Sosial

Mərhumun yaxınları: “Bu adam koronavirusdan ölübsə, niyə imkan verdilər meyitə yaxınlaşaq, özümüz basdıraq?” 

Aytac Məmmədli
15 Aprel, 2021
1347

France 2

"Bizə koronavirusdan öldüyünü dedilər, amma iki gün sonra mesaj gəldi ki, testin nəticəsi neqativdir". 

Şəkinin Böyük Dəhnə kənd sakini Heyran Mustafayeva "Toplum TV"-yə belə deyir. 

O iddia edir ki, Şəki rayon Mərkəzi Xəstəxanasında qaynanası Şadiyyə Mustafayevadan COVİD-19 testi götürüblər, amma nəticə bəlli olmamış həkimlər ona koronavirus diaqnozu qoyublar. 

"Qaynanam iki gün idi ki, yaxşı deyildi, nəfəs almaqda çətinlik çəkirdi. Kəndin həkimi gəlib yoxladı, dedi ki, Təcili Yardım maşını çağırın. Çağırdıq və qaynanamı rayon xəstəxanasına apardıq. Test götürdülər, rentgenə saldılar. Testin nəticəsi çıxmamış dedilər ki, xəstə virusa yoluxub, modul tipli xəstəxanaya aparın". 

H.Mustafayevanın söylədiyinə görə, qaynanasını həmin xəstəxanaya yerləşdirib evə qayıdıblar, səhər saat 3-də isə onun ölüm xəbərini alıblar. 

Şadiyyə Mustafayeva - Toplum.TV

"Bizi morqa çağırdılar. Meyiti ortaya qoymuşdular, biz də qucaqlayıb öpürdük. Bu adam koronavirusdan ölübsə, niyə yaxınlaşmağa icazə verdilər? Orda meyityuyan məni qırağa çəkib 50 manat istədi, dedi ki, gedin, kəfən də alın".

Onun sözlərinə görə, meyiti qəbirstanlığa yük maşınıyla aparıblar: "Morqa dedik ki, heç olmasa, maşın verin, aparıb basdıraq. Vermədilər. Borc pul tapıb qumdaşıyan maşın tutduq. İki polis də bizimlə gəldi, basdırıb qayıtdıq". 

H.Mustafayeva Şəki rayon Mərkəzi Xəstəxanasını “meyitləri pulla satmaqda" suçlayır. 

O, TƏBİB-in Qaynar Xətt xidmətiylə əlaqə saxladığını da söyləyir: "3 dəfə zəng vurmuşuq, hər dəfə dedilər ki, araşdırıb cavab verəcəyik, amma səs çıxmadı. Testin nəticəsini alandan sonra xəstəxanaya da getdim, bizimlə danışan Samir həkimi tapa bilmədim". 

Heyran Mustafayeva - Toplum.TV

Şəki rayon Mərkəzi Xəstəxanasının Covid 19-a yoluxan xəstələr üzrə qeydiyyatçısı Dilarə İsmayılovanın "Toplum TV"-yə dediyinə görə, test üçün müraciət edən şəxslərdə ağır simptomlar olarsa, onları testin nəticəsini gözləmədən modul tipli xəstəxanaya göndərirlər. 

Modul tipli xəstəxananın baş mütəxəssisi Samir Muradovun sözlərinə görəsə, yoluxmanın axırıncı mərhələsində - pnevmaniya yarananda testin nəticəsi neqativ çıxa bilir: "Təcili Tibbi Yardım xəstəni gətirib bizə təhvil verdi. Biz də rentgen nəticələrinə baxıb gördük ki, qadında pnevmaniya var, müalicəsinə başladıq". 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev də mütəxəssisin dediklərini təsdiqləyib. 

"Dəfələrlə müşahidə etmişik ki, yuxarı tənəffüs orqanları - əsnək, burun və ağız udlaqdan test götürüblər, nəticəsi neqativ çıxıb. Amma kompüter tomoqrafiyasında, rentgendə ağciyərlərdə koronavirusla bağlı dəyişikliklərin baş verdiyini görmüşük. Daha bir misal - koronavirusdan müalicə olunandan sonra yuxarı tənəffüs yollarından test götürəndə nəticəsi neqativ olur. Həmin pasienti xəstəxanadan çıxarsalar da, ağciyərlərdə dəyişikliklər davam edir". 

A. Əliyevin dediyinə görə, test analizinin neqativ çıxması koronavirusun olmadığı anlamına gəlmir. "Test analizi heç vaxt 100 faiz doğru olmur. Analizin nəticəsi 70 faiz düz; 30 faiz səhv olur - virus aşağı tənəffüs yollarında düşüb yuxarıda qalmış olmayan hallarda cavab neqativ çıxır". 

Toplum.TV

Cavabsız qalan suallarsa bunlardır mərhum koronavirusa yoluxmuşdusa, niyə xüsusi qaydada kəfənlənərək dəfn edilməyib, niyə yaxınlarının onun cəsədiylə  təmasına icazə verilib, niyə bu şəxslərin də infeksiyaya yoluxub-yoluxmadığı öyrənilməyib? 

Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 14-nə olan məlumatına görə, indiyədək ölkədə koronavirusdan ümumilikdə 4009 nəfər vəfat edib. 

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar