Sosial

Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

Nigar Səmədli
3 Mart, 2021
471

Sosial media

“Müharibə zamanı evimiz atışmalar nəticəsində zərər görüb, pəncərələrə sellofan çəkib 2 otağına yığışmışıq. Hələ bir köməklik görməmişik".

Bunu “Toplum TV”-yə Tərtərin Qaradağlı kəndinin sakini Tural Əliyev deyib.

Tural Əliyev II Qarabağ müharibəsində əmlakı ziyan görmüş vətəndaşlardandır.

O deyir ki, müharibədən sonra evlərinə bir dəfə baxış keçirilsə də, heç bir yardım edilməyib: "Kəndə nə qədər yardım paylanıb, amma bizə heç nə verilməyib. Bu haqsızlıqdır. Biz də burda yaşayırıq, müharibədən zərər görmüşük. Daha bir neçə ailə bizimlə eyni vəziyyətdədir”.

Tural Əliyevin sözlərinə görə, 2016-cı ildəki Aprel döyüşlərində də mal-qarasına ziyan dəyib: “O vaxt 5 inəyim tələf oldu. Oonların da pulunu ala bilmədim. O pulu Tərtər Rayon İcra Hakimiyyətinin işçisi İlqar Musayev mənimsədi. Həyat yoldaşı bizə zəng edib dedi ki, 5 inəyin ikisinin pulunu bizə verin, üçünü siz alın. Biz də razılaşmadığımız üçün heç birinin pulunu ala bilmədik. Mal-qaranın şəkilləri də var, baytardan aldığımız aktlar da, amma o aktları da yox etdilər. İcra Hakimiyyətindən bildirdilər ki, vəsait ayrılanda sizə ödəniş edəcəyik. Bilirəm ki, prezident dəymiş ziyanla bağlı Tərtərə vəsait ayırıb, amma bizə ondan heç nə çatmayıb, yəni pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”.

Tərtər sakini deyir ki, iki övladı xəstədir, imkansızlıqdan onları müalicə etdirə bilmir: “Övladım serebral iflic xəstəsidir, yeriyə bilmir, pensiya alan valideynlərimlə birlikdə yaşadığımız üçün bizə sosial müavinət vermirlər. Böyük qızımın da onurğasında əyrilik var, korsetlə yeriyir. İmkanım yoxdur ki, onun korsetini dəyişdirim. Hər iki uşağın birlikdə müalicəsi 1800 manatdır, amma maddi imkanım yoxdur, gücüm çatmır”.

“Qardaşım həm Aprel döyüşlərində, həm də II Qarabağ müharibəsində fəal iştirak edib. Eyni zamanda 11 ildir ki, hərbi xidmətdədir, amma, təəssüflər olsun ki, buna qiymət verilmir” - Tural Əliyev belə deyir.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadovsa evlərə baxış keçirildiyini və mərhələli şəkildə yardımlar edildiyini bildirir: “Noyabrın 11-də Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb, Fövqəladə Hallar Nazirliyinin komissiyası burada olub. Müharibədən zərər görmüş bütün şəxsi ev, inzibati bina və obyektlərə baxış keçirilib, aktlar yazılaraq aidiyyatı üzrə qurumlara göndərilib".

"Vətəndaşların 30 faizinin evində təmir-bərpa işləri aparılır, qalanlarında da davam edəcək. Hazırda bunun üçün iki şirkət çalışır. Eyni zamanda Tərtər əhalisinin 30 faizi kompensasiya alıb, qalanlarına da vəsait ayrılan kimi ödəniləcək” - icra başçısın müavini belə deyir.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bundan sonra Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
Müharibə zamanı mülki əhalinin yaşadığı Gəncə, Bərdə, Tərtər və digər rayonlara da ciddi ziyan dəyib.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar