Sosial

Məktəblərlə bağlı qərarın gecikməsi narazılıq yaradır: "İstənilən qərara valideynlər etiraz edəcək"

Vüsalə Mikayıl
6 Sentyabr, 2021
897

Açıq mənbələrdən götürülüb

Azərbaycanda yeni tədris ilinin əyani və ya distant formada olacağı ilə bağlı hələlik dəqiq qərar yoxdur. Bu isə məktəblərin fəaliyyətə başlamasına az qalmış valideynlərin işini çətinləşdirir. Bura məktəb alış-verişi ilə yanaşı, nizamlanması vacib olan gündəlik məişət qayğıları da daxildir. 

Məsələyə diqqət çəkən jurnalist Emin Hüseynzadə “Feysbuk” hesabında Təhsil Nazirliyinin məsələylə bağlı qərarının gecikdirilməsini düzgün hesab etmədiyini yazır. 

Təhsil Nazirliyinin mətbuat katibinin bu yaxınlarda məktəblərin açılacağını deməsi nə mənaya gəlir? “Bu yaxınlar” nə zamandır?”

Ailəsində iki şagirdin olduğunu deyən E.Hüseynzadə “Toplum TV”-yə bunları danışıb: “Əsas məsələlər arasında məktəb üçün alış-veriş də var. İndi valideynlərin çoxu bilmir, forma alsın, ya yox? Uşaqlar böyüyür, geyim ölçüləri dəyişir, keçən il alınan formalar əyani tədris davamlı olmadığı üçün demək olar ki, geyinilmədi". 

O burada bir neçə yox, əksər valideynlərdən söhbət getdiyini deyir və məktəb alış-verişinə kifayət qədər pul xərcləndiyini də nəzərə çatdırır: “Ailəmizdə iki şagird var. Düzü, xərclər barədə hələ dəqiq hesablama aparmamışam. Çünki doğurdan da gözləmə vəziyyətindəyik. Tədris əyani olsa, forma, çanta və yol xərcləri olacaq. Bura başqa xərclər də daxildir”.

E. Hüseynzadənin sözlərinə görə, hazırkı məchul vəziyyət təkcə valideynlərin ənənəvi məktəbli bazarlığına aid deyil. O, digər məsələlərlə bağlı danışarkən bunları əlavə edir: “Yüzlərlə valideyn var ki, hazırda övladlarının təhsil aldığı şəhərdə deyillər. Onlar indi düşünürlər ki, geri qayıdım, ya qayıtmayım? Təhsil Nazirliyinin mətbuat katibinin bu yaxınlarda məktəblərin açılacağını deməsi nə mənaya gəlir? "Bu yaxınlar” nə zamandır?""

Emin Hüseynzadə - Sosial media

O, insanların elan olunacaq istənilən qərara etiraz edəcəklərini də deyir və qərar vaxtında elan edilmədiyi üçün valideynlərin situasiyaya neqativ cavab verəcəklərini vurğulayır: “Veriləcək istənilən qərara valideynlər etiraz edəcəklər, çünki neqativlər yığılıb. Əyani tədris olsa, haqlı olaraq deyiləcək ki, 4000-ə yaxın yoluxmanın olduğu bir vaxtda bu düzgün qərar deyil. Distant təhsilə keçilsə, əyani təhsilin tərəfdarları etiraz edəcək”.

Artıq beynəlxalq təşkilatlar Azərbaycana tədris prosesinin bərpa edilməsi üçün çağırış da ediblər. Sentyabrın 1-də UNICEF və ÜST birgə yaydıqları bəyanatda Azərbaycan hökumətinə məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edib. 

Valideyn Gülşən Əliyeva da hələ dəqiq qərarın olmamasından narazıdır. Onun iki övladı 262 nömrəli tam orta məktəbin 6-cı və 2-ci siniflərinə gedir. “2 gün əvvəl bəzi məktəb ləvazimatlarını aldım. Nazirliyin qərarını gözləyirəm, hər ikisi üçün formanı və ayaqqabıları sonra alacam. Çünki keçən ilki kimi evdə qalmalarını istəmirəm”, - o qeyd edir. 

Valideyn yoluxmalar artıb deyə məktəblərin açılmasını istəmədiyini bildirir: “Tədris əyani olanda gündəlik 2 manata yaxın yol xərcimiz olurdu. Distant tədris zamanı da həmin pulu gündəlik internet paketinə sərf edirdik. Yəni, gündəlik xərc baxımından o qədər də fərq etməyəcək”.

Amma G.Əliyeva bir otaqlı evdə yaşadığı üçün distant tədris zamanı qarşılaşacağı problemləri də sadalamağı unutmur: “Keçən tədris ilində dərs vaxtı uşaqlardan biri otaqda, biri mətbəxdə otururdu. Ona görə mətbəxdə balaca oğlum üçün yer hazırlamışdım. Qərar olsa, gərək yenidən hazırlıqlar görək”. 

Təhsil eksperti Kamran Əsədov “Toplum Tv”-yə açıqlamasında deyir ki, tədris prosesinin bərpası ilə bağlı qərar qəbul etmək çətin məsələdir. O qüvvədə olan qanunvericiliyin tələbinə görə, tədris prosesinin 15 sentyabrda ənənəvi qaydada bərpa edilməli olduğunu bildirir: “Çünki Nazirlər Kabinetinin 1 fevral 2021-ci ildən tədrisin bərpası ilə bağlı qərarı oktyabrın 1-nə qədər qüvvədədir və hibrid (qarışıq) şəkildə tədris nəzərdə tutulub. Burada əsas problem tədrisin ənənəvi, yoxsa onlayn qaydada baş tutacağıdır”. 

Kamran Əsədov - Sosial Media

K.Əsədov qərar verilərkən məktəbli formalarının qiymətinə bir müddətlik güzəşt edilməsini də vacib hesab edir: “Azərbaycanda şagirdlərin müəyyən qismi aztəminatlı ailələrdəndir. Belə ailələr avqustun axırı, tutaq ki, ayaqqabını alırdılar, sonra sentyabrda başqa bir ehtiyac üçün pul xərcləyirdilər. İndi isə birdən-birə valideynlərin bu qədər yükü götürmək imkanı yoxdur. Ona görə hesab edirəm ki, formaların qiymətinə 10-15 günlük güzəştlər tətbiq edilməlidir”.

Ekspert valideynlərə indiki vəziyyətdə çıxış yolu kimi məktəbli forması istisna olmaqla, qiymətlər bahalaşmadan əvvəl digər ehtiyacları təmin etməyi tövsiyə edir.

Qonşu ölkələrdə isə artıq tədrisin hansı formada təşkil olunacağı ilə bağlı qərarlar var. Türkiyə və Rusiyada məktəblərdə tədrisin əyani təşkilinə qərar verilib. 
Gürcüstanda isə sentyabrın 15-dən etibarən dərslər distant formada baş tutacaq və qərara əsasən hələ ki, oktyabrın 4-nə qədər bu şəkildə davam edəcək.

Kamran Əsədov indiki situasiyada Təhsil Nazirliyinin qərar qəbuledən yox, icraçı orqan olduğunu deyir. O, nazirliyin müvafiq addım atması üçün Nazirlər Kabinetindən göstərişin olmasının vacibliyindən danışır: “Təhsil Nazirliyi indiki halda vəziyyəti təhlil edib təkliflər verə bilər. O ki qaldı qərar qəbul etməli olan qurumlara, onların fəaliyyətini yaxşı hesab etmək olmaz. Ona görə ki, əksər dünya ölkələri, hətta Afrika ölkələri belə yeni tədris ili ilə bağlı qərarlarını elan ediblər. Görünür, tədrislə bağlı qərarları verən qurumlar məzuniyyətdən qayıtmayıblar. Ümid edirəm ki, ayın 5-nə qədər qayıdarlar və ictimaiyyətə gözlənilən xəbəri elan edərlər”.

Cəsarət Valehov - Rəsmi səhifə

Təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov bugün açıqlamasında bildirib ki, məktəblərdə tədrisin distant, yoxsa əyani formada olacağı ilə bağlı qərar  sentyabrın 7-də ictimaiyyətə açıqlanacaq. O, “Toplum Tv”-yə bunları deyib: “Biz həmin tədbirdə qərarları qəbul edərkən nələri nəzərə aldığımızı da elan edəcəyik”.

Yoluxmaların və koronavirus infeksiyasından ölənlərin artması isə tədrisin onlayn şəkildə olacağı ehtimalını artırır. Nazirlər Kabineti keçən il 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə vermişdi. Həmin qərarın imzalandığı 9 sentyabr tarixi üçün koronavirus göstəricisi 175 yoluxma, 3 ölüm olub.

Ölkə üzrə dünənə olan statistik göstəricilər isə belədir: 2406 yeni yoluxma, 2867 sağalma, 37 ölüm.

 

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar