Sosial

Media eksperti: “İntihar xəbərləri bulaşıcılıq effekti yaradır”

24 Fevral, 2021
1966

Sosial media

“Bakı sakini özünü işıq dirəyindən asdı”, “İntihar edən 20 yaşlı qızın mesajları yayıldı: “İşdi başıma nəsə gəlsə...”, “Bakıda 8 yaşlı qız İNTİHAR ETDİ: atası evə sərxoş gəldi...”-bunlar müxtəlif media orqanlarında dərc olunmuş intihar xəbərlərinin başlıqlarıdır.

Fevralın 19-da 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi xəbəri yayılandan sonra hadisənin baş verməsi ilə yanaşı, onun necə təqdim olunması da müzakirələrə yol açıb.

Bəziləri bu tip xəbərlərin dərc edilməməsinin tərəfdarı olsa da, ictimai-siyasi fəallar arasında mediada belə hadisələrin qabardılmasını müdafiə edənlər də oldu.

Belə hallarda medianın mövqeyi necə olmalıdır: hadisəni işıqlandırmaq, yoxsa günahkar axtarmaq?

Deputat Jalə Əhmədova fevralın 23-də verdiyi açıqlamada intiharların baş vermə səbəbləri içində mətbuatın da rol oynadığını bildirmişdi.

“Daha çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu yolverilməzdir. Bu, intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər, ona görə də mediaya məsələyə daha həssas və məsuliyyətlə yanaşmağı tövsiyə edərdim”.

“Bu məsələdə zərər vurmamaq tələbi hadisəni dəqiq işıqlandırmaq tələbindən önə keçir”
 

Media eksperti, jurnalist Rövşən Əliyev deyir ki, münaqişə, intihar, qətl hadisələrindən yazarkən nə çox detallı təsvirə, nə də emosionallığa ehtiyac var: "Məsələnin psixoloji tərəfi - münaqişə tərəflərinə, ailələrə zərər vurmaq ehtimalı, şəxsi məlumatların yayılması təhlükəsi olduğundan, intihar hadisəsi daha qəlizdir”.

Rövşən Əliyev-sosial media
Rövşən Əliyev-Sosial media

Bununla bağlı dünyada 50-dən çox araşdırmanın eyni nəticə verdiyini deyən ekspert bildirir ki, intihar xəbərləri bulaşıcılıq effekti yaradır.“Belə xəbərlərin təqdimat forması bu bulaşıcılıq effektini azalda və ya artıra bilər. Bu heç də o demək deyil ki, faktlar təhrif olunmalıdır, yaxud gizlədilməlidir. Bu o deməkdir ki, xəbər hazırlanarkən müxtəlif peşə sahiblərinin - sosiloqların, psixoloqların, həkimlərin tövsiyələri nəzərə alınmalıdır”.

R.Əliyevin sözlərinə görə, bir çox ölkələrdə intiharların qarşısının alınması istiqamətində fəaliyyət göstərən təşkilat və ya konorsiumlar var. Onlar araşdırmalar edir və nəticələrə əsaslanaraq jurnalistlər üçün tövsiyələr hazırlayırlar. Bu prosesdə aparıcı mütəxəssislər, səhiyyə təşkilatları, tibb universitetləri, jurnalistika fakültələri, media təşkilatları, internet təhlükəsizliyi orqanları, ailə problemləri üzrə QHT-lər iştirak edir.

Mütəxəssislər nə tövsiyə edirlər?

Media eksperti bildirir ki, mübahisəli məsələlərdə qərar sağlam mühakimə əsasında verilir: “Çünki hər situasiya üçün qanun-qayda tətbiq etmək mümkün deyil”.
R.Əliyev həmçinin qeyd edir ki, xəbərdə intiharın konkret yox, ümumi yerini demək məsləhətdir:
“Digər bədbəxt hadisələrin işıqlandırılmasında olduğu kimi, burda da fotoşəkillərdəki şiddət, qan izi qabardılmamalıdır. Sensasiyalı sərlövhələrdən yayınmaq lazımdır. “Filankəs özünü 15-ci mərtəbədən atdı" əvəzinə, "Filankəsin intihar etdiyi güman olunur" tipli sərlövhələr vermək daha doğrudur. Çünki hadisə intihar yox, qətl də ola bilər. Bulaşıcılıq effektinə görə bir başqası eyni hadisəni təkrarlamağa çalışa bilər. İntihar alətinin təsvirindən də qaçmaq lazımdır. İntihar edən şəxsin qeydləri tapılıbsa, mətnin yaylması doğru deyil. Sadəcə, "mətn tapılıb, öyrənilir" yazmaq kifayətdir. Çünki həmin mətni intihar etmiş şəxs özü yazmaya da bilər. Üstəlik, belə mətnlər bulaşıcılıq effektinin güclənməsinə yardım edir. Hər söz diqqətlə seçilməlidir. Məsələn, intihar cəhdi baş tutmayıbsa, buna "uğursuz cəhd" demək olmaz. İlk baxışdan fərqi sezməyə bilərsiniz. Ancaq diqqətlə baxanda bu ifadə özünü öldürməyi uğur saymaq kimi səslənir”.

R.Əliyev intihar xəbərlərinin xəbərdarlıq işarəsi ilə verilməli olduğunu vurğulayır:
“İntiharın tək bir səbəbinin olduğunu yazmaqdan çəkinmək lazımdır. Hətta bu səbəb sizə dəqiq görünsə belə. Çünki mütəxəssislər intiharı kompleks hadisə sayırlar, səbəblərin əvvəlki hadisələrin zəncirindən ibarət olduğunu və ola bilsin, psixoloji pozuntulardan qaynaqlandığını deyirlər”.

“Faciəvi hadisə baş verəndə qurbanları affekt vəziyyətdə danışdırmaq etik deyil”

Jurnalist Aynur Elgünəş belə deyir.

Aynur Elgünəş qanarinfo.az
Aynur Elgünəş-Sosial media

“Çünki insanlar sonradan soyuq başla düşünüb əvvəlki fikrindən daşına bilərlər və bu, çox normal haldır. Bu halda təkziblər media orqanını da yalançı, manipulyasiya ilə məşğul olan durumuna salır.
Son intihar hadisəsindəsə jurnalistlər çox yanlış və qeyri-peşəkar yanaşma sərgilədilər. Ümumiyyətlə, həssas mövzularda kiməsə sual verəndə düşünmək lazımdır, özüm o vəziyyətdə nə deyərdim, nə edərdim deyə.
Təbii, hadisə baş veribsə, jurnalist olay yerini incələməkdən tutmuş tərəfləri sorğulamaya qədər işini davam etdirə bilər. Amma bunu rəy vermədən, tərəf göstərmədən və kimsəni qınaq hədəfinə gətirmədən etməlidir. Bütün tərəflərin mövqeyi işıqlandırılmalı, hamıya söz haqqı tanınmalı, balans qorunmalıdır. Bundan başqa, intihar xəbərlərində mütəxəssislərin rəyləri də önəmlidir”.

A.Elgünəş həmçinin qeyd edir ki, intihar xəbərlərində sözlərə və vurğulara xüsusi diqqət yetirilməlidir:
“İntihara haqq qazandırmaq, şəxsin intihar üçün seçdiyi üsulu detallı təsvir etmək, başqa seçimin olmamasını qabartmaq və s olmaz. Bəllidir ki, intihar xəbərləri bu üsulun təbliğinə, tətbiqinə yol açır”.

Hüquqşünas, media məsələləri üzrə ekspert Xalid Ağəli belə xəbərlərin yayımlanmasına qanuni əngəl olmadığını bildirir:
“Medianı müntəzəm izləyən biri kimi deyə bilərəm ki, son həftələrdə intihar xəbərləri daha qabarıq - manşetdə və ya ən görünən yerdə, cəlbedici ifadələrlə yayımlanır. Düzdür, qanun bunu qadağan etmir, amma media etik normalara əməl etməlidir. İntihar xəbəri cəlbedici hekayə kimi təqdim olunmamalıdır. Fikrimcə, bizim media buna o qədər də əməl etmir”.

Xalid Ağəli Sosial  media
Xalid Ağəli-Sosial media

X.Ağəlinin sözlərinə görə, burada media azadlığı da rol oynayır:

“Azadlıq olmadığından normal jurnalist birliklərinin müəyyən etdiyi, yazıb divarlarından asdıqları etik qaydalar da yoxdur. Bu da yekunda xəbərləmə prosesinə təsir göstərmiş olur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin açıqlamasında Avropa və region ölkələriylə müqayisədə Azərbaycanda daha az intihar hadisəsinin olduğu bildirilsə də, 1-24 fevral aralığında mediada 24 intihar xəbəri dərc olunub, başqa sözlə, hər günə bir hadisə.
Rəsmi statistikaya görə, ötən il Azərbaycanda 597 intihar hadisəsi baş verib (2019-da 565), onlardan 37-nin yaşı 18-dən az olub - 2019-cu illə müqayisədə 17 nəfər çox...


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Şəhər və rayonlararası marşrutlarda biletlərin qiyməti bahalaşıb

2 Fevral 2023

ayna.gov.az/

Azərbaycanda şəhər və rayonlararası avtobus marşrutlarında məsafəyə uyğun olaraq sərnişin biletlərinin qiyməti dəyişib. Toplum TV xəbər verir ki, bu baədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.  Bildirilir ki, qiymətlər Tarif Şurasının 2023-cü il yanvarın 31-i tarixinə olan qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb. Bu tariflər şəhər və rayonlardan Bakı istiqamətinə də şamil edilir. https://toplum.tv/multimedia/pneqliyyatda-qiymet-artdi-quothoumlkumet-istese-qiymeti-tenzimleyerdiquotp Yeni tariflər 03.02.2023-cü il tarixindən qüvvəyə minəcək.  Yeni tariflərlə linkə tıklamaqla tanış ola bilərsiniz: Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin tarifləri  
Sosial

Tarif Şurası bəzi dərmanların da qiymətini artırıb

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun bu gün, yanvarın 31-də keçirilən iclasında qəbul olunub.  Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir. Onların tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. https://toplum.tv/sosial/pmetro-ve-marsrut-avtobuslarinda-gedis-haqqi-artirildip Tarif Şurası bu gün həmçinin metro və marşrut avtobuslarında gediş haqqının artırılması barədə də qərar çıxarıb.  Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün...

Seçilmiş Videolar

Toplum TV loqo