Narkotik istifadəçisi: “Çəkməsəydim, deyəcəkdilər, kişi deyil”
Açıq mənbələrdən götürülüb
İkinci hissə
Zaur Səmədov narkotiklə 5 il bundan qabaq -23 yaşında marixuana çəkməyə başlayanda tanış olub.
“Məhəlləmizdə çoxlarının “şey” (Narkomanlar marixuanaya belə deyirlər - red.) çəkdiyini bilirdim. Bir dəfə öz tay-tuşlarımla yığışanda onların çəkdiyini gördüm və düşündüm ki, bir dəfədən heç nə olmaz, mən də “dadına” baxım”.
Zaur deyir ki, təcrübəsiz olduğundan sonra nələr baş verə biləcəyini təxmin edə bilməyib.
“Mən qəbul etdiyim adisindən deyildi. Ümümiyyətlə, “şey” 2 cür olur: dərmanlı, dərmansız. Dərmanlının təsiri daha güclü olur və təxminən 40 dəqiqə, ya da 1 saat davam edir. Dərmansızın təsiri daha zəif, müddəti 2-3 saat olur. Mən qəbul etdiyim dərmanlıdan idi, yəni güclüsündən. “Şey”i çəkəndə özümü olduğumdan daha xoşbəxt hiss etdim. Səbəbsiz gülür, dərmanın təsiri ilə fantaziyalarımı işə salırdım. Kənarda gördüklərimin heç biri reallığa uyğun gəlmirdi. Xatırlayıram, bir dəfə dostumu süpürgə kimi görmüşdüm”.
Zaur danışır ki, sonrakı gün səhər yuxudan oyananda ağzında yapışqanlıq , bədənində isə əzginlik hiss edib:
“Həm də burnum axırdı. Elə bil qirip olmuşdum. Xəstə deyildim, amma özümü xəstə kimi hiss edirdim. Uşaqlara zəng vurdum, “Birini də çək, düzələcəksən ”dedilər. Həqiqətən də dedikləri kimi oldu. Sonrası məlumdur…”
Zaurun sözlərinə görə, zaman keçdikcə marixuananın təsirini hiss edə bilməyib və nəticədə heroinə qurşanıb.
“Birinci dəfədəki “kayfı” heç nədən ala bilmirdim. Tək məqsədim o həzzi yenidən yaşamaq idi. Dozanı nə qədər artırsam da, mənə bəs etmirdi. Günlərlə yuxusuz qalırdım, çəkim də 80-dən 50-yə düşmüşdü . Əlim dərmana çatmayanda, ya da kimsə mənə ağıl öyrədəndə, aqressiv olurdum. İstəyirdim onlara sübut edim ki, məsələ onların bildiyi kimi deyil. Amma, deyəsən, o vaxtlar özündən xəbərsiz sadəcə elə mən olmuşam. Müalicə alandan sonra bunun fərqinə vardım.”
I Hissəni burdan oxuyun: “Narkoman qardaşımdan polisə şikayət etdiyimə görə hamı mənə “suka” kimi baxırdı…”
Zaur deyir ki, “məşğuliyyəti” üçün xeyli pul xərcləməli olub. Pulu qurtaranda valideynlərindən və sevgilisindən istəyib.
“İlk dəfə sevgilimdən utana-utana pul istədim. İstəməsəydim, elə bil öləcəkdim.
O vaxtlar valideynlərimlə münasibətlərim yaxşı deyildi. Sevgilimə yalandan “Böyrəklərim xəstədir, müalicə almasam, öləcəm” dedim. İnandı. Bütün maaşını mənə xərcləyirdi. Amma bu “müalicə” bitmirdi ki, bitmirdi. Axırda da araşdırıb hər şeyi başa düşdü”.
Zaur danışır ki, valideynləri onu yolundan döndərməyə, müalicə almağa razı sala bilməyiblər. O, müalicə alsa, pis qarşılanacağını, hamının onu zəif hesab edəcəyini düşünüb.
“Uçurumda olan tək mən deyildim....”
“Valideynlərim, sevgilim... Onlar da mənimlə birlikdə uçuruma yuvarlanırdılar. Bir gün zəng gəldi ki, Nigar(nişanlısı – red.) çoxlu yuxu dərmanı içib, vəziyyəti pisdir. Necə qorxmuşdumsa, xəstəxanaya ayaqyalın qaçıb getmişdim. Yaxşı bilirdim ki, o saf qızın da həyatını mən cəhənnəmə döndərmişəm. İlk dəfə onda tanrıya sığındım, tövbə elədim, yalvardım ki, düzələcəm”.
O vaxt bu qərarın çətin və ağırılı olduğunu dərk edən Zaur 6 aylıq müalicədən sonra normal həyata qayıda bildiyini söyləyir.
“Daha ağrı hiss etmirdim. Ancaq yuxuda “şey” çəkdiyimi görürdüm. Bu o qədər gerçək olurdu ki, ayılıb işi tam yekunlaşdırmaq istəyirdim. Amma bilirdim ki, belə etsəm, 6 aylıq əziyyətim batacaq. Ona görə də psixoloqa, sonra da psixiatra müraciət etdim. Hələ də seanslara gedirəm”.
O deyir ki, indi onun bir arzusu var: əvvəlki Zaur olmamaq...
Azərbaycanda narkomanların sayının getdikcə artdığını vurğulayan ictimai fəal Cəfər Nərimanlı “Feysbuk” platforması üzərindən narkomaniya ilə mübarizəyə çağırış kampaniyası başladaraq vətəndaş cəmiyyəti nümayəndələrini, partiya rəhbərlərini və digər fəalları bu kampaniyaya qoşulmağa dəvət edib.
“Hər kəs bilir ki, narkotika gəncliyin bəlasına çevrilib və gün-gündən artır. Məsələn, yaşadığım Biləcəri qəsəbəsində də bu artım hiss olunur. Bu yaxınlarda orda bir tanınmış şəxs də narkotik qəbulundan vəfat etdi. İdmanla məşğul olan gənc qonşularım var, hətta onlar da narkomaniyaya yoluxub. Narkotik maddələrin satışı ilə məşğul olan konkret adamlar tanıyıram. Gedib onlara irad bildirəndə müdafiçiləri ortaya çıxır. Bir tanışım narkotik satan alverçiyə təpinmişdi, sonrakı gün polis gəlib onu hədələmişdi ki, işinlə məşğul ol”.
C.Nərimanlı deyir ki, polis cəmiyyəti zəhərləyən adamı qorumamalıdır:
“Bizdə tərsinədir, polis belələrini həbs etmək əvəzinə, onlara qəyyumluq edir”.
İctimai fəal düşünür ki, problemi ictimailəşdirməklə insanları bu bəladan uzaqlışdırmaq mümkündür. O, mübarizəni davam etdirəcəyini söyləyir.
“Polis narkomaniyaya qarşı mübarizədən heç vaxt çəkinməyəcək”
DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Toplum TV”-yə açıqlamasında C.Nərimanlının iddialarını təkzib edib:
“Narkomaniyayla mübarizə polis orqanlarında çalışan hər bir əməkdaşın şərəf məsələsidir. Narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparan heç bir polis işçisi buna göz yuma bilməz. Çünki bu, Azərbaycan xalqının gələcəyi ilə bağlı məsələdir”.
Cinayətlərin sayı artıb
Daxili İşlər Nazirliyinin 2020-ci ilə dair hesabatına görə, narkomaniya ilə bağlı 4084 nəfər məsuliyyətə cəlb olunub. Onların 2853-ü (+30,9% ) əmək qabiliyyətli işləməyən və oxumayan, 1239-u (+39,4%) əvvəllər cinayət törətmiş, 69-u i (+1,5%) isə qadınlar olub.( + əvvəlki ilə müqayisədə artıb deməkdir).
Narkotik maddələr daha çox İrandan gətirilir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında isə narkotik vasitələrin ölkəyə daha çox İran marşuru ilə gətirildiyi göstərilib.
• İran – Azərbaycan;
• Dağlıq Qarabağ – İran – Azərbaycan;
• İran – Azərbaycan – Rusiya – Yaponiya;
• İran – Azərbaycan – Gürcüstan – Avropa;
• İran – Azərbaycan – Rusiya – Ukrayna
Böyrəklərin fəaliyyəti pisləşir, beyin quruyur...
Mütəxəssislər narkomanların səhhətində baş verən dəyişikləri belə təsnifatlandırırlar:
- narkotik maddələr ürəyin yığılma qabiliyyəti olan liflərini məhv edir, damarları daraldır, qanı laxtalandırır, hərəkətini ləngidir, toxumalarda oksidləşmə-bərpa prosesi pozulur;
- qaraciyərdə əvvəlcə hepatit, sonra isə sirroz inkişaf edir; Narkomanlar arasında qaraciyərin C virus hepatiti geniş yayılıb, bu xəstəlik müalicəyə çox çətin tabe olur.
- böyrəklərin fəaliyyəti pisləşir;
- cinsi sfera elə zədələnir ki, impotensiya problemi yaranır;
- immun sistemi zəifləyir, nəticədə infeksion xəstəliklərə yoluxma asanlaşır;
- ağciyərlərdə vərəm baş qaldırır;
- həzm və endokrin sistemin işi pozulur;
- bir porsiya narkotik 1000-2000 beyin hüceyrəsini məhv edir, narkotik maddələr beyni “qurutduğu” üçün kəskin nevrasteniya, depressiya və psixi xəstəliklərə çox rast gəlinir;
- narkomanlar arasında QİÇS (SPİD) və zöhrəvi xəstəliklər geniş yayılır - birincisi sağalmaz, ikincisi isə ağır xəstəlik sayılır.
Narkoloq Ağa İsmayılov deyir ki, bu problemdən əziyyət çəkən xəstələr həkimə ancaq səhhətlərində ciddi problem yarananda, yaxud özlərində maddədən asılılıq hiss etdikdə müraciət edirlər.
“Bəzi hallarda xəstələr uzun müddət narkotasiyaya məruz qalırlar. Bu müddətdə onlar eyforiya vəziyyətində olurlar və normal həyatda özlərini rahat hiss edə bilmirlər. Ona görə də eyforik vəziyyətlərə üstünlük verirlər”.
Narkoloq qeyd edir ki, narkotik maddənin kimyəvi tərkibi və xarakterindən asılı olaraq onun yaratdığı fəsadlar da fərqli və individualdır, bu baxımdan xəstəliyin inkişafı 3 mərhələyə bölünür.
Onun sözlərinə görə, ilkin mərhələdə narkomaniya maddənin epizodik qəbulundan başlayır, sonrasında sistematik və mütəmadi qəbula keçir: “İlkin mərhələdə problemə qeyri-ciddi yanaşıldığına görə onlar həkimə müraciət edəndə artıq xəstəliyin bütün sistematikası formalaşmış olur”.
“Bununla belə, bu xəstəliyin müalicəsi mümkündür”, - deyə A. İsmayılov qeyd edir:
“Ancaq xəstənin sağalması onun dünyagörüşü, həyata baxışı, xarakterindən və sairədən aslıdır. Təəssüf ki, digər xəstəliklərlə müqayisədə bu xəstəliyin müalicəsindən effektiv nəticə almaq az faiz təşkil edir. Dediyim ki, burada şərtlər narkotik maddənin növü və kimyəvi tərkibindən asılı olmaqla yanaşı, həm də xəstənin sosial statusu, şəxsi keyfiyyətləri və sairəylə də əlaqəlidir”.
Narkoloq ilkin mərhələdə müalicə üçün minimum 2 həftə lazım olduğunu söyləyir və əlavə edir ki, sonrakı realibitasiya dövrü bir neçə ay çəkə bilər.
“Polinarkomaniya hallarının sayı çoxalıb”
Polinarkomaniya - bir neçə fərqli maddənin istifadəsi nəticəsində yaranan xəstəlik belə adlanır.
Ağa İsmayılov son zamanlar müalicə üçün müraciət edənlər arasında polinarkomanların artdığını deyir. Onun sözlərinə görə, onlar həm psixotrop, həm də narkotik maddələri eyni anda qəbul edirlər.
Son 24 ildə istifadəçilərin sayı 4 dəfə artıb
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (BMT NCB) bu il yayımladığı hesabata görə, son bir ildə dünyada 275 milyon insan narkotik istifadə edib, 36 milyondan çox insan isə narkotik istifadəsi pozğunluğundan əziyyət çəkir.
1995-2019-cu illər arasında marixuanın zərərli olduğunu qəbul edən gənclərin nsayı ABŞ-da 40%, Avropada isə 25% azalıb.
Hesabatda pandemiya zamanı bəzi ölkələrdə marixuana və dərman istifadəsində artım olduğu qeyd olunub; 77 ölkənin səhiyyə işçiləri arasında aparılan sorğunun nəticələrinə görə, bu göstərici 42% təşkil edib.
Sənəddə həmçinin qeyd olunub ki, 2010-2019-cu illərdə dünya üzrə narkotik istifadəçilərinin sayı 22% artıb. Son qlobal hesablamalara görə, 15-64 yaş arasındakı əhalinin təqribən 5.5%-i son bir ildə ən az bir dəfə narkotik istifadə edib, 36.3 milyon insan və ya ümumi istifadə edənlərin 13%-i narkotik istifadəsi pozğunluğundan əziyyət çəkir, 11 milyondan çox insanın dərmanı inneksiya yolu ilə qəbul etdiyi təxmin edilir və onların yarısında Hepatit C aşkar edilib.
Qara WEB (DARK WEB)
Hesabatda onlayn psixotrop dərman bazarlarının on il əvvəl meydana gəldiyi göstərilib, ancaq əsas bazarların illik satışı ən azı 315 milyon ABŞ dolları dəyərindədir.
Bu, ümumi dərman satışının yalnız bir hissəsi olsa da, trend 2011-ci ildən dən 2017-ci ilin ortalarına qədər və 2017-ci ilin ortalarından 2020-yə qədər dörd dəfə artımla yuxarıya doğru gedir.
Məlumatda bildirlir ki, satış üçün yeni platformaların olması satışın sürətlənməsinə və istifadə sayının artmasına səbəb ola bilər:
“”COVID-19”-un bu problemə təsiri hələ tam bilinməsə də, analizlər pandemiyanın artan iqtisadi çətinliklər yaratdığını və bunun kövrək kənd icmaları üçün qeyri-qanuni narkotik becərilməsini daha cəlbedici hala gətirdiyini göstərir. Pandemiyanın sosial təsiri bərabərsizliyin, yoxsulluğun və zehni sağlamlıq problemlərinin artması xüsusilə də həssas əhali arasında daha çox insanı narkotik istifadəsinə sövq edə biləcək amillər sırasındadır”.
BMT NCB-nin 2030-cu illə bağlı hazırladığı bukletdə isə qeyd olunub ki, gəlir səviyyəsi aşağı olan ölkələrdə narkotikdən istifadə göstəricisi daha yüksəkdir – bu ölkələrdə artımın 43 %, orta gəlirli ölkələrdə 10%, yüksək gəlirli ölkələrdə isə 1% olacağı ehtimal edilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür