Sosial

Müdafiə naziri təmas xəttində: döyüş təhlükəsi var? 

Roza Məmmədova
14 May, 2021
312

MN

“Müdafiə nazirinin işğaldan azad edilən ərazilərə səfərinin döyüş əməliyyatı hazırlığı olduğunu düşünmürəm. Bu, cari iş də ola bilər”. 

AXCP sədrinin müavini Seymur Həzi “Toplum TV”-yə açıqlamasında belə deyib.

Seymur Həzi- Sosial media

Mayın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birinə baş çəkib.

Müdafiə Mazirliyinin məlumatında bildirilir ki, nazir ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib; döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanının daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycan və Ermənistan arasındakı son gərginlik fonunda Z.Həsənovun təmas xəttinə yollanması hərbi əməliyyatların yenidən başlaması təhlükəsiylə bağlı ola bilərmi?

S.Həzi deyir ki, son baş verənlərə nəzərən ortada hansısa planın olduğunu söyləmək mümkündür:

“Amma bu, döyüş əməliyyatları planı deyil. Daha çox kimisə gözdən salmaq kampaniyasıdır. Belə görünür ki, seçkiqabağı Paşinyan zərbələr alacaq”. 

S.Həzinin fikrincə, Azərbaycan hərbi əməliyyatları davam etdirmək fikrində olsaydı, heç bir mübahisə predmeti olmayan torpaqlarda -Xocavənd, Xocalı, Xankəndi, Ağdarə istiqamətlərində irəliləyə bilərdi.

“İndiki şəraitdə Ermənistanın da Azərbaycanla yenidən müharibə etmək fikri yoxdur. Çünki hazırda bu ölkənin belə əməliyyatlar üçün taqəti qalmayıb. Baş verənləri xırda taktiki gedişlər adlandırmaq olar. Təbii ki, belə xırda qığılcımların gələcəkdə daha böyük prosesə çevrilə biləcəyi də istisna deyil”, - S.Həzi belə deyib.

Müsavat Partiyasının üzvü Elman Fəttah da Azərbaycan-Ermənistan münasibətlərindəki son gərginliyin yeni müharibə təhlükəsi yaratdığını düşünmür.

Elman Fəttah- Sosial media

“Ermənistanla sərhəd zolağında baş verənlərin Azərbaycanın inisiativi kimi təqdim edilməsi emossional yanaşmadır. Baş verən hadisə tam mənasında demilitasiya prosesidir və Lavrovun səfəri çərçivəsində üçlü (Rusiya-Ermənistan-Azərbaycan) razilaşmasıdır. 

Unutmayaq ki, Ermınistanın dövlət sərhədlərində rus hərbiçiləri dayanır. Yəni bizim irəliləməmiz onların geri çəkilməsi hadisəsidir ki, bu da yalnız razılaşma əsasında baş verə bilərdi. Digər tərəfdən, rus hərbçiləri rəsmi Yerevanla razılaşdırmadan geri çəkilməzdi. Xülasə, üçlü razılaşma ilə sərhəd zolağının dəqiqləşdirilməsi prosesini dramatikləşdirməyək” - E.Fəttah özünün “Feysbuk” səhifəsində belə yazıb.

Mayın 13-də Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Sünik vilayətinin Qaragöl (Sev liç) ərazisində Azərbaycan hərbçilərinin təxribat törətdiyini açıqlayıb.

O bildirib ki, Azərbaycan əsgərləri saxta xəritələrlə həmin ərazinin Azərbaycan sərhədləri daxilində olduğunu iddia edirlər: “Xəritələrin saxtalaşdırıldığı açıqdır və Sovet dövründə rəsmi olaraq təsdiqlənmiş xəritələrin müqayisəsi bunu sübut edir. Şübhəsiz ki, Azərbaycan əsgərlərinin neytral bölgələrimizi keçib Sev liç gölünə çatmasının necə mümkün olduğu çox vacib sualdır. Bu, mütləq nəzərdən keçiriləcək ayrıca bir məsələdir”.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan sərhədində baş verənlərə aydınlıq gətirib.

Nazirliyin açıqlamasına görə, sülh bəyanatına əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir; proses adi rejimdə və sistematik qaydada icra edilir.

 Minsk Qrupunun həmsədr ölkələrindən ikisi məsələyə münasibət bildirib - ABŞ hər iki tərəfi təmkinli olmağa səsləyib, Ermənistanı dəstəklədiyini bəyan edən Fransa isə Azərbaycanı bu ölkənin ərazisini işğal etməkdə suçlayıb.

Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Sosial

Son sutkada cəmi 38 nəfər virusa yoluxub

19 İyun 2021

Banker.az

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 19-da verilən məlumata görə, “COVID-19”dan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 335 437nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281test aparılıb.
Seçilmiş Videolar