Sosial

“Naxçıvanda çoxlu bağban və süpürgəçi ştatı olsa da... bizi işlədib pul silirlər”

22 Noyabr, 2021
2862

Naxçıvan Muxtar Respublikasında hər həftəsonu dövlət idarə və müəssisələrində işləyənlər iməciliyə çıxarılır.

İşçilərin bununla bağlı narazılıqları illərdir mediada işıqlandırılsa da, ənənə davam edir. Naxçıvandan adının çəkilməsini istəməyən bir nəfər danışır ki, iməciliyin “məcburi” olduğunu söyləyən işçilərə naxçıvanlı rəsmilər bu işin “könüllü” təşkil edildiyini söyləyirlər.  

“Gündəlik Naxçıvan” səhifəsinə danışan şəhər sakininin dediyinə görə, iməciliyə çıxmaq istəməyənlərin ya maaşı kəsilir, ya da işdən çıxarılmaqla hədələnirlər. İməcilik günlərində işçilər əsasən yol kənarlarını süpürür, ting əkir, alaq işi aparırlar. Onların hətta mövsümə uyğun məmurların əkin sahələrində də işlədikləri deyilir

       Bunu da oxu: Naxçıvanda musiqi müəllimlərindən iddia: “Attestasiya sualları pulla satılır”

Muxtar Respublika Ali Məclisinin rəsmi  məlumatına görə, hər həftə 50 minə yaxın "könüllü" bu iməciliklərdə iştirak edir. Təmizlik işləri görmək üçün hər idarə və müəssisə üçün xüsusi ərazi təyin olunur. Hər kəs öz ərazisinə görə məsuliyyət daşıyır.

“Məcburi iməcilik keçirməyin bir məqsədi də odur ki, qul olduğumuzu unutmayaq"

Həftəsonları iməciliyə çıxarılanlar arasında təhsil və tibb işçiləri də var. Şərur rayon məktəblərinin birində müəllim işləyən Şahbaz Dadaşov danışır ki, iməcilik əlindən nə istirahət edə, nə də normal dərs keçə bilirlər.

“Harda görülüb ki, müəllim küçə süpürsün, alaq təmizləsin? Hər müəllim üçün küçənin bir hissəsini ayırıblar. Bu bizi alçaltmaqdı. Təsəvvür edin ki, küçə süpürəndə dərs dediyimiz şagird yanımızdan keçir. Sabah dərsdə o bizə nə hörmət qoyacaq? Deyirsən, iməciliyə çıxmaq istəmirəm, deyir ki, 20 manat ver, fəhlə tut, sənin yerinə işləsin. Əkilən tingləri də özümüz almalıyıq. Hər mövsüm 30-40 manat da tinglərə veririk. Tinglər böyüyür, bar verir, bizi yaxına da buraxmırlar. Meyvələrə uzaqdan baxa-baxa qalırıq. Hamısını yığıb, bizə baha qiymətə satırlar", - məktəb müəllimi şikayətlənir.

Həkim: “Çox vaxt xəstələri iməcilik sahələrində müayinə edir, iynə vurub sistem qoşuruq”

İşini itirməkdən ehtiyat etdiyi üçün adının çəkilməsini istəməyən, rayon xəstəxanasında işləyən həkimlərdən biri deyir ki, iməcilik ucbatından xəstələrə vaxtlı-vaxtında qulluq edə bilmirlər.

Naxçıvan - Açıq mənbələrdən götürülüb


Həkim iddia edir ki, hətta iməcilik ucbatından həyatını itirən xəstələr də olub: "Elə olur ki, iməcilik günləri xəstəxanada növbətçi həkim, tibb bacısı qalmır. Xəstəxanaya təcili xəstə gətirilir, vaxtında müdaxilə edə bilmirik. Hər xəstəxanaya xüsusi sahələr ayrılıb, iməciliyə ora aparırlar. Çox vaxt xəstələri iməcilik sahələrində - yol qırağında, ağac altında, hansısa məmurun əkin sahəsində müayinə edir, iynə vurub, sistem qoşuruq”.

Nazirlər Kabineti: “Kimin bu barədə şikayəti varsa...”

Həkim əslində Naxçıvanda çoxlu bağban və süpürgəçi ştatlarının olduğunu söyləyir: “Amma onların yerinə bizi işlədib, pul silirlər. Qısası bizi iməcilik adı altına qul kimi işlədirlər. Hər dəfə də bizə qul olduğumuzu xatırladırlar. Məcburi iməcilik keçirməyin bir məqsədi də budur ki, qul olduğumuzu unutmayaq ".

Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi ilə əlaqə saxlamaq mümkün olmayıb. Naxçıvan MR-nın Nazirlər Kabinetindən isə “Toplum TV”-yə bildirilib ki, quruma iməcilikdən narazı olan sakinlər barədə məlumat daxil olmayıb.

Rəsmi səhifə


“Kimin bu barədə şikayəti varsa, elektron sayta yazsın. Vətəndaşlar burada yüksək səviyyədə qəbul olunurlar, hamısına şikayətləriylə bağlı izahat verilir”.

Zorla əməyə görə 4 ildən 8 ilədək cəza düşür

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi zorla işlədilməyi qadağan edir.

Həmçinin Əmək Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, zor işlətməklə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işə məcbur etmək qadağandır.  İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Onlar 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar.

“Etiraz etsələr, təqib olunacaq, sıxışdırılacaqlar”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, iməcliyin Azərbaycanda minillik tarixi var. İnsanlar qədimdən bəri yığışıb öz yaşadıqları yerləri təmizləyib, toy, yas məclislərinə birgə hazırlaşıblar. Onun sözlərinə görə, Sovet hökuməti vaxtı  ildə bir dəfə Lenin iməciliyi keçirilir, insanlar havayı işləyir, artıq qalan pul da dövlət hesabına otururdu.

Bununla belə S. Məmmədov hesab edir ki, insanlar iməcliyə könüllü şəkildə çıxmalıdırlar, əgər könüllülük prinsipi pozulursa, demək, insanlar məcburi əməyə cəlb olunurlar.

Sahib Məmmədov - Açıq mənbələrdən götürülüb

“Naxçıvandakı vətəndaşlar hansı əks-tədbiri görə bilərlər ki? Kimə şikayət edəcəklər? Gedib məhkəməyə versələr, hamısı işdən qovulacaqlar. Qanun onların tərəfindədir, amma nə olsun? Etiraz eləsələr, təqib olunacaq, sıxışdırılacaqlar.  Məcburi əmək artıq beynəlxalq hesabatlara da düşür, qeyd olunur ki, Azərbaycanda insanları zorla işlədirlər”, - ekspert belə deyir.

O həmçinin zorla iməcliyə cəlb edilən vətəndaşların özlərini qul kimi hiss etməməli olduqlarını vurğulayır: “Küçə süpürmək, təmizlik işi aparmaq aşağılanmaq deyil. Belə çıxır ki, süpürgəçilər aşağı kateqoriya insanlardır? İstənilən vəzifə sahibi küçə təmizləyə, ağac sulaya, bitki əkə bilər. Ölkə başçısı da ağac əkir, onun dibini belləyir”.

S. Məmmədovun dediyinə görə, məcburi əmək bu gün Özbəkistan və Türkmənistanda qalmaqdadır.

Beynəlxalq hesabatlar da Naxçıvandakı iməcilikdən yazır

Hələ 2009-cu ildə Norveç Helsinki Komitəsinin Naxçıvan barədə hazırladığı hesabatda bu məsələ yer alıb. Hesabatda deyilir ki, Muxtar Respublikada işsizlik yüksək olduğundan işçilər iməciliyə razılaşır, işlərini itirmə riskini gözə alırlar.

Həmçinin qeyd olunur ki, “könüllü” işdən imtina edən hər kəs dövlət işindən istefa vermək məcburiyyətində qalır, iməcilik Muxtar Respublikanın hazırkı rəhbəri, bir çoxları tərəfindən avtoritar sayılan Vasif Talıbovun çox böyük gəlir əldə etməsinə gətirib çıxarır. 

Deputat: “Kimi buna məcbur etmək olar?"

Naxçıvandan seçilmiş deputat Eldar İbrahimov “Toplum TV”-yə açıqlamasında iməcilik işinin tam könüllü olduğunu deyir: "İnsanlar öz istəkləriylə gedib ağac əkir, təmizlik işi görürlər. Niyə məcburi olsun ki? Kimi buna məcbur etmək olar?"

        Bunu da oxu: Universitet müəllimi sirri açdı: “Bizə tapşırılıb ki, təhsil dövründə əcnəbiləri çox incitməyək”

Onun sözlərinə görə, iməcilik muxtar respublikada artıq adət halını alıb: "Naxçıvan tərtəmizdir. Yolda yeriyəndə bir kağız, siqaret kötüyü də tapa bilməzsən".

Eldar İbrahimov - Açıq mənbələrdən götürülüb

Deputat hesab edir ki, həftəsonu iməciliklərə görə, insanların istirahət  hüquqları pozulmur. Ona görə ki, vətəndaşlar öz xoşları ilə iməciliyə gedirlər.

Təmizlik işçiləri olduğu halda niyə vətəndaşların iməciliyə çıxarılması sualına isə deputat cavab vermək istəmir.

Günə 23 min işçi iməciliyə çıxarılır

Naxçıvanda iməcilik 1990-cı illərin sonlarında - Vasif Talıbov hakimiyyətə gələndən sonra ənənə halına salınıb. Həmin vaxtdan fasiləsiz olaraq hər həftənin istirahət günləri iməciliklər keçirilir.

AZƏRTAC-ın yerli bürosu xəbər verir ki,  Naxçıvanda iməcilik sonuncu dəfə ötən həftə keçirilib. Məlumata görə, MR-da təkcə ötən həftə keçirilmiş iməciliklərdə 16 min 353 meşə, meyvə ağacı, gül və bəzək kolları əkilib.

Cari ilin ötən dövründə isə iməciliklər hesabına ümumilikdə, 64,3 hektar sahədə yeni meyvə bağları salınıb, 67 min 399 müxtəlif meyvə tingi, 11 min 190 üzüm kolu əkilib.

Ali Məclisin hesabatına görə, günə 10 mindən artıq ting, 2 min meşə ağacı, gül və bəzək kolu əkilməsində 23 minə yaxın adam iştirak edir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo