Sosial

Natiq Cəfərli: “COVID-19 pasportu məcburi tələbdirsə, qanunvericilik dəyişməlidir”

Nigar Səmədli
28 İyul, 2021
118

Sosial Media

“Tibb də sübut edib ki, allergiyaya və ya digər xəstəliklərə görə bəzi insanlara peyvənd vurula bilməz. İndiki yanaşmadan belə çıxır ki, pasportu olmayan şəxslər bərbərxanaya, toya getməməlidirlər?”

ReAl Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Nazirlər Kabinetinin verdiyi son qərarları “Toplum TV”-yə şərh edərkən belə deyib.

İyulun 26-da Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına bəzi dəyişikliklər edilib - sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər; ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.

Eyni zamanda, mülkiyyət formasından asılı olmayaraq 1 sentyabr tarixindən etibarən bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarənsə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Natiq Cəfərli hesab edir ki, COVID-19 pasportlarının məcburi şəkildə tələb olunması insan haqlarının pozulmasıdır və insanlar vaksin vurub-vurmamaqla bağlı fərdi qərar verməlidirlər: “Vaksinə görə vətəndaşların azadlıqlarının və seçimlərinin məhdudlaşdırılması totalitarizmin yeni növüdür. Konstitutsiyaya görə hər bir vətəndaş bərabər hüquqlara malikdir. Harada yazılıb ki, iki iynəyə görə kiminsə hüququ vaksin vurdurmayanlardan üstündür?”

“Fövqəladə hallarda insan hüquqlarına müəyyən məhdudiyyətlər qoyulması praktikası mövcuddur. Siz pandemiyanı fövqəladə hal hesab etmirsizmi” sualına N.Cəfərli belə cavab verib:

“Bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Bizim qanunvericilikdə fövqəladə halların tənzimlənməsi fərqlidir. Fövqəladə hallarda, müharibə şəraitində insan haqq və azadlıqlarının dövlət tərəfindən məhdudlaşdırılması dünyada da qəbul olunmuş təcrübələrdən biridir. Pandemiya isə sanitar vəziyyətin ağırlaşması ilə əlaqəlidir və Azərbaycanda karantin rejimi elan olunub. Bununla bağlı qaydalarda cərimələrin və müxtəlif qapanmaların hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. COVID-19 pasportları ilə bağlı isə heç nə yoxdur. Əgər bunu məcburi tələb edirlərsə, ya qanunvericilik dəyişməlidir, ya da bərabərlik hüququnun pozulması ilə bağlı məsələlər öz əksini tapmalıdır”.

Sosial Media

Natiq Cəfərli peyvəndlənmənin əleyhinə olmadığını vurğulayıb: “Artıq tibb də sübut edib ki, allergiyaya və ya digər xəstəliklərə görə bəzi insanlara peyvənd vurula bilməz. İndiki yanaşmadan belə çıxır ki, pasportu olmayan şəxslər bərbərxanaya, toya getməməlidirlər? Bu, kifayət qədər ciddi məsələdir, çünki o insanların haqları və digər vətəndaşlarla bərabərlik hüquqları pozulur. Bu insanların hüquqları necə olacaq? Mən pevəndlənmənin əleyhinə deyiləm və hər iki dozanı vurdurmuşam. Amma peyvəndlənmə məcburi qaydada, insanların hüquqlarının pozulması ilə paralel şəkildə aparılmamalıdır”.

“Sizcə, fərdi azadlıqlar ictimai təhlükəsizlikdən üstün tutulmalıdırmı” sualını isə N.Cəfərli belə cavablandırıb:

“Bu məsələdə qızıl ortanın tapılması çox vacibdir. Bəzi hallarda xalqın təhlükəsizliyi ilə bağlı məqamlar önə çıxır və qeyri-populyar qərarların alınmasına ehtiyac yaranır. Amma bundan sui-istifadə hallarına yol verməmək lazımdır. Azadlıq çox olduqda təhlükəsizliklə bağlı problem yaşanır, təhlükəsizlik həddən artıq olduqda isə azadlıqla bağlı problemlər ortaya çıxır və totalitarizm meylləri yaranır. Ona görə də burada qızıl ortanın tapılması çox önəmlidir. Bu, yaxın gələcəkdə həm dünya, həm də Azərbaycan üçün vacib fəlsəfi-hüquqi məsələlərdən biri olacaq”.

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar