Sosial
Mərkəzi Bankın qarşısında aksiya keçirildi
14 Sentyabr, 2020
Baxış: 172
"Pul qoymuşuq, bank bağlanıb, geri ala bilmirik”

Sentyabrın 14-də bağlanmış "Bank Standart”ın əmanətçiləri Azərbaycan Mərkəzi Bankının önündə toplanıblar. 

Onlar pullarının qaytarılmasını tələb ediblər.

Etirazçılar 4-5 il öncə "Bank Standarta” əmanət qoymuş insanlardır. Əmanətləri sığortalanmadığı üçün onları geri ala bilmirlər. 

Hər ay Mərkəzi Bankın önünə toplanan əmanətçilər dövlət qurumlarından açıqlama tələb edirlər: "Pul qoymuşuq, bank bağlanıb, geri ala bilmirik. Prezidentimizdən kömək istəyirik, başqa cür mümkün deyil, pulumuzu vermirlər. Kimi 20, kimi 22, kimi 30, kimi də 80 min dollar pul qoyub banka. Hamı da o pulu qəpik-qəpik yığmış kasıb insanlardır. Bilmirik hara gedək, kimə müraciət edək. Məhkəmələrə qədər getmişik, pulumuzu geri ala bilmirik”.

İstir Yaqubova da 4 ildir əmanətini geri ala bilmir. Deyir, dövlət idarələrindən getmədiyi yer qalmayıb. Məhkəməyə də gedib, ancaq bir xeyri olmayıb: "Süründürməçilikdir. Xəstəyəm, amma məcburam küçələrə düşməyə. Oğluma toy etmək üçün yığırdım o pulu. Pensiyamı qəpik-qəpik üst-üstə qoyub toplamışdım. İndi xəstəyəm və mənə təcili pul lazımdır. Ancaq pulumu geri ala bilmirəm. Pulumuzu niyə vermirlər, bilmirik”.

Fərhad Məhəmmədli də əmanətini geri ala bilmir. 79 min dollar qoyduğu əmanətinin 100 min olacağını düşünürmüş. Deyir, o pulun hamısını oğluna bağışlayacaqmış: "Deyirdim, dünyadan rahat köçüb gedərəm. O da alınmadı. Getmədiyimiz məhkəmə qalmayıb, heç nə etmək istəmirlər. Heç olmasa bankın əmlakını satıb qaytaralar, onu da etmirlər. Şəhərin mərkəzində qalıb bina, heç kim dəymir”.

Əmanətçilər deyirlər ki, onlar tez-tez bəlkə cavab ala bilərlər ümidi ilə Mərkəzi Bankın önünə toplanırlar. Ən sonda deyiblər ki, işlərinə sentyabrın 15-dən sonra baxılacaq. Ancaq onların bu vədə də inamı yoxdur:

"Deyirlər ki, son bağlanan 4 bankın əmanətçiləri ilə məşğuldurlar. Biz də vətəndaşıq, biz də əmanətçiyik. Bizim də haqqımızı versinlər. Ümid edirik Prezident səsimizi eşidər və bizə kömək edər”.

Mərkəzi Bankın önünə toplanan əmanətçilər "pulumuzu qaytarın”, "Bank Standart” şüarı səsləndiriblər. Daha sonra polis onları ərazidən uzaqlaşdırıb. Onlara Azərbaycanın sivil ölkə olduğunu və haqlarını məhkəmələrdə axtarmağı söyləyiblər.

Sonda əmanətçilər bildiriblər ki, Mərkəzi Bankdan onları kimsə dinləmir: "Çünki bu, onlara sərf etmir. Hər dəfə toplananda polis gücünə bizi uzaqlaşdırırlar. Biz 700-800 nəfərik və pulumuzu geri ala bilmirik. Heç kim də bizə açıqlama vermir”.

Lisenziyaları ləğv edilmiş "AtaBank”, "ƏmrahBank”, "NBCbank” və "AGBank” ASC-nin əmanətçiləri də pullarını geri ala bilmədiklərindən şikayətlənirlər. Bildirirlər ki, onlar bu banklara müxtəlif vaxtlarda sığortalı əmanət yerləşdiriblər. 

Həmin bankların lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edildikdən sonra onlar sığortalanmış əmanətlərini almaq üçün Azərbaycan Əmanətlərin Sığortalaması Fonduna (ADİF) müraciət ediblər: "ADİF bildirdi ki, həmin banklara müxtəlif vaxtlarda Mərkəzi Bank tərəfindən əmanətlərin qəbuluna qadağa qoyulub. Yəni sözlərindən belə çıxdı ki, biz səhv edib o banklara əmanət qoymuşuq. Axı bizim bu qadağadan xəbərimiz olmayıb. Bu qadağa heç bir yerdə dərc edilməyib, biz də bilməmişik və həmin banklara əmanətlər yerləşdirmişik. Heç bank da bizə belə bir qadağa barədə nəsə deməyib. Nəticədə, bankla sığortalı əmanət müqavilələri imzalamışıq. Yalnız sığorta hadisəsi baş verdikdən sonra bu fakt ortaya çıxıb və bizim əmanətlər ADİF tərəfindən bloklaşdırılıb. Üstəlik, əmanətlərimiz "qorunmayan əmanətlər” kimi qeydə alınıb”.

Ən son bağlanan 4 bankın əmanətçilərinin şikayətinə Konstitusiya Məhkəməsi baxıb və vətəndaşların lehinə qərar verib. Ancaq hələ də vətəndaşlar əmanətlərini ala bilmədiklərini deyirlər.

"Bank Standard” QSC 2016-cı ilin sentyabrında ləğv olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından onda bildirilmişdi ki, "Bank Standard”ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondu "Bank Standard” QSC-də isə 438.6 milyon manat qorunan əmanət olduğunu açıqlayıb. Həmin əmanətlərin 99 faizini qaytardığını bildirib.

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.

"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Hazırda Azərbaycanda 26 bank var.

meydan.tv
Sosial

Koronavirus statistikası: Azərbaycan 

23 Yanvar 2021
Azərbaycanda koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan yanvarın 23-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Hazırkı dövrədək 228 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib. Aktiv xəstə sayı 5892 nəfərdir. Ötən müddət ərzində 2 milyon 354 min 473 test aparılıb. Bugünkü test sayı isə 6522-dir.
Sosial

Azad Rəhimovun vəziyyəti ağırdır?

23 Yanvar 2021
Gənclər və idman naziri Azad Rəhimov Nyu-York klinikalarından birinə yerləşdirilib, vəziyyəti ağırdır. Təsdiqlənməmiş məlumatlara görə, nazir koronavirusa yoluxandan sonra kəskinləşmiş onkoloji xəstəlikdən əziyyət çəkir. Gənclər və İdman Nazirliyi bu məlumatları şərh etmir. Nazirin ABŞ-a nə vaxt və hansı məqsədlə getdiyi də məlum deyil. Azad Rəhimovun adı tez-tez böyük korrupsiya qalmaqallarında keçib və o, beynəlxalq yarışların, tədbirlərin həyata keçirilməsi və obyektlərin tikintisi zamanı on milyonlarla dolların mənimsənilməsi və oğurlanması haqda jurnalist təhqiqatının obyektinə çevrilib. Onun dövründə idmandakı bir çox nailiyyətlər gənc milli kadrların hazırlanması hesabına yox, legionerlərin hesabına əldə edilib. A.Rəhimov həmçinin idman federasiyalarının, o cümlədən Alpinizm Federasiyasının işinə kobud müdaxilə...
Seçilmiş Videolar