Sosial

“MTN işi” – Hakim zərərçəkmişə: Get, özünü başqa yerdə yandır 

21 İyun, 2022
820

“Sizsə hakimlik yox, bunlara vəkillik edirsiz. Mən sizə etiraz edirəm”.

Zərərçəkən Əfsəl Həsənəliyev iyunun 21-də “MTN işi” ilə bağlı hakimin işinə etiraz edib, o həmçinin özünə qəsd törətməyə çalışıb.

Bakı Hərbi Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, birinci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin ikinci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edir. O, media nümayəndələrinin məhkəmə salonuna buraxılmasına icazə vermir. Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən də media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumat toplamalı olurlar.

Təqsirləndirilənlərdən yalnız Mövlam Şıxəliyev həbs edilib, digərləri qətimkan tədbiri altındadır.

İyunun 21-də məhkəmə iclası əlavə şahidlərin dindirilməsiylə davam edib. Əvvəlcə təqsirləndirilən şəxsin vəsatətiylə dəvət olunmuş Qədir Əkbərov ifadə verib. Bu şəxs MTN-də Xüsusi İnspeksiyanın rəisi olub.

Qədir Əkbərov ifadəsində bildirib ki, Mövlam Şıxəliyev ona üç dəfə Yasin Məmmədovun fəaliyyətini yoxlamağı tapşırıb və o tapşırığı icra edib. Dediyinə görə, adıçəkilənlərin arasında ədavət olub.

Yasin Məmmədov şahidə suallar vermək istəsə də, hakim imkan yaratmayıb.

O “Heç olmasa MTN komendaturasından vətəndaşların keçməsi qaydası haqqında danışsın” dedikdə hakim bu sualın məhkəmə baxışına aidiyyəti olmadığını bildirib.

Hakim Zakir Qaralovun məhkəmədə dindirilməsi haqda vəsatəti təmin etmədi

Sonra hakim Elbəy Allahverdiyev təqsirləndirilən şəxs Sahib Ələkbərovun ötən məhkəmə prosesində qaldırdığı vəsatətin təmin olunmadığını elan edib. Həmin vəsatət keçmiş baş prokuror Zakir Qaralovun və onun birinci müavini Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsiylə bağlı olub.

Zərəçəkəndən etiraz: “Siz hakimlik yox, bunlara vəkillik edirsiz”

Hakim zərərçəkən Əfsəl Həsənəliyevin də eyni məzmunlu vəsatətini təmin etməyib. Bu, zərərçəkənin narazılığına səbəb olub: “Xahiş edirəm, vəsatət təmin olunmur deyib, keçməyin. Əsaslandırın, niyə təmin olunmur? Səbəb nədir? Məhkəməni obyektiv aparın. Məni o həddə çatdırmayın ki, canıma qəsd edim. Aylardır məhkəmə keçirilir. Siz burada Mövlam Şıxəliyevə vəkillik edirsiz. Bizim əsaslı vəsatətlərimizi təmin etmirsiz. Mənim evimi “Unibank” əlimdən alır. Məni girov götürüb ailəmdən 100 min dollar tələb ediblər, yalvar-yaxarla 50 min dollara düşüblər. Ailəmin yaşadığı yeganə evi banka girov qoyub 55 min dollar pul götürmüşəm. Sizsə hakimlik yox, bunlara vəkillik edirsiz. Mən sizə etiraz edirəm”.

Əfsəl Həsənəliyev bunları deyə-deyə cibindən benzin dolu şüşə çıxarıb, şüşəni açıb, içindəki mayeni üzərinə tökmək istəyəndə nəzarətçilər şüşəni əlindən alıblar. Hakimin göstərişiylə onu məhkəmə zalından çıxarıblar. Hakim onun arxasınca “Get özünü başqa yerdə yandır” söyləyib.

Bu vaxt digər zərərçəkən Zaur Əliyev hakimə deyib: “Möhtərəm hakim, adam bu yaşında ailəsiylə, balaca nəvələriylə küçədə qalmaq üzrədir, bank evini əlindən alır. Axı niyə bu günə salırsız?”. Hakimsə zərərçəkənə sual verib: “Bəs sən niyə özünü yandırmırsan?”

Ötən məhkəmə iclasında zərəçəkən Zaur Əliyevin də vəsatəti olub. O da Zakir Qaralovun, Rüstəm Usubovun, Mövlam Şıxəliyevin müavini olmuş Təhsin Ağayevin, Arif Allahverdiyevin və Mamay Qulubəyovun əlavə şahid qismində dindirilməsini istəmişdi. Vəsatət təmin edilməyib.

Zaur Əliyev: “Möhtərəm hakim, siz açıq-aşkar mənim haqqıma girirsiniz. Ümumiyyətlə, bu məhkəmə niyə qurulub? Biz burda həqiqətlərin ortaya çıxması üçün vəsatət qaldırırıq, sübutlar təqdim edirik. Sizsə qarşısını alırsınız. Bu işin başında dayananları kənarda qoymağa cəhd edirsiniz”.

Mövlam Şıxəliyev: “Bilsəydim, özüm dərman alıb ona verərdim”

Sonra hakim Mövlam Şıxəliyevə sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilən şəxs ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib.

“Mən ifadəmi məhkəməyə yazılı şəkildə təqdim edəcəyəm. Onu demək istəyirəm ki, ibtidai istintaq yarımçıq aparılıb, ittihamlar əsassızdır. Heç bir sübuta söykənmir. Mən istintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm. Qərarları Baş Prokurorluq verib. Hər bir material, cinayət işi üzrə Baş Prokurorluğa məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub. Zərərçəkən Elvar Əliyevlə bağlı peşmanam. O, məhkəmə binasının qarşısında oğluma deyib ki, həbsdə olanda gözünə dərman tökülməliymiş. Ancaq ona dərman verilməyib. Bundan mənim xəbərim olmayıb. Bunu bilsəydim, özüm dərman alıb ona verərdim”.

Mövlam Şıxəliyev zərərçəkənlərdən pul almadığını bildirib. Bu da, zərərçəkənlər arasında narazılıqla qarşılanıb. Nizami Kazımov onu yalan danışmaqda ittiham edib: “Sən məni MTN-dəki kabinetində üç dəfə qəbul etdin. Birinci dəfə dedin ki, Vüsal Ələkbərovun istədiyi pulu ver. İkinci dəfə dedin ki, vəkil Osman Kazımovdan imtina elə. Üçüncü dəfə artıq məndən pulu almışdın. Məni kabinetə çağırıb söhbət elədin, yola saldın. İndi burda yalan danışırsan”.

Dövlət ittihamçısı Mövlam Şıxəliyevə suallar verib:

-Sizin MTN-də müstəntiqlərin törətdiyi cinyətlərdən məlumatınız olub?

- Yox. Müstəntiqlər işi hazır gətirib verirdilər, imzalayırdım, lazım olanda Baş Prokurorluğa yönəldirdim. Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik. Mən kargüzarlıqla məşğul olmuşam. Ancaq hər bir şeydən xəbərim vardı. Çünki istintaq idarəsinin rəisi idim.

- Zərərçəkən İbrahim Zeynalovdan alınan məbləğdən xəbəriniz olub?

- İbrahim Zeynalovdan 8 milyon manat alınmasını özünüz burada aydınlaşdırdınız ki, kimə çatıb. Qoy prokurorluq bunu araşdırsın. İttiham yarımçıqdır. Mənim baş prokuror Kamran Əliyevə, onun birinci müavini Elçin Məmmədova hörmətim var. Mənə verilən ittiham əsassızdır. Müstəntiqlər barəmdə onlara düzgün məruzə etməyiblər. Qasım Məmmədov bizə qarşı qeyri-obyektiv mövqe tutub.

- Siz İbrahim Zeynalovdan alınan pulun kimə çatdığını bilmirsiz?

- Məni siyasətə qatmayın. Mən qərar verən şəxs olmamışam. Sadəcə görülən işlərə nəzarət etmişəm. İbrahim Zeynalov xalça zavodu tikib. Ondan zavodun 40 faizini istəyiblər. Buna görə də mübahisə olub. Sonrasını da bilmirəm.

Məhkəmə iclası iyunun 28-də davam edəcək.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaq Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo