Sosial
Müavinət ala bilməyən vətəndaş: “Deyirəm, adımda torpaq sahəsi yoxdur, deyirlər, artıq gecdir”
13 Yanvar, 2021
Baxış: 204
FOTO:birja.az

Bir ildir davam edən pandemiya, sərt karantin, işsiz insanlar, başıbəlalı 190 manat...

Şəki sakini Hüsniyyə Həmidova - ötən ilin mart ayında 190 manatlıq müavinət almaq üçün qeydiyyatdan keçsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adında torpaq sahəsi olduğunu əsas gətirərək ona rədd cavabı verib.

H.Həmidova isə deyir ki, heç bir torpaq sahəsi yoxdur, hətta bununla bağlı Daşınmaz Əmlak Agentliyindən arayış alıb nazirliyin nəzdindəki Dövlət Məşğulluq İdarəsinin yerli şöbəsinə təqdim etsə də, onun şikayətinə baxan olmayıb:
"Hazırda yaşadığım ev belə qaynatamın adınadır. Amma şöbədə dedilər ki, artıq gecdir, sizin kimi nə qədər şikayətçi var. Soruşdum, camaatın problemlərini həll etməyəcəklərsə, bu qədər adamı bura niyə yığıblar, mən indi hara müraciət edim. Məni yola verdilər, guya şikayətimi nazirliyə göndərəcəkdilər. Amma hələ də xəbər yoxdur”.

"O qədər get-gələ salırlar ki, axırda camaat şikayət etməkdən bezir. Deməli, bunlar camaatı aldadır. Ona görə də artıq inamım qalmayıb. Konkret bir şöbə ola, problem olanda gedib ora şikayət edə bilək. Hansı idarəyə gedirəm, başqa yerə yönləndirirlər. İkinci dəfə sərt karantin olanda fikirləşdim ki, bəlkə yanlışlıq olub, bu dəfə mənə də 190 manat verərlər. Amma vermədilər, yenə şikayətimə baxan olmayacaq, mən bunlardan əlimi üzmüşəm artıq” deyə, H.Həmidova gileylənir.

Bakı sakini Ləman Babayeva - 190 manat almaq üçün qeydiyyata saldığı oğluna imtina mesajı gəlib.

"İki övladım var, ikisi də mənim himayəmdədir. Pandemiyaya görə uşaqlar üçün aliment almaq olmur. Bəlkə böyük oğlum Mətin Həsənova müavinət verərlər deyə onu qeydiyyatdan keçirdim, yaşı düşmür  deyə imtina mesajı gəldi. Keçən ilin oktyabr ayında Mətinin 18 yaşı oldu, amma bu dəfə heç cavab da yazmadılar. Qeydiyyat yerini də açmadılar ki, biz məlumatları yeniləyə bilək”.

"Toplum TV” vətəndaşların suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızına ünvanlayıb.

 Əsmər Nəcməddinqızı
 FOTO:modern.az

"Bəli, Hüsniyyə Həmidova torpaq mülkiyyətçisi olduğu üçün ona imtina cavabı verilib. Dövlət Məşğulluq Agentliyi vətəndaşın torpağının olub-olmadığını müəyyən edən qurum deyil. Əlaqədar qurumlara elektron sorğu göndərilir və onlar vətəndaşalara dair məlumatlar bizə təqdim edirlər. Həsənov Mətin Ağakişi oğlunun 18 yaşının tamam olmaması məsələsinə gəlincə, bu məlumat da elektron sistemdən əldə edilir. Burda yalnışlıq ola bilməz” - mətbuat katibi belə deyib.

Ə.Nəcməddinqızı həmçinin bildirib ki, vətəndaşlar nazirliyin elektron poçtuna məktub göndərsələr, nazirlik onların şikayətlərini araşdırıb cavab yazacaq: "Amma dekabr ayı üçün ödənişlər başa çatıb, yəqin xəbəriniz var”.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, vətəndaşın şikayətinə baxılmadıqda, qanunla o, rəsmi qrumların hərəkətsizliyindən inzibati məhkəməyə müraciət edə bilər:
"Mətin Həsənov işsiz kimi qeydiyyata düşdüyü halda 190 manatlıq müavinəti ala bilər. Sərəncam veriləndən sonra, yəni mart ayında müraciət edənlərə nazirlik həmin müavinəti verir. Sonradan işsiz olanlar üçün yeni prosedur lazımdır”.

 Ələsgər Məmmədli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbovsa mediyaya açıqlamasında 190 manatın verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarını xatırladıb:
"İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına əsasən, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə isə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Biz üzərimizə düşən işi həmin qərara uyğun yerinə yetiririk".

 Fazil Talıblı
 FOTO:Sosial media

Sərtləşdirilmiş karantin rejimində bir sıra xidmət sahələrinin fəaliyyətini dayandırması xeyli insanın işsiz qalması ilə nəticələnib.

Nazirlər Kabinetinin qərarına əsasən, yalnız ilkin mərhələdə qeydiyyatdan keçən 600 minə yaxın insana müavinət verilə bilər.

Növbəti sərtləşdirmədə yenidən qeydiyyat aparılmadığına görə xeyli sayda işsiz insan 190 manatlıq müavinəti almaq şansından məhrum olub.
Bu şəxslər yardım üçün hara müraciət etməlidirlər? Hökumət onların da qeydiyyata düşməsinə nə üçün imkan yaratmadı?

"Sanki Sovet dönəmidir, plan qoyulub”

İqtisadçı Nazim Baydəmirli "Toplum TV”-yə deyir ki, hazırki bazar iqtisadiyyatı şəraitində müəssisələr bağlana, insanlar işsiz qala bilər:
"Pandemiyanın əvvəlində işsiz sayı 200 min göstərildi, sonra ictimai təzyiq oldu, 600 minə qaldırdılar. Amma heç bu da real rəqəm deyil. 2020-ci ilin mart-aprel aylarında müavinət almaq üçün müraciət edənlərin sayı təqribən 2 milyon nəfərə yaxın idi. Əslində, ölkədə real işsizlik sayı da bu rəqəmə yaxındır - ən az 1,5 milyon vətəndaş faktiki işsiz satusundadır, amma bu rəsmiləşdirilməyib”. 

Nazim Baydəmirli
FOTO:Turan.az 

İqtisadçı hökumətin elan etdiyi statistikayla real işsiz sayı arasındakı fərqi belə izah edir:
"İllər boyu işsizlik faizini aşağı göstərmək üçün işsiz statusu almaq istəyən vətəndaşları müxtəlif bəhanələrlə qeydiyyata almayıblar. Burda psixoloji məsələlər də rol oynayırdı. Məsələn, məşğulluq üçün müraciət edən adamı ixtisasına uyğun yerə yönləndirmirdilər. Ali savadlı şəxsi təmizlik işinə göndərəndə,  təbii ki, o həmin işdən imtina edir. Qanunvericilikdə isə belədir ki, təklif olunan işdən imtina edən şəxs işsiz statusunu itirir”.

Azərbaycanın iqtisadi göstəriciləriylə bağlı rəsmi məlumatların ölkənin real vəziyyətini əks etdirmədiyini düşünən N.Baydəmirli deyir ki, pandemiya dövründə dövlətin vəzifəsi işsiz insanları yaşayış minimumuna uyğun gəlirlə təmin etmək idi: "Amma təəsüf ki, bizdə belə olmadı”.

"Neft gəlirləri azalan dövrdə büdcəyə qənaət edilməsi haqqında müəyyən tapşırıqlar ola bilər”

İqtisadçı dövlət qrumlarında çalışanları qeyri-peşakar hesab edir, bunu onların ölkə reallığından uzaq olmasıyla əlaqələndirir. 
N.Bəydəmirli həmçinin qeyd edir ki, vətəndaşların müavinətdən məhrum edilməsi məqsədyönlü xarakter də daşıya bilər: "Neft gəlirləri aşağı düşüb, büdcəyə qənaət edilməlidir, yəqin ona görə insanlara müavinət vermək istəmirlər”.

İqtisadçı iqtisadi fəal vətəndaşların sayının 5 milyondan artıq olduğunu bildirir: "1 milyon 700 minə yaxın vətəndaşsa günəmuzd çalışır, yəni onların harada işləməsi məlum deyil. Pandemiya başlayanda cəmi 87 min nəfər işsiz kimi qeydiyyata düşmüşdü. İlk aylarda hökumət təxminən 6oo min nəfərə 190 manatlıq birdəfəlik müavinət verəcəyini açıqladı. Bu rəqəmləri iqtisadi fəal əhali sayından çıxanda, məlum olur ki,  bir neçə milyon insan çalışır, amma nə sosial sığorta haqqı, nə də vergi ödəyir. Belələrini nə sahibkar, nə də muzdla çalışan kateqoriyasına aid etmək olar. Buna görə vətəndaşları da günahlandırmaq olmaz, çünki onlara təqdim edilən şərtlər bunlardır. Torpaqlarımız uzun illər işğal altında olduğundan qaçqın və məcburi köçkünlər nə işsiz kimi qeydiyyata düşüblər, nə də müavinət alıblar. Onların əksəriyyəti günəmuzd çalışanlardır”.

N.Baydəmirli deyir ki, Azərbaycan iqtisadiyyatında rəqəmlərin dinamik olması ölkədəki kölgə iqtisadiyyatı ilə bağlıdır: "Vətəndaşları normal iqtisadiyyata təşviq etmək üçün kompleks addımlar atılmalıdır. İnhisarçılıq ləğv olunmalı, hamının qanun qarşısında bərabər olması təmin edilməlidir. Dövlətin iqtisadiyyata müdaxiləsi isə minumuma endirilməlidir”.

Roza Məmmədova
Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar 2021
"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var. Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”. Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir. 2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq". 2021-ci ilin dövlət...
Sosial

Koronavirus statistikası: Azərbaycan

22 Yanvar 2021
Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 11 nəfər isə koronavirusdan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.
Seçilmiş Videolar