Sosial Media
Toplum TV xəbər verir ki, iyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Avropa Hərəkatının prezidenti, ictimai fəal Ramin Hacılının məhkəməsinin baxış iclası keçirilib. Ramin Hacılı dələduzluqda və ölkənin sərhədlərini qanunsuz keçməkdə təqsirləndirilir. Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir.
Əvvəlcə Ramin Hacılının vəkili Rəşad Əliyev məhkəməyə vəsatət təqdim edib. Vəsatətdə deyilir ki, müstəntiq Ramin Hacılının ətrafında mütəşəkkil dəstə görüntüsü yaratmaq üçün onu adları çəkilən digər şəxslərlə əlaqələndirib. O, Ramin Hacılının dəstədən ayrı tutulmasını istəyib. Hakim vəsatəti baxılmamış saxlayıb.
Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq-mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edək ki, adları çəkilən digər təqsirləndirilən şəxslərin cinayət işi ayrıca icraatdadır.
İttiham aktı elan edildikdən sonra hakim müttəhimə ifadə verməyi təklif edib. Ramin Hacılı özünü ittihamlar üzrə təqsirli bilməyib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini, şahid və zərərçəkmişlər dindirilənlərdən sonra ifadə verəcəyini dedi.
Ramin Hacılının məhkəməsində ilk dindirilən şahid - Lalə İbrahimova ifadəsində göstərib ki, o, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin ofisində işləyib. Ramin Hacılının ofisindən elektron poçtla gələn sənədləri çap edərək, ona tapşırılan yerlərə (səfirliklərə və sair) göndərib. İbtidai istintaq vaxtı ona bildirilib ki, ofisdən gələn sənədlər arasında saxtaları olub.
Sonra şahid qismində Sənan Kərimov ifadə verdi. O, məhkəmənin nəzərinə çatdırdı ki, Ramin Hacılını əvvəllər sosial şəbəkələrdən “travel” işləriylə məşğul olan biri kimi tanıyıb, sonralar onun işlədiyi ofisə gedərək əyani tanış olub: “Ramin Hacılını sosial şəbəkələrdən izləyirdim, görürdüm ki, Avropayla əlaqələri var, insanlar ona müraciət edir, sonra ofisinə getdim, yaxından tanış oldum. Ofisə gedəndə də görürdüm ki, lövhəsi var, insanlara lövhənin qarşısında izah edirdi ki, ora nəyə görə gedirsiniz və sair. Bizim aramızda iş münasibətləri olmayıb. Sadəcə olaraq onun “travel” işini yaxşı təşkil edən biri kimi tanımışam. İşləməklə, gəzməklə bağlı yaxınlaşan adamların sənədlərinin hazırlanmasına, səfirliyə müraciət olunmasına, vizanın alınmasına kömək edirdi. Kiminsə viza alınmasında saxtakarlığa yol verdiyini görməmişəm”.
Hakim şahidə ibtidai istintaqa verdiyi ifadəsiylə məhkəmə ifadəsi arasında ziddiyyətlər olduğunu dedi və onun istintaqa verdiyi ifadəsindən xatırlatmalar etdi:
- Yazmısan ki, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov yüzlərlə saxta möhürlərlə iş yerindən arayış, bank hesabı haqqında arayış, hesabdan çıxarış hazırlayaraq, hər bir sənədi 100 manata satıb. Arada mən özüm də Sərdardan sənəd almışam.
Şahid:
- Ramin Hacılıdan yazmamışam. Sərdardan yazmışam. Ümumiyyətlə, ibtidai istintaqa verdiyim ifadələri verərkən həyəcanlı olmuşam, xahiş edirəm, məhkəmə ifadəmi əsas götürün.
Ramin Hacılı:
- Hər şey aydındır, hər şey göz qabağındadır, müstəntiq yazıb, bu adam da qol çəkib.
Hakim növbəti məhkəmə iclasının vaxtını elan edəndə Ramin Hacılı iki vəsatəti olduğunu dedi. Hakim vaxtı elan edərək məhkəmə zalından çıxdı. Ramin Hacılı hakimin arxasınca: “Mənim vəsatətlərim qaldı, möhtərəm hakim, hara getdiniz?” – deyə səsləndi. O, vəkili Rəşad Əliyevə “Hakim mənim vəsatətlərimi dinləməyib gedəcəksə, mən bu məhkəməyə niyə gəlirəm”, - deyə, narazılığını bildirdi.
Növbəti məhkəmə iclası iyunun 22-nə təyin olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür