Sosial

“Nar festivalı, Şərab festivalı - hər şeyin festivalı olub, amma niyəsə...”-MÜSAHİBƏ

25 Avqust, 2021
1974

Sosial media

Avqustun 25-dən 29-dək Gəncədə Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək. O müstəqil, regional sənədli film festivalıdır.
 Festival bu il qadın qətllərinə həsr edilib: “Məqsəd hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkməkdir. Builki sloqan “Mən bahara layiqəm”, şiddətə qarşı qadın birliyi və yaxşı yaşam şərtlərinə çağırışdır”.

“Toplum TV” festivalın təşkilatçısı Aygün Rəşidova ilə müsahibəni təqdim edir.

-Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının başlamasına sayılı günlər qalıb. Festivaldan gözləntiniz nədir? Tədbir digər festivallardan nə ilə fərqlənəcək?

-Bu festivaldan sonra qadın qətilləri olmayacaq demirik. Sadəcə göstərmək istəyirik ki, biz də bu mübarizənin bir parçasıyıq. Eləcə də bu yolla həm sənədli film sahəsini inkişaf etdirmək, həm də qadın qətillərinə diqqət cəlb etmək istəyirik. Sənədli filmlərin təsir gücünə çox inanıram. Qurama ssenarilərə insanları inandırmaq daha çətindir. İnsanların baxış bucağını dəyişdiyi üçün istəyirəm hamı sənədli filmlərə baxsın. Festivalın adını, bu ilki buraxılışını da məqsədli olaraq qadınlara həsr etmişik. Təkcə ad vasitəsilə biz az da olsa diqqəti qadın qətillərinə cəlb edə biləcəyik, kimlərsə bunu müzakirə edəcək. Ən azından insanlar düşünəcək, bir-birlərinə sual verəcək.

Çalışırıq ki, hər şeyə pozitiv yanaşaq. Qadın qətilləri neqativ hal olduğundan mənfiyə müsbətlə cavab vermək istəyirik. Sloqanımızın adı belə “Ölmək istəmirəm”, yaxud şiddət ifadə edən hər hansı bir söz deyil, “Mən bahara layiqəm”-dir. Yəni, mən yaşamağa layiqəm, ölməyə yox.

 -Festivalın konsepsiyası yalnız qadın qətilləri ilə bağlıdır?

-Ad qadın qətlləri olsa da, festival boyunca müxtəlif növdə filmlər, müzakirələr olacaq. Onların heç də hamısı qadın ölümləri ilə bağlı deyil. Mövzu çox ağırdır. Ümumiyyətlə, genderlə bağlı mövzular tabudur. Birdən-birə bunu insanlara həzm etdirmək mümkün deyil. Hər tədbirdə qadın qətilləri ilə bağlı mesajlar olacaq. Niyyətimiz həm də bu atmosferi yaratmaqdır. Biz müzakirələrdə çoxlu yeni şeylər öyrənirik, lüğətimizdən lazımsız, zərərli ifadələri uzaqlaşdırırıq, düzəlişlər edirik və sairə. 100 nəfərdən cəmi birinə təsir edə bilsək bu bizə bəs edir. Düşünürük ki, festival hər il genderlə bağlı bir mövzuya həsr olunsun. Bu il biz ölən qadınlara diqqət çəkirik.

- Maraqlıdır ki, niyə məhz Gəncə?

- Əvvəllər həm festival, həm də bu tip layihələrin təşkilində iştirak etmişəm. Gəldiyim qənaətə görə, Bakıda bütün tədbirlərə ancaq müəyyən qrup gedir. Region insanlarının isə bu barədə məlumatı olmur. Halbuki rayonlarda da potensiallı, həvəsli gənclərin sayı az deyil. Düşündük ki, tədbiri regionlardan birində təşkil etməklə müəyyən qrupa pozitiv təsir göstər bilərik: onların dünyagörüşündə, həyata baxışında dəyişiklik olar.

Gəncədə ilk dəfədir ki, belə bir tədbir təşkil edirik. Tədbirin məhz bu şəhərdə keçirilməsi isə bir qədər təsadüfən oldu. Keçən il tədbirlər təşkil etmək istəsək də, pandemiyaya görə ortada qalmışdıq, başlamaq istəyirdik, amma bilmirdik hardan, necə? Elə oldu ki, Tovuzdakı Gənclər evindən bizə təlim üçün yazdılar. Biz də əvvəlcə Tovuza baş çəkdik, sonra isə digər qərb rayonlarını gəzməyə başladıq. Gəncə qərb regionları arasında daha mərkəzləşmiş şəhər olduğundan buranı seçməyə qərar verdik.

-Bəs komandanıza yerli gəncləri də cəlb edə bildinizmi?

-Festivalın təşkilati işlərinə çoxlu gənclər cəlb olunub. Cəmi 2 nəfər təşkilatçı Bakıdan gəlib, aparıcıdan tutmuş texniki məsələlərlə məşğul olanların hamısı regiondandır.

-Hansısa çətinliklərlə qarşılaşdınızmı?

-Ən böyük çətinliyimiz ölkədə film festival ənənəsinin olmaması ilə bağlıdır. Yəni varsa da, bu, çox azdır. Məsələn, DokuBaku sənədli film festivalı 5 ildir fəaliyyət göstərir. Ümumilikdə, bu sahədə ənənə formalaşmadığından baza, faydalanacağımız təcrübə yoxdur. Buna görə də, komanda quranda, əməkdaşlıq edəndə bu çətinliyi, yoxluğu hiss edirik. Amma xüsusi olaraq hər hansı əngəllə qarşılaşmamışıq. Əksinə çoxlu sayda insan bizə dəstək olmağa çalışır. Amma festivalın nə olduğunu insanlara izah etmək az qala bir il vaxtımızı aldı. Bizdən hələ də indiyə kimi soruşanlar var ki, nə filmi çəkirsiniz? Filmi çəkib qurtarmadınız? Elə burdan görmək olar ki, xüsusən regionlarda festival mədəniyyəti formalaşmayıb. İndiyə qədər Nar festivalı, Şərab festivalı, yəni hər şeyin festivalı olub, amma niyəsə film festivalları ölkədə öz yerini tuta bilməyib. Bu mənada hər şey yeni olduğundan, biz ən əvvəldən - əlifbadan başlamalıyıq.

İkinci ən böyük problemimiz bizim ciddiyə alınmamağımızla bağlı oldu. Bizə baxanda gülürlər, deyirlər ki, işiniz-gücünüz qurtarıb? Bir neçə rayonda bizi qadın olduğumuza görə ciddiyə almırdılar. Təsəvvür edin ki, məkan danışmağa getmişik, ancaq görüşdüyümüz adam danışarkən üzümüzə baxmır. Təşkilatçı olaraq mən qalmışam qıraqda, məkan sahibi yerli, köməkçi oğlana üzünü tutub danışır. Nəsə deyəndə eşidən, fikir verən olmur. Amma komandadakı oğlanlardan birini araya salan kimi "hə gəlirəm brat, bu dəqiqə" deyirlər, onları eşidirlər. Otel tutanda, məkan kirayələyəndə, hətta yemək sifariş edəndə belə bu auranı hiss edə bilirik. Bu mədəni tədbir olsa da, eyni zamanda fonda patriarxal cəmiyyətlə də mübarizə aparırıq. Hər dəfə özümüzü sübut etməli oluruq. Buna az da olsa nail olanda zarafatla “vauu bu dəfə bizi ciddiyə aldılar” deyirik. Hələlik həvəsdən düşmədən davam edirik. Məncə, yavaş-yavaş olsa da bacarırıq.

-Festivala giriş hər kəs üçün açıq qoyulub. Maraqlıdır ki, kütləvilik nəzərə alınıbmı? Audotoriyanız nə qədər olacaq?

-Festival müddətində 18 tədbir keçirtməyi planlamışıq. Hazırkı şərtlərdə filmlərin nümayişini onlayn keçirmək mümkün deyil. Bu baxımdan tədbirlərin əksəriyyəti açıq havada olacaq və hər tədbirə minimum 50 nəfərin gələcəyini güman edirik. Ümumilikdə tədbir boyunca 700 nəfəri əhatə etməyi planlayırıq. Paralel olaraq bəzi onlayn tədbirlər təşkil ediləcək.

-Bu, spesfik olaraq qadın qətillərinə həsr olunmuş ilk festivaldır. Kimlərlə əməkdaşlıq etmisiniz. Dövlət orqanlarından hər hansı dəstək aldınızmı?

-Tədbirimiz beynalxalq qadın sənədli film festivalı statusu daşıyır. Dəstək üçün xüsusi olaraq hər hansı dövlət qurumuna müraciət etməmişik. Biz əslində, maksimum müstəqil qalmağa çalışırıq. Ancaq bununla belə həm yerli, həm də xarici qurumlarla əməkdaşlıq edirik. Məsələn, Azərbaycan Kinematoqrafiya İttifaqı həm maddi, həm də mənəvi baxımdan bizə dəstək oldu. Regionlarda yerləşən gənclər evi ilə müəyyən əlaqələr qura bildik.

Həmçinin Türkiyədə 20 ildən artıqdır ki, fəaliyyət göstərən qadın film festivalları - Filmmor, “Uçan Süpürgə” ilə əməkdaşlıq edirik. Hətta Ankaradan “Uçan Süpürgə” film festivalından təcrübəsini bizimlə bölüşmək üçün tədbirimizə gələn qonağımız var. Böyük səhnəyə çıxmaq yönündə hələlik bu şəkildə irəliləyirik.

-Mükafat nə olacaq?

- Bu, birinci il olduğundan mükafatımız minimal büdcə ilə hazırlanıb və simvolikdir. Əl işləri hazırlayan bir nəfərə təşkilatın loqosunu mükafat kimi hazırladırıq. Ancaq növbəti illərə daha böyük planlarımız var. Gələcəkdə yerli rejisorları da bura cəlb etmək üçün xaricdəki beynalxalq film festivalları ilə əməkdaşlıq qurmağı düşünürük. Beləcə, onları xarici film festivallarına yollamaqla mükafatlandıra bilərik. Yaxud da ənənəvi olaraq pul mükafatı verilə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo