədov adına Mədəniyyət Evinin binasının əsaslı təmiri nəzərədə tutulub. Dövlət büdcəsindən müəyyən edilmiş vəsait ayrılacağı təqdirdə bu istiqamətdə lazımi tədbirlərin görülməsinə başlanılacaq”.
O ki qaldı Neftçala Mədəniyyət Mərkəzində təmirin uzanmasına, nazirlikdən deyilir ki, təmirə ehtiyacı olan müəssisələr çox olduğundan təmir işləri hissəli şəkildə həyata keçirilir.
Bərpa və təmir işlərinin gecikməsində korrupsiya izləri
2 il öncə Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə halları aşkar etmişdi.
Həbs olunanlar arasında nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var idi.
Rəsmi məlumata görə, nazir müavini R.Bayramov ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib.
İqtisadçı Natiq Cəfərlinin qənaətincə, obyektlərin təmirinə və saxlanmasına ayrılan vəsaitlər korrupsiyaya yem olduğu müddətdə nəticə dəyişməyəcək: “Həmin obyektlərin acınacaqlı vəziyyəti göz qabağında olacaq. Çünki ayrılan vəsaitlər çox zaman qeyri-şəffaf və formal tenderlər vasitəsilə məmurlara yaxın şirkətlərə paylanılır. Ayrılan vəsaitlərin hamısı həmin obyektlərə xərclənsəydi belə hallar olmazdı”.
Ekspertə görə, problemin instusional həlli idarəetmənin formasının dəyişdirilməsidir. N.Cəfərli mədəniyyət obyektlərinin əslində bələdiyyələrin tərkibinə verilməsini və bunun sözügedən müəssisələrin inkişafı və idarə olunması üçün vacib hesab edir.
“Mədəniyyət haqqında” qanunun 27-ci maddəsi mədəniyyət sahəsində dövlət monitorinqinin təşkilini nəzərdə tutur.
Məqsəd bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət mədəniyyət siyasəti istiqamətlərinin və tədbirlərinin müəyyən edilməsidir.
Mədəniyyət sahəsində dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Azərbaycanda mədəniyyət evlərində monitorinqlər necə aparılır? Mədəniyyət Nazirliyinin əməkdaşı hazırda monitorinq işlərinin necə aparılması ilə bağlı müzakirə olunası məqamlar olduğunu əsas gətirərək “Toplum TV”-nin sualını cavabsız qoyub..
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə