Sosial

«MTN işi»ndə Hacı Məmmədov cinayətləri: Şıxəliyev Usubovun həbsinə göstəriş veribmiş

20 İyun, 2022
1605

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidməti) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edir. Məhkəmənin başladığı ilk vaxtlardan (9 ay) hakim media nümayəndələrini məhkəmə salonuna buraxmır. Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən də media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumatlar toplamalı olur.

Yalnız Mövlam Şıxəliyev dəmir barmaqlıqlar arasından məhkəməni izləyir. Digər təsqirləndirilən şəxslərsə həbslə əlaqəsi olmayan qətimkan tədbiri altındadır. 8 aydır ki, zərərçəkmişlər onların da həbsdə saxlanmasını, məhkəməyə istintaq təcridxanasından gətirilib aparılmalarını tələb edirlər.

“MTN işi”ndə təqsirləndirilən şəxs: “Sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov oturmalıdır”

Ötən məhkəmə iclaslarından birində təqsirləndirilən şəxs Yasin Məmmədov bu işi aparan müstəntiqlərin ifadələrinin elan edilməsinə dair vəsatət qaldırmışdı. Hakim vəsatəti təmin etmişdi. İyunun 20-də hakim həmin ifadələri elan edib. Məsələ ondadadır ki, müstəntiqlərin ifadələrində MTN-də zərərəkənlərdən pul tələb olunması, alınması təkzib olunur. Elə Yasin Məmmədov da bu ifadələrin elanının vacibliyini bunda görmüşdü: “Məhkəmə başlayan gündən demişəm, yenə də deyirəm ki, biz icraatımızda olan cinayət işləri üzrə Baş Prokurorluqdan gələn şifahi və yazılı göstərişləri, əmrləri icra etmişik”.

Sonra təqsirləndirilən şəxs Sahib Ələkbərova söz demək imkanı yaradılıb. O, əvvəlcə dövlətə 20 il vicdanla xidmət etdiyini deyib. Sonra verilən ittihamlarla bağlı danışıb: “Mənə 6 epizod üzrə ittiham verilib. Bu ittihamların hamısı saxtadır. Mən heç kimdən pul tələb etməmişəm və almamışam. İcraatımdakı cinayət işləri üzrə birbaşa baş prokuror Zakir Qaralovdan və onun 1-ci müavini Rüstəm Usubovdan gələn şifahi və yazılı göstərişləri icra etmişəm. Qoy istintaq orqanı bu işi təzədən araşdırsın, kim pul tələb edib, kim pul alıb, həmin şəxsləri məsuliyyətə cəlb etsin. Bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov oturmalıdır. Burda baş verənlər, burda deyilənlər xəbər saytlarında cümlə-cümlə yazılır, qoy bir az da onlar yanımızda oturub ölkədə rüsvay olsun”.

Sahib Ələkbərov məhkəmədə vəsatət qaldırdı ki, keçmiş baş prokuror Zakir Qaralovla onun keçmiş 1-ci müavini Rüstəm Usubov məhkəmədə şahid kimi dindirilsin: “Hər ikisinin dindirilmələri çox vacibdir. Bu iki şəxs burada dindirilmədən siz obyektiv, qanuni qərar qəbul edə bilməzsiniz. Çünki dediyim kimi, MTN-in İstintaq İdarəsinə daxil olan hər bir metarial birbaşa Rüstəm Usubova məruzə edilirdi. Həmin material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. Cinayət işinin başlanması haqda qərarda ayrıca bənd olurdu. Həmin bənddə 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı”.

Sizə cinayətimdən danışım...

Sahib Ələkbərov məhkəmə zalında əsəbi və yüksək tonda danışdığından hakim ona tez-tez “səsinizin tonunu aşağı salın, yavaş danışın” deyirdi. Sahib Ələkbərovsa səsini bir qədər də qaldırırdı və onun səsi məhkəmənin qarşısında da eşidilirdi. O, “mən sizə bir cinayətimdən danışmaq istəyirəm” deyə, qışqırırdı. Hakimsə, “buyurun, sizi dinləyirik” deyirdi. Sahib Ələkbərov:

“Mənim yalnız bir cinayətim olub. Ona görə də məsuliyyət daşımağa hazıram. Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətnin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə baş prokuror Zakir Qaralova ətraflı yazılı məlumat verib. Müraciətindən sonra, o zaman Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Rəna Nəsibova Rüstəm Usubova Hacı Məmmədovun dəstəsinin üzvü olan çeçenlərdən biri ilə münasibətinin olduğunu açıqlayıb. Deyib ki, Hacı adlı polis əməkdaşının adam oğurlayan və serial qətllər törədən dəstəsi var. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və serial qətllərlə bağlı çox ciddi məlumatlar vermişdi. Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib, o da MTN-ə və Daxili İşlər Nazirliyinə formal olaraq məktub yazmaqla işini bitmiş hesab edib. Rüstəm Usubov bu məktubu yazandan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti aşkar olunmuşdu. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb! O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb. Məlum oldu ki, Rüstəm Usubov qeyd etdiyim kimi 2 məktub yazmaqdan başqa hər hansı bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin o göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım. Sizdən xahiş edirəm ki, Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edəsiniz. Onun mənimlə o zamandan, ona dindirməyimlə əlaqədar şəxsi ədavəti var. Ona görə də məni də bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.

Sahib Ələkbərov sözünü bitirəndən sonra zərərçəkən Qulam Bağırov danışmaq üçün hakimdən icazə istəyib və bunları deyib:

- Sahib Ələkbərov, mənim qardaşımdan aldığın pul kimə çatıb? Bunu aç, de. Özün mənə demisən ki, qardaşından aldığım 135 min manatdan 25 min manatını hakimə verirsən ki, mənə aidiyyəti olmayan cinayət işində barəmdə saxta hökm çıxarsın. Gözümün içinə bax, kişi kimi de ki, belə şey olmayıb.

Məhkəmədə qarğış və söyüş

Sahib Ələkbərov:

- Mən səndən pul almamışam. Sənə elə söz də deməmişəm. Səndən pul alanın var-yoxun...

Zərərçəkən Qulam Bağırov:

-Var-yoxunu söymə, düz deyirsən, məndən almamısan, qardaşımdan almısan. Yaşadığım evi satdırmısan.

Təqsirləndirilən Sahib Ələkbərov:

-Pul alanın balası ölsün...

-Ay şərəfsiz, uşaqlarını niyə öldürürsən?

Hakim:

-Qulam Bağırov, çıxın çölə...

Nəzarətçilər Qulam Bağırovu məhkəmə zalından çıxarıblar.

Sonra təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəmədən söz istəyib. Deyib ki, Sahib Ələkbərovun vəsatətini dəstəkləyir:

-Mən Zakir Qaralov və Rüstəm Usubova görə bir hökmlə təqsirim olmadan 12 il müddətinə azadlıqdan məhrum olunmuşam. Əmlakım da müsadirəyə götürülüb. 5 il cəzaçəkmə müəssisəsində dustaq həyatı yaşamışam. Bu gün məni yenə də günahım olmasa da, təkrarən sizin hüzurunuza çıxarıblar. Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, nə, necə olub. Hansı qaydada, hansı şəkildə cinayət işi başlanılmasına, qəti-imkan tədbirinin seçilməsi, dəyişdirilməsi, hansı qaydada məhkəməyə göndərilməsi baş verib. Sizdən də xahiş edirəm ki, Sahib Ələkbərovun Rüstəm Usubovla bağlı vəsatəti təmin edilsin. Rüstəm Usubov burada şahid qismində dindirilsin.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərinin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir. Belə bir halda təqsirləndirilən şəxslərə həmin zərərçəkənlərin epizodları üzrə ittiham irəli sürmək qanunsuz olub.

Vəkil müvəkkilinə verilmiş ittihamın qanunsuz olduğunu xüsusi olaraq hakimin diqqətinə çatdırıb.

Hakim isə deyib ki, “bu məsələnin açıb-ağarmağa ehtiyac yoxdur”.

Sonra zərərçəkən Əfsəl Həsənəliyev söz istəyib. O, Sahib Ələkbərovun vəsatətini dəstəkləyib:

- Mənə qarşı cinayət Zakir Qaralovla Rüstəm Usubovun birbaşa rəhbərliyi altında törədilib. Mövlam Şıxəliyevgili məni həbs adı ilə girov götürüblər. 5 ay qanunsuz olaraq həbsdə saxladılar. Ailəmdən evimi banka girov qoydurmaqla 50 min dollar pul aldılar. Saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri Kəramət Əliyev də bunlara qoşulub bizdən pul tələb elədi. Barəmizdəki saxta ittiham aktını hökmə köçürdü, bizi məhkum elədi. 2014-cü ildə mən Baş Prokurorluğa şikayət elədim. Kəramət Əliyevin bizdən pul tələb etməsinə dair səs yazılarını ortaya qoydum. Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi, mənə də ora dəvət elədilər. Elə bildim ki, məsələ həllini tapacaq. Zakir Qaralaov isə orada göstəriş verdi ki, gedin Əfsəl Həsənəliyevin dediklərini təkzib edən izahatlar alın, cinayət işinin başlanmasını rədd edin! Zakir Qaralovun cinayətə bərabər tapşırığını yerinə yetirdilər və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxardılar. 2015-ci ildə hörmətli cənab prezident MTN-dəki mütəşəkkil cinayətkar dəstəni dağıdandan sonra Zakir Qaralov əl-ayağa düşdü, şikayətimi də o zaman hazırda burada araşdırılan cinayət işinə əlaqə etdilər. Mən Sahib Ələkbərovun vəsatətini dəstəkləyirəm, eyni zamanda vəkilim, hörmətli Osman Kazımov mənim vəsatətimi də təqdim edəcək.

Zakir Qaralov və Rüstəm Usubovdan şahid ifadəsi alınsın

Vəkil Osman Kazımov vəsatəti elan etməzdən əvvəl Sahib Ələkbərovun vəsatətini dəstəklədiyini bildirib. Vəsatəti isə məhkəməyə yazılı şəkildə təqdim edəcəyini deyib.

Digər təqsirləndirilənlər və bir neçə zərərçəkən də Zakir Qaralovla Rüstəm Usubovun məhkəməyə şahid kimi dəvət olunmasını və ifadələrinin alınmasını istəyiblər. Zərərçəkən Zaur Əliyev:

“Bu, çox vacibdir. Açıq-aşkar ortalıqdadır ki, mühakimə olunan bu mütəşəkkil quldur dəstənin ən aktiv üzvləri kecmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovdur. Onlar vəzifəli şəxs olaraq Mövlam Şıxəliyevi, bu gün məhkəmə qarşısında olan bütün dəstəni himayə ediblər. Mən də daxil olmaqla 36 vətəndaş-sahibkarın girov götürülməsinə şərait yaradıblar. Bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndəriblər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub. Məhkəmə zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Azı 10 zərərçəkən, Mövlam Şıxəliyev və onun dəstəsi dəfələrlə ifadələrində bildirdilər ki, MTN-nin İstintaq Baş İdarəsində cinayət işləri üzrə ibtidai istintaqa birbaşa baş prokuror Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov nəzarət edib. Onun şifahi və yazılı göstərişi əsasında cinayət işin başlanılması, qəti-imkan tədbirin secilməsi və dəyişdirilməsi, əməlin CM-nin müvafiq maddəsi ilə tövsüf edilməsi həyata kecirilib”.

Hakimin MTNlə bağlı öz xatirələri var

Bu vaxt zərərçəkən Qulam Bağırov məhkəmə zalına dönüb və hakimə etiraz edib: “Siz məhkəmənin ilk günündən açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Jurnalistlər hər dəfə məhkəmə binası önünə gəlib prosesdə iştirak etmək istəyirlər. Lakin qapıda polis serjantı onlara deyir ki, hakim məhkəmədə iştiraklarını qadağan edib. Buna görə də jurnalistlər açıq məhkəmə prosesində iştirak edə bilmirlər. Sizin bu göstərişiniz qanunsuzdur. Bizə qarşı cinayətlər də məhz qapalı şəraitdə, jurnalistlərdən, geniş ictimaiyyətdən gizlədilməklə törədilib. Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki olaraq Mövlam Şıxəliyevgilin bizlərə qarşı cinayətlərinin ört-basdır olunmasına şərait yaratmağa çalışırsız. Bununla da Mövlam Şıxəliyevgilin cinayətlərinə şərik olursuz. 9 aydır məhkəmə gedir, siz zərərçəkənlərin 1 vəsatətini belə təmin etməmisiz. Təqsirləndirilən şəxsləri, özəlliklə Mövlam Şıxəliyevi müdafiə edirsiz. Məhkəmənin ilk günündən siz, Mövlam Şıxəliyevə “Mövlam müəllim” deyə xitab edirsiz. Bu, ondan irəli gəlir ki, siz müstəntiq işlədiyiniz dövrdə Mövlam Şıxəliyevin rəhbərliyi altında işləmisiz. Sadaladığım faktlar sizin bu iş üzrə ədalətli hökm çıxaracağınızı şübhə altına alır. Ona görə də xahiş edirəm ki, hakim Elbət Hidayət oğlu Allahverdiyevə etirazım təmin olunsun, o, iş üzrə hakimlikdən uzaqlaşdırılsın”.

Hakim Elbəy Allahverdiyev:

- Gəlin, bu məsələyə birdəfəlik aydınlıq gətirək. Mən həqiqətən də 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinə istintaq qrupuna ezam edilmişəm. İstintaq qrupunun tərkibində fəaliyyət göstərmişəm. Həmin vaxt Mövlam Şıxəliyev orada...

Hakim üzünü Mövlam Şıxəliyevə tutub:

-Siz MTN-də nə vaxtdan xidmətə başlamısız?

Mövlam Şıxəliyev:

-2004-cü ildə MTN-də bölmə rəisi vəzifəsində xidmətə başlamışam.

Mövlam Şıxəliyevin bu cavabından sonra hakim sözünün gerisini gətirməyib. Qulam Bağırovun etirazında adının düzgün yazılmadığını əsas gətirərək, etirazı düzəlişdən sonra təqdim etməsini tapşırıb. Bununla da bugünkü məhkəmə iclası başa çatıb.

Məhkəmə iclası iyunun 21-də davam edəcək.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqı aparan qurum bildirir ki, Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Leyli Cəfərova 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo