Vasif Talıbov
FOTO: oxu.az
"Nəhayət ki, Naxçıvanda məktəblər bağlandı. Dekabrın 25-dən uşaqlar dərsə getmir. Virusun ən çox yayıldığı yer məktəb idi. Deyirlər, hələlik yanvarın 10-na kimi bağlanıb”.
Bir neçə gün öncə Naxçıvanda karantin rejiminin tətbiq olunmamasından "Toplum TV"-yə şikayət etmiş Naxçıvan sakini belə deyir. Bu dəfə də adının gizli qalmasını istəyən sakin bildirir ki, məsələ ictimailəşəndən sonra bəzi tədbirlər görülüb.
Onun sözlərinə görə, ticarət obyektlərinin də işinə də məhdudiyyətlər qoyulub, ancaq 15:00-a kimi fəaliyyət göstərə bilərlər.
Naxçıvan sakini toy və yas məclislərinin qadağan edilib-edilməməsindən xəbərsiz olduğunu bildirib: "Hələlik belə faktla rastlaşmamışam, ancaq dükanlara tətbiq olunan məhdudiyyət və məktəblərin bağlanması dəqiqdir. "Toplum TV”-yə təşəkkür edirik ki, bu məsələni işıqlandırdı, problem qismən də olsa, həll olundu".
Sakin Naxçıvanda özbaşınalığın həddən artıq çoxaldığını qeyd edib: "Vasif Talıbov buranı orta əsrlərə aid xan üsulu ilə idarə edir. Problem ondadır ki, heç kim bunu işıqlandırmır. Elə ağlasığmaz özbaşınalıqlar var ki, bəzən mərkəzi hakimiyyət bundan xəbərsiz olur, ya da etinasız yanaşır. İctimailəşmədən sonra reaksiya verməyə məcbur olurlar. Ona görə də bizi tək qoymayın".
Dekabrın 16-da "Toplum TV” yerli sakinlərə istinadən muxtar respublikada müəllimlərin xəstə halda işə getməyə məcbur edilməsi, toy və yas mərasimlərinin davam etməsi ucbatından yoluxma hallarının artması, buna baxmayaraq Naxçıvanda karantin rejimin tətbiq edilməməsi haqqında yazmışdı.
Şikayətlərlə bağlı mövqeyini öyrənmək istədiyimiz dövlət qurumlarının heç biriylə əlaqə saxlamaq mümkün olmamışdı.
Aytac Məmmədova