Sosial

“MTN işi”: General 8 milyon rüşvətdən danışdı və bəraət istədi 

Leyli Cəfərova
15 Sentyabr, 2022
176

Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN, 2015-ci ildə ləğv olunub, hazırda DTX) yüksək vəzifəli şəxslərinin işi üzrə proses davam edib.

 İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev, onun müavini və 1-ci şöbənin rəisi Yasin Məmmədov, idarənin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov, idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov son söz deyiblər. 1 ilə yaxındır davam edən məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edir. Məhkəmə başladığı hələ ilk vaxtlardan jurnalistlərə iclasları izləmək qadağan olunub.

Mövlam Şıxəliyev: Hədə-qorxu gəlməmişəm, məni səhv başa düşüblər

Hakim son söz demək üçün ilk olaraq Mövlam Şıxəliyevə müraciət edib. Dövlət ittihamçısı məhkəmədən Şıxəliyevə 14 illik həbs cəzası istəmişdi. Əvvəlcə çıxışa hazır olmadığını deyən Şıxəliyev hakimin təkidlərindən sonra sözə başalayanda dayandırmaq mümkün olmayıb – təxminən 3 saat danışıb. Şıxəliyev ittihamları saxta adlandırıb:

“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi mənə qarşı qərəzli mövqedə dayanıb. Saxta ittihamlar, saxta sübutlar... Məsələ ondadır ki, MTN İstintaq Baş İdarəsində istintaq olunan cinayət işləri üzrə hazırda zərərçəkən statusunda olan şəxslər barəsində ittihamedici hökmlər də qüvvədədir, heç biri ləğv edilməyib, heç birinə bəraət verilməyib. Həmin cinayət işləri üzrə məhkum olunmuş şəxslərlə bağlı mənə ittihamların verilməsi qanunsuzdur”.

Şıxəliyev sözünə davam edərək deyib ki, ona qarşı Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma və 341-ci - hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə maddələri ilə ittiham verilib. Halbuki, həmin maddələr üzrə cəlbetmə müddəti bitib, həmin maddələr üzrə ittiham xitam olunmalıdır.

Şıxəliyev 182-ci maddəni də qəbul etməyib: “Guya zərərçəkənlərə hədə-qorxu gəlməklə pul, əmlak tələb etmişəm, ortada bir dənə sübut yoxdur. Zərərçəkənlər mənim xahişlərimi hədə-qorxu kimi anlayıblarsa, bunda mənim nə günahım?..”

Pulları Ziyad Səmədzadə alıb, onu dindirməyiblər

Mövlam Şıxəliyev İstintaq Baş İdarəsində çıxarılan hər bir qərarın 24 saat ərzində baş prokurora məruzə olunmasından danışıb. Bildirib ki, cinayət işinin başlanması, vətəndaş barəsində cəlbetmə, qəti-imkan tədbirinin seçilməsi, ittiham aktının təsdiqlənməsi baş prokurorun səlahiyyətində olub. Onunsa vəzifəsi inzibatçılıqdan ibarət olub:

“Prosessual şəxs deyildim, verilən tapşırıqları müstəntiqlərə çatdırırdım, bu tapşırıqların icrasına nəzarət edirdim. baş prokuror Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun MTN İstintaq İdarəsində istntaq olunan cinayət işlərinə birbaşa nəzarət etmək səlahiyyəti vardı”.

Şıxəliyevin sözlərinə görə, məhkəmədə dindirilən zərərçəkənlər pulları müstəntiqlərə verdiklərini deyiblər. Yəni o, pul işlərinə qarışmayıb. General irəli sürülmüş 8 milyon dollarlıq iddiaya isə belə münasibət göstərib: “İbtidai istintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib, ancaq həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib. Məhkəmədə deyildi ki, həmin 8 milyon dolları biz yox, deputat Ziyad Səmədzadə alıb. Ziyad Səmədzadə bu günə qədər də dindirilməyib, bu iddiayla bağlı heç bir istintaq hərəkəti həyata keçirilməyib. Bu gün də araşdırılmayıb ki, Ziyad Səmədzadə 8 milyon dolları alıb, ya yox... Alıbsa, niyə alıb, kimə verib?..”

Zərərçəkən: Məni 76 gün girov saxlamısan

Şıxəliyev hər bir epizod üzrə danışıb zərərçəkən Hüseyn Səfərovun girov saxlanılaraq pul alınması epizoduna çatanda zərərçəkən onu yalançılıqda ittiham edib: “Düz danış, kişiliyin olsun... Girib oturmusan burda, bizi salmısan çöllərə, kirayələrdə qalmışıq xırda-xırda uşaqlarla... Məni 76 gün MTN-də girov saxlamısan. Ailəmdən 3 milyon dollar tələb etmisən. Oğlum, qızım evlərini, mənim evimi, maşınlarımızı, qızıllarımızı satıb, üstünü də borc-xərclə düzəldib gətirib 2 miyon dolları Vüsala verdilər. Vüsal səninlə əlaqə saxladı, dedin ki, pulu gətir. Mən Vüsalın kabinetində idim. Səhərdən axşama qədər kabinetdə nəzarətdə saxlayırdız ki, birdən ölərəm, pul əlinizdən çıxar. Məni üç dəfə kabinetində şəxsən qəbul elədin, dedin, pul gəlməsə, burdan çıxış yoxdur. Düzünü danış”.

Hakim Elbəy Allahverdiyev nəzarətçilərə Hüseyn Səfərovu məhkəmə zalından çıxarmalarını tapşırıb.

Şıxəliyev epizodlar üzrə danışdıqca həmin epizodlarda adı keçən zərərçəkənlər zalda səssiz oturmayıblar.

Şıxəliyev sözünün sonunda hakimdən barəsindəki cinayət işinə xitam verilməsini və bəraət hökmü çıxarılmasını xahiş edib.

Digər təqsirləndirilən şəxs Yasin Məmmədov da son söz deyərkən özünü ittihamlar üzrə təqsirli bilməyib və bəraət hökmü çıxarılmasını istəyib: “Balalarımı yetim, atasız, evsiz-eşksiz qoymayın. Mən əyri, şikəst barmağımı göstərib kimsədən 1 milyon istəyə bilməzdim. Baş Prokurorluğun İstintaq İdarəsindəbizə qarşı qərəzli mövqedə dayanıblar, saxta ittihamlar irəli sürüblər. Əməlimdə nəinki cinayət tərkibi yoxdur, ittihamda yazılan cinayət hadisəsi ümumiyyətlə olmayıb”.

Sonra son söz söyləmək növbəsi təqsirləndirilən şəxslər Sahib Ələkbərova, Vüsal Ələkbərova çatıb. Onlar da özlərini təqsirli bilməyərək bəraət istəyiblər.

Hakim növbəti məhkəmə iclasını sentyabrın 20-nə təyin edib.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi.

Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo