Sosial

Nahid Cəfərov: "Hakimiyyət nə desin, desin ki, Rusiya bizi sıxışdırır?"

Aytac Məmmədli
29 Aprel, 2021
440

Açıq mənbələrdən götürülüb

"İşğaldan azad olunan ərazilərdə iki strateji əhəmiyyətli vasitə var: enerji və su təhlükəsizliyi. Rusiya hər ikisinə nəzarət etməklə işğaldan azad olunmuş ərazilərə də nəzarəti əldə etmiş olur. İndiki geosiyasi reallığı nəzərə alsaq, bir regionu əldə saxlamaq üçün onun administrasiyasını idarə etməyə ehtiyac yoxdur, strateji amillərə nəzarət etmək kifayət edir. Buna əsasən də deyə bilərik ki, Rusiya artıq işğaldan azad olunan əraziləri ələ keçirməyə başlayır". 

Bu fikirləri "Toplum TV"-yə siyasi şərhçi Nahid Cəfərov deyib. 

Aprelin 29-da Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 hərbi yük avtomobilindən ibarət 420 ton humanitar yük çatdırıb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, enerji və su təchizatı sistemlərinin, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 20 hərbi KamAZ avtomobilindən ibarət 420 ton yük Rusiya sülhməramlı kontingentinin 15-ci kalonunun müşayəti ilə Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək Kəlbəcərə çatdırılıb. 

Rusiya Kəlbəcərə, demək olar ki, hər ay humanitar yardım göndərir. Humanitar yük daha çox sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə göndərilir. 

Yeri gəlmişkən, aprelin 28-də də Ermənistan mətbuatı və "Feysbuk" sosial şəbəkəsində məlumatlar yayılıb ki, Gürcüstan Rusiyadan yola çıxan və güllə keçirməyən jiletlərlə yüklənmiş iki yük maşınını Ermənistana buraxmayıb. 

Rusiyanın Cənubi Qafqazla bağlı yeni planı var? 

"Cənubi Qafqazda bir-birilə kəskin rəqabət aparan iki dövlət var: Ermənistan və Azərbaycan. Bu dövlətlərin bir-birinə düşmən mövqedə dayanması Rusiyanın regionda daha da güclənməsinə şərait yaradır. Əgər bu gün 3 Qafqaz ölkəsi nəzəri olaraq sözünü bir yerə qoysalar, regionda hökmranlıq etmək Rusiya üçün çətin olacaq. Tam əksi isə Rusiyanın regiona müdaxiləsini asanlaşdıracaq", - Nahid Cəfərov belə deyib. 

Siyasi şərhçinin dediyinə görə, Gürcüstan artıq oyundan çıxmaq üzrədir, lakin Azərbaycanla Ermənistanın bir-birinə nifrəti Rusiyanın müdaxiləsi üçün əsas yaradır: "44 günlük müharibəyə Rusiyanın gözündən baxsaq, görərik ki, balans pozulub - Ermənistan kifayət qədər itkilərlə üzləşib, Azərbaycan müəyyən qədər nüfuz qazanıb. Sabah Rusiyada problem baş verərsə (məsələn, siyasi böhran), Azərbaycan dərhal müstəqil siyasət yürüdə biləcək, Rusiya isə Ermənistanın əlilə bunun qarşını almaqda çətinlik çəkəcək. Bunun üçün də Rusiya Ermənistanda dağılan ordunu bərpa etməkdə maraqlıdır. Ona görə də Gürcüstanda Rusiyanın Ermənistana göndərdiyi hərbi texnika ortaya çıxır". 

N. Cəfərov humanitar yükün daha çox enerji və su təhlükəsizliyi təminatına yönəldiyinə diqqət çəkir: "Niyə Rusiya işğaldan azad olunan ərazilərin su və elektrik təchizatçısına çevrilir? Çünki bundan təzyiq vasitəsi kimi istifadə edəcək. Rusiyada yaşayan azərbaycanlılardan belə təzyiq vasitəsi kimi istifadə edən, dərhal sərhəddi bağlayıb bizi öz bazarından sıxışdırmağa çalışan dövləti biz strateji əhəmiyyətli bölgələrdə enerji və su təchizatçısına çeviririk". 

O deyir ki, İlham Əliyevin yaratdığı şou pozulmasın deyə rəsmilər bu məsələ haqqında danışmaq istəmirlər: "Ölkə rəsmiləri yaxşı bilir ki, vəziyyət nə yerdədir. Reaksiya verib nə desinlər? Desinlər ki, Rusiya bizi sıxışdırır? Bəs o zaman İlham Əliyevin forma geyinməsinə, işğaldan azad olunan ərazilərdə çəkdirdiyi şəkillərə necə haqq qazandırarlar?"

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Toplum TV"-yə bildirib ki, məsələ araşdırılacaq. 

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar