Sosial

"Mən yalvaracam ki, məni öldürəndə yandırsınlar..." - məkanı olmayan teatrda bir gün

Aytac Məmmədli
26 Yanvar, 2022
315

Toplum TV

“Əgər mən ayağa dura bilsəydim...”

Axşam saat 8-dir, “Gənclik”dəki mebel mağazalarından birinin zirzəmisində belə bir söhbət eşidilir:

- Mənə maraqlı deyil, məni hansı ağacdan düzəldilmiş tabutda basdıracaqlar, çünki hamısında torpaq tabutun qapağını sıxıb sındıracaq və mən sıxlığa nifrət edirəm. Mən yalvaracam ki, məni öldürəndə yandırsınlar. Amma... mən istidən də qorxuram axı.

Qapını açıb içəri girəndə məlum olur ki, “Cosmo” teatr “Axır ki, bitdi” tamaşasına hazırlaşır.

Amma ənənəvi teatrlardan fərqli olaraq buranın nə səhnəsi var, nə pərdəsi, nə də işığı. Ağ divarları olan soyuq bir otaqda iki nəfər əllərində ssenari bir-birinə nəyisə izah edirlər.

Toplum TV

“Cosmo” teatrın rəhbəri, rejissor, aktyor Ümüd Abbas məni görüb içəri dəvət edir. Onun dediyinə görə, özü də Sumqayıtdan elə bir az olar gəlib.

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov da burdadır.  Tamaşasında təmənnasız oynayacağı üçün “Cosmo”-nun rəhbəri ona ürəkdolusu minnətdarlıq edir.

Boz torpağın içindən görünən göyqurşağı 

Ümüd Abbas Sumqayıt Dram Teatrının rejissorudur. Bundan əvvəl “Şah Mat” özəl teatrını, indi isə “Cosmo” teatrını qurub. Onun söylədiyinə görə, dövlət teatrında rejissor olsa da, özünü özəl teatrda daha azad hiss edir. Elə biz də söhbətimizə burdan başlayırıq.

“Bəzi əsərlər var ki, dövlət teatrları müəyyən səbəblərdən onu repertuara sala bilmir. Məsələn, açıq-saçıq səhnələr olan tamaşalara dövlət teatrları icazə vermir. Amma mən həmin tamaşaların 18+ qalaqramıyla elanını verirəm, istəyən gəlir, istəməyən yox. Özəl teatr aktyora azadlıq verir. Mən öz tamaşaçılarımı tərbiyələndirmişəm, səhnədən düşüb tamaşaçının sinəsindən yapışıb, pencəyini çıxarıb yerə atsam da, o mənim üzümə qayıtmayacaq. Amma mən bunu dövlət teatrında edə bilmərəm. Təbii, təkcə bu məsələ deyil, bəzi başqa şeylər də var ki, dövlət teatrlarında onu etmək olmur”.

Toplum TV

Ümüd “bəzi başqa şeylər” barədə danışmağa çox da istəkli olmadığından mövzunun üstündən keçirik. Onun teatra gəldiyi illərə gedib çıxırıq.

Ümüd Abbas danışır ki, 4-5 il bundan əvvəl fəhlə işləyirmiş. O vaxtadək bir dəfə də olsun teatra getməyibmiş.

“Əsgərlikdən gəlmişdim, pula ehtiyacım var idi, ofisiant işlədim, beton zavodunda fəhlə işlədim. Bir gün toz-torpağın içində yenə işləyirdim, hava da çiskinliydi, fəhlələrdən biri dedi ki, göyqurşağı çıxıb. Baxdım ki, bomboz torpağın içindən uzaqda göyqurşağı görünür. Onda mən dərk elədim ki, buranın adamı deyiləm. Bir əlimdə sement, bir əlimdə kitab. Axı bu işi də bacarmırdım. Bir gün başıma taxta düşürdü, o biri gün ayağıma mismar batırdı...”

Elə o gündən Ümüd qərar gəlir ki, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olsun. Dediyinə görə, işlədiyi zavodun rəhbəri ona qabiliyyət imtahanına hazırlaşmağa icazə verməyib. O da ərizəsini yazıb işdən ayrılıb. Beləliklə, işsiz qalan adamın tək çarəsi qabiliyyət imtahanından keçib universitetə girmək olub.

Toplum TV

“Mən evin ən döyülən, ən əzilən uşağı olmuşam. Böyüdükcə içimdə bir amiranəlik, tabeleçilikdən çıxmaq arzusu yaranıb. Ona görə də rejissor olmağı seçdim. Amma yeri gələndə mən burda da fəhləlik edirəm. Məsələn, “İstehkam” tamaşasanı quranda zibil qablarını eşə-eşə karton qutu axtarmışam”.

“Deyirəm, bəlkə gedim bankdan pul götürüm”

Ətrafa nəzər salıb Ümüd Abbasa buranı belə təsəvvür etmədiyimi, çoxlu aktyor, ən azından səhnə görəcəyimi düşündüyümü söyləyirəm.

O, Rəşad Səfərova yenidən təşəkkür edərək deyir ki, aktyor burda  universitetə tələbə hazırlayır. “Cosmo” teatrın isə hələlik məkanı yoxdur. Ümüd özü də hər axşam Sumqayıtdan bura məşqə gəlir.

O, tamaşalarının məşqinin hər dəfə bir ünvanda olduğunu söyləyir. Bundan əvvəlki tamaşasını da Sumqayıtdakı tədris mərkəzlərindən birində qurub.

“Məşqləri bir təhər yekunlaşdırırıq. Sonra əl-ayağa düşürük ki, ay Allah, tamaşanı qurduq qutardıq, indi səhnəni neynəyək?”

Teatrın ciddi maliyyə problemləri var. Bu, təkcə “Cosmo” teatrın problemi deyil, Azərbaycandakı əksər özəl teatrlar həmin problemlə üz-üzədir. Hətta ötən il ilk müstəqil teatr olan “ADO” maddi çətinlik ucbatından məkanını itirdi.

“Bundan əvvəlki tamaşanı kafelərdə, restoranlarda, kitab sərgilərində nümayiş etdirmişəm. Özü də 1 qəpik pul götürmədən. Belə ümidsiz danışıram, oxuyan deyəcək ki, nə vaxt gəldin müraciət etdin, nəsə eləmədik? Amma hamı özəl teatrlar haqqında məlumatlıdır də, elə deyil? Hansına nə ediblər? Onlar nəsə etmək məcburiyyətində də deyillər ey. Adama deyərlər ki, mən səndən xahiş etmişəm teatr qur deyə? Siz gəlməzdən qabaq elə onu danışırdıq ki, bu tamaşanın dekorasiyasını, rekvizitini hansı pulla həll edəcəyik. Deyirəm, bəlkə gedim bankdan pul götürüm”.

Toplum TV

Ağlına təzə bir fikir gəlmiş kimi Ümüd üzünü Rəşad bəyə çevirir: “Rəşad müəllim, bəzən düşünürəm ki, niyə kimsə özünü mənim tamaşama pul yatırmaq məcburiyyətində hiss etsin? Ümumiyyətlə, dövlət niyə özəl teatra pul ayırsın?”

Rəşad Səfərov oturduğu yerdən sakitcə cavab verir: “Əslinə qalsa, lazımdır. Özəl sektor dövlət büdcəsi üçün daha əhəmiyyətlidir. Özəl teatrlar həm də vergi, əlavə qazanc mənbəyidir. Amma bu gün teatr heç kəsə lazım olmadığı kimi dövlətə də lazım deyil”.

O, teatra, kinoya qarşı olan diqqətsizlikdən danışaraq söhbəti davam etdirir: “Biz ancaq sənət düşünürük, elə sənəti düşünə-düşünə də bu günə qalmışıq. O vaxt bir seriala çəkilirdim. İçəridə maşının partlama səhnəsi vardı. Amma həmin yer çatanda maşını partlatmadılar. Soruşdum ki, maşın niyə partladılmadı?  Cavab verdilər ki, maliyyə problemləriylə bağlı biz o hissəni ləğv etdik. Əşi, bizim 200 manatımız olmadı ki, köhnə bir “jiquli” alıb rəngliyək, onu partladaq?..”

R. Səfərov aktyorlara dəyər verilmədiyini də söyləyir: “O vaxt bir filmə çəkilirdim. İki rus aktyoru vardı, iki nəfər də bizimkilərdən. Rus aktyorlarının iki köməkçisi var idi, fasilələrdə sərin meyvələr, sərin spirtli içkilər qoyulurdu qabaqlarına. Biz azərbaycanlı aktyorlar da yetim kimi ortada qalmışdıq. Hər şey cəhənnəm, heç bir stəkan sərin su tapa bilmirdik”.

“Quru 4 divar olsun, onu mən səhnə edəcəm”

Ümüd Abbas isə sadəcə bir şey istədiyini deyir, o da məşq edə biləcəyi, tamaşalarını göstərə biləcəyi bir məkan: “Bir ara nazirliyin yaxşı bir təşəbbüsü oldu, hər bir özəl teatr istədiyi bir dövlət teatrında tamaşa oynasın. Sonra nəsə alınmadı. Çox arzu edərdim ki, bu proses davam etsin. Heç nə istəmirəm, bir balaca yer olsun, lap səhnəsi olmasın, işığı olmasın, pərdəsi olmasın. Quru 4 divar olsun, onu mən səhnə edəcəm”.

Rəşad Səfərov Ümüdün bu sözlərindən sonra ona işarəylə deyir: “Bu adamın teatrı indi necədirsə, bax 10 il sonra da elə olacaq. O, yaradıcı adamdır, onu biznes, müqavilələr, maddiyyat maraqlandırmır. Onun ancaq kitabdan başı çıxır. Amma gərək bunun biznes tərəfini də düşünəsən, bax inkişaf o vaxt olacaq”.

Toplum TV

Ümüdün dediyinə görə, özəl teatrların məkan problemi Mədəniyyət Nazirliyinin diqqətindədir. Hətta bu yaxınlarda xalq artisti, müstəqil “M-TEATR”-ın rəhbəri Vidadi Həsənov özəl teatr rəhbərlərini bir araya yığaraq sözügedən problem barədə müzakirə aparıb. Ümüd Abbasın dediyinə görə, Mədəniyyət Nazirliyi məsələnin həlli istiqamətində müsbət addımların atılacağıyla bağlı onlara vəd verib.

Nazirlik: “Özəl teatrlara səhnə vermək çətin olur”

Məsələ ilə bağlı biz də Mədəniyyət Nazirliyinə müraciət etdik. Nazirliyin mədəniyyət və kommunikasiya şöbəsinin əməkdaşı Xanım Rəsulova da xatırlatdı ki, pandemiyadan əvvəl Mədəniyyət Nazirliyi özəl teatrların fəaliyyətinə dəstək vermək məqsədilə onların hər birinə ayda bir dəfə dövlət teatrlarının səhnəsində təmənnasız tamaşa oynamaq şəraiti yaradıb. Lakin indi vəziyyət bir qədər fərqlidir, uzun müddət fəaliyyəti məhdudlaşdırılan teatrlarda hazırda gərgin iş rejimi gedir.

“Teatrların fəaliyyəti tam olaraq da bərpa olunmayıb, zalın tutumunun 50 faizi qədər bilet satışına icazə verilib. Teatr təsərrüfat hesablı müəssisə olduğundan kommunal xərclərini ödəmək üçün tamaşa oynayıb bilet satmalıdır. Hər gün məşqlər, tamaşalar gərgin iş rejiminə gətirib çıxarır və özəl teatrlara səhnə vermək çətin olur. Dövlət  Gənc Tamaşaçılar Teatrının böyük səhnəsi təmirdədir, heç öz səhnəsində tamaşa oynaya bilmir. Bu, mövcud vəziyyəti bir az da qəlizləşdirir. Amma imkan daxilində şərait  yaratmağa çalışırıq. Məsələn, “Əsa” teatrı müraciət etdi, ona ayda bir dəfə Akademik Rus Dram Teatrının səhnəsində tamaşa oynamağa imkan yaradıldı”.

X. Rəsulova bildirir ki, nazirlik  teatr ictimaiyyəti, o cümlədən özəl teatrlarla daimi əlaqədədir. Hətta bu yaxınlarda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə keçirdiyi görüşdə özəl teatrların da əməkdaşları iştirak edib və onların problemləri dinlənilib.

“Mədəniyyət Nazirliyinin keçirdiyi layihələrdə, məsələn, Qısa Tamaşalar Festivalı, Rusiya Teatr Sənəti İnstitutunun - QİTİS pedaqoqlarının iştirakı ilə keçirilən "Gənc teatr prodüserləri üçün laboratoriya, "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Bəxtiyar Xanızadənin ustad  dərslərində və s. özəl teatrların iştirakına da şərait yaradılıb. Təbii ki, bundan sonra da həyata keçirəcəyimiz layihələrdə özəl teatrlar  nəzərdə tutulacaq. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən layihələr təkcə dövlət teatrlarının deyil, bütövlükdə Azərbaycanda teatr prosesinin inkişafına dəstək məqsədini daşıyır”,- nazirliyin rəsmisi belə söyləyib.

Aktyorlarla söhbətin ortasında qapı döyülür. İçəri gənc bir qadın daxil olur, tamaşada rol alacaq aktrisalardan biridir. Məşq başlayır.

Toplum TV

Aktyor Rəşad Səfərov ortaya bir stul qoyub oturur, əlini də tapança formasında  gicgahına dirəyir. O, ölümə hazırlaşan adam rolunu oynayır. 1000-dək saydıqdan sonra tapança açılacaq. Amma adam hər rəqəmdə bir hadisəni xatırlayır və heç cür işini tamamlaya bilmir. Tapançası açılmayan adamın bəhanəsi də yəqin ki, budur:

- Əgər mən ayağa dura bilsəydim, özümü asardım...

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo