Sosial

“Narkoman qardaşımdan polisə şikayət etdiyimə görə hamı mənə “suka” kimi baxırdı…”

Roza Məmmədova
21 İyul, 2021
1310

Sosial media

Birinci hissə
“Gülərüz, mehriban qardaşım getmiş, yerinə başqa birisi gəlmişdi...”

Qardaşı narkotik istifadəçisi olan Gülxar Məmmədli “Toplum TV”-yə belə deyir.

“Əsgərlikdən gələndən sonra - 20 yaşında başladı. Əvəl ot (marixuana) çəkirdi, sonra “patı”ya keçdi".

Gülxarın sözlərinə görə, bunu evlərindən aşağısı deşilmiş butulkalar tapanda anlayıb.

"Davranışlarında da fərq yaranmışdı. Qardaşım özü-özüylə, divarla, qapıyla danışırdı. Biz onunla danışmağa cəhd edəndə məntiqsiz, əlaqəsiz sözlər deyirdi. Elə olurdu ki, cümləsinin başı ilə ayağı düz gəlmirdi".

Sosial media

"Sonra da keçdi iynəyə", - deyir Gülxar.

“İynəni “lomka”dan çıxmaq üçün vurduqlarını onda öyrəndim. Qardaşım buna təzə başlayanda həftədə iki dəfə 10 manat istəyirdi. Sonra hər gün pul istəməyə başladı. Bir azdan elə həddə çatdı ki, artıq gündəlik 10 manat da ona bəs etmirdi. Bizə deyirdi ki, dozanı azaldıblar. Amma doza azalmamışdı, sadəcə bədəni daha çox tələb edirdi".

Bunları əzabla danışan Gülxar həmin dövrdə çox çarəsiz olduqlarını söyləyir:
"Mən necə davranacağımı bilmirdim. Bir tərəfdən acığım tuturdu, digər tərəfdən qardaşım olduğu üçün ona acıyırdım".

"Məcburdum, qardaşımın əlində ölmək istəmirdim"

Daha sonra qardaşıyla yaşamağın qeyri-mümkün olduğunu görən Gülxar ondan polisə şikayət edib, buna görə ətrafdakılar ona rişxənd etməyə başlayıblar.

Bu yerdə o, göz yaşlarını saxlaya bilmir, deyir ki, indi deyəcəklərini mütləq yazım:
"Polis çağırdığıma görə mənə “suka” kimi baxırdılar. Qonşularımız "Öz qardaşını polisə verdi" deyib məni qınayırdılar. Bəs mən nə etməliydim, kiminsə ölməsini gözləməliydim?"
Daha sonra ailə böyük çətinliklər bahasına da olsa, gənci Maştağadakı Respublika Narkoloji Mərkəzində hər dəfəsi 21 gün olmaqla, 3 dəfə müalicə etdirib.

“Elə bilirsiz, müalicəyə göndərmək asandır?”, - deyə Gülxar əlavə edir.

"Məhkəmədə qardaşımdan narkoman olub-olmadığını soruşanda qardaşım "Bəli, narkomanam, müalicə almaq istəyirəm" dedi (Dövlət hesabına müalicə məhkəmə qərarı əsasında təmin edilir – red.). Onlar da dedlər ki, əsl narkoman belə deməz, müalicə olunmaq istəməz. Beləcə, məsələ yubandı, nəticədə qardaşım xeyli sonra müalicəyə göndərildi. Bəlkə də, vaxtında qərar çıxarılsaydı, vəziyyət bu həddə çatmaz, o həbs edilməzdi".

Müalicədən sonra da işlər qaydasında getməyib. Qardaşı xəstəxanadan çıxandan sonra cəmi 4 gün "dərmansız" tab gətirib.

"Deyirdi ki, dözə bilmirəm, ürəyim sıxılır. Sonra öyrəndik ki, qonşuluqda satan varmış. Qardaşımın 21 günlükdən gəldiyini eşidib, ona pulsuz doza verib.

Açıq mənbələrdən götürülüb

Maddə satanlar dünyada ən axırıncı adamlardır, onların zərrə qədər heysiyyatı yoxdur. Onlardan şikayət etməyin də faydası yoxdur, tutulanlar tutulur, qalanları da 2-3 aylıq yoxa çıxırlar. Ara sakitləşən kimi göbələk kimi təzədən ortaya çıxırlar".

Gülxar deyir, qardaşı o həddə çatıb ki, həbs olunmasına özü şərait yaradıb:

"Həbsdə qalıb sağalmaq istəyirdi. Ona görə də bu yolu seçdi".
İndi Gülxar 17 illik zülmün bitməsini, qardaşının sağalıb gələcəyi günü gözləyir...

Narkomaniya nədir?

Narkomaniya – narkotik maddələrdən istifadə nəticəsində yaranan xəstəlikdir, “narko” – yuxu, “maniya” - hərislik deməkdir.

Qanunla qadağan olan narkotik maddələr fiziki və psixi aslılıq yaradır, mənşəyinə görə 3 qrupa bölünür - təbii, yarımsintetik və sintetik.

Narkotik vasitələrə psixi (obsessiv) meylin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunması psixi asılılıq sindromu adlanır.

Psixi meyil narkomaniyanın ilkin əlamətlərindən biri olmasına baxmayaraq uzunmüddətli, çətin aradan qalxan simptomdur. Narkotik haqda fasiləsiz düşünmək, narkotik maddə qəbulu zamanı əhval-ruhiyyənin artması, əks halda gərginlik və əzginlik hissi ilə müşayət olunur; xoşagəlməz həyəcan anlarında, narkomanlarla görüş zamanı və narkotiklər haqqında söhbət edərkən bu meyil güclənir.
 
Fiziki (kompulsiv) meyil narkomaniyanın əsas əlamətlərindən biridir, narkotizasiyaya güclü meyillə və yüksək intensivliklə müşayət olunur; hətta susuzluq və aclıq hissi kimi həyati vacib meyilləri də üstələyir.

Fiziki meyil nəinki əhval-ruhiyyəni və affektiv fonu təyin edir, həmçinin davranışı, digər motivlərin aradan qaldırılmasını kontrol edir. Xəstələrin hərəkət və davranışlarını motivasiya edir. Bu zaman bütün istəklər narkotik vasitə əldə etməyə yönəlir.

Narkotik və psixotrop maddələr

Maddənin kimyəvi tərkibi nə qədər sintetik olarsa, asılılıq da bir o qədər yüksək olur. Məsələn, sintetik tərkibli maddələr daha çox asılılıq, yarım sintetik nisbətən az, təbii mənşəlilər isə daha az asılılıq yaradır. Amma nəticə etibarı ilə hər 3 qrup asılılıq yarada bilir.

Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaş-xaş, tiryək, marixuana, heroin, kokain və s.-dir.

Psixotrop maddələrsə fiziki asılılıq yaratmır. Onun qəbulu nəticəsində nevroloji, psixi davranış pozuntuları güclü şəkildə özünü göstərir.
 

“patı”, “şüşə” kimi tanınan mefedron, ekstazi, tramadol, preqabalin, metadon kimi maddələr psixotrop hesab olunur.

Narkotik ticarəti və narkomaniya statistikasında artım var...

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilin birinci rübünə aid olan məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2050 cinayət faktı aşkarlanıb.

Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Cinayət məsuliyyətinə cəlb edilən 1071 nəfərin 4-ü 16-18 ,80-i 18-25, 202 nəfəri 26-29 yaşlarında olub.

30 yaş və ondan yuxarı olan sayı isə 785 nəfər təşkil edib.

Məlumatda bildirilir ki, ötən ilin birinci rübü ilə müqayisədə 2021-ci ilin ilin eyni dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147 olub.

Eyni zamanda, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 356 fakt aşkar edilib, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb, bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olub.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov açıqlmasında narkoloji müalicə alan xəstələrin artaraq 32 921 olduğunu söyləyir.

“Amma bu artımı respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk. Son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.

Qorxulardan qurtaran “dərman”

Psixoloq Əli Xəlilov da son zamanlar narkomaniya qurbanlarının artdığını, yaş həddininsə azaldığını söyləyir.

Psixoloq Əli Xəlilov

 

Onun sözlərinə görə, narkomaniyaya meyilli insanların 70%- i gənclərdir.

Psixoloq narkomaniyaya səbəb ola bilən amilləri belə ümumiləşdirir:
“ Birincisi, ünsiyyət problemləri, cəmiyyətə adaptasiya qorxusu və sairə. Yəni narkotik qorxulardan qurtulmaq, rahatlamaq üçün bir vasitəyə çevrilir.
İkincisi, ailədaxili konfilikt, natamam ailə faktoru, valideyndən qayğı dəstək görməmək və digər səbəblər.
Üçüncüsü, həzz amili. Bir çox gənclər məhz asan və rahat yolla həzz almaq üçün bu maddələrdən istifadə edir.
Dördüncüsü, yeniyetməlik böhranı. Əhatə dairəsində pis vərdişlərə aludəçiliyi olan insanları görəndə yeniyetmə onları yamsılamağa başlayır.
Beşincisi, subkulturual cərəyanlar – məsələn, azadlığın daha çox önə çəkilməsi. Bəzən yeniyetmələr “azadlıq” anlayışını düzgün qəbul etməyib, normadan kənar davranış sərgiləyirlər”.

Ə.Xəlilov deyir ki, ona müraciət edənlər bəzən bir deyil, daha çox psixoloji problemdən əziyyət çəkir:
“Məsələn, depresiyya, təşviş, həyacan, ölüm qorxusu, poronoyal düşüncülər və onların fonun da ailələri və ətrafı arasında yaranan psixoloji problemlər. Bu zaman xəstə hər bir hadisədən nəsə məna çıxarmağa çalışır. Öz aləmində təqib olunduğunu, ailəsinin onu izlədiyini düşünür və hər şeyə şübhəylə yanaşır. Maddədən həddindən artıq istifadə isə daha ağır problemlərə, hətta şizofreniyaya səbəb ola bilər”.
 

Çıxış yolu?

Psixoloq müalicə alan pasiyentlərin bir sıra sosial problemlərlə qarşılaşmasına diqqət çəkir:
“Məsələn, iş təcrübəsinin və lazımi təhsilin olmaması, yaxınlarından və maraqlarından uzaqlaşmaq müəyyən çətinliklər yarada, “həyatın mənası” axtarışları başlaya bilir. Təssüf ki, bəzən o mənanı tapmadıqda və yetəri qədər dəstək almadıq da yenidən eyni hallar təkrarlana bilər. Eyni zamanda, bir gəncin həyat axarının fərqli istiqamətdə dəyişməsi onun o ankı tələb və ehtiyaclarına ziddir, motivasiyanın azlığı gəncin inamının azalmasına gətirib çıxarır”.

Əli Xəlilov deyir ki, ən ciddi problem motivasiya əskikliyidir:
“Xəstənin problemi dərk etməsi və sağalması üçün məsuliyyəti öz üzərinə götürməsi vacibdir. İkinci problem pasiyentdə özünü dərk və analiz qabiliyyətinin, emosiyaların nəzarətə alınması və tənzimlənməsi, konfliktlərdə konstruktiv davranış bacarıqlarının inkişafıdır. Əks halda hər çətinliyə düşəndə ilk ağlına gələn şey problemlərdən qaçış olacaq, onun da yolunu artıq tapdığını düşünür. Üçüncü problem pasiyenti bu vəziyyətə salan psixoloji faktorların təsirin azaldaraq aktiv bir həyat vəziyyətinə gətirməkdir - gələcəyini planlaşdırmaq qabiliyyətini həqiqətən inkişaf etdirməklə, hərəkətlilik strategiyasına etibar edərək şüurlu şəkildə düşünmək və inkişaf etmək istəyi olacaqdır”.

Açıq mənbələrdən götürülüb

Onun sözlərinə görə, belə gənclərin sosial və psixoloji dezadaptasiyası yalnız onların şəxsi problemi deyil, həm də ailənin və bütövlükdə cəmiyyətin problemidir; xəstə bunu gizlətməməli və tək başına mübarizə yerinə kənardan dəstək almalıdır:
“Yəni xəstə özünə qapanmaqla, yaxud təcrid olunmaqla sağalacağını düşünməyə çalışmamlıdır. Unutmaq olmaz ki, bütün fəlaiyyətlərin təməlində psixi sağlmalıq durur, onu qorumaq lazımdır. Psixoloqların fəaliyyəti gənc bir insanın yenidən formalaşmasında böyük rol oynayır. Bu zaman kompleks müalicə lazım olur - narkoloq, psixoloq, bəzən isə sosial işçi və psixiatr birgə işləyirlər”.

Sosial

Əlillik verilən müharibə iştirakçılarının sayı bilindi

23 Sentyabr 2021

Rəsmi səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu II Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Nazirlikdən bildirilib ki, artıq 2000 nəfərədək müharibə iştirakçısına ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib. "Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən...
Sosial

“İşə götürmürlər, belə çıxır ki, ya oğru olmalıyam, ya da yüngül həyat tərzini seçməliyəm”

Roza Məmmədova
23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Gülnar Niftiyeva Azərbaycanda yaşayan minlərlə işsizdən biridir. 2018-ci ilə qədər həm dövlət, həm də özəl sektorda çalışıb. 3 ildir işsiz olan bu qadın ali təhsilli və təcrübəli olmasına baxmayaraq iş tapa bilmədiyindən evdə oturmağa məhkumdur. Onun sözlərinə görə, Azərbaycanda ali təhsilli insanların əksəriyyəti bu aqibəti yaşayır. “35 yaşdan sonra işə götürmürlər, pensiya yaşı isə 65-dir. Bəs 30 il ərzində vətəndaş nə etməlidir?” Artan işsizlər ordusu Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  işsizlərin sayı 375,9 min nəfər olub. Amma müstəqil ekspertlər reallıqda işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox  olduğunu iddia edir, bildirirlər ki, ölkədə hazırda işsiz insanların sayı təxminən...
Seçilmiş Videolar