Sosial

Naxçıvanda iməcilik: Yayda məmurların əkin sahələrində alaq vururuq

Roza Məmmədova
21 İyun, 2022
261

Açıq mənbələrdən götürülüb

20 ildən çoxdur ki, Naxçıvanda müəllimlər istirahət günlərini iməcilikdə keçirirlər.

Rəsmi  qurumların təsdiq etmədiyi, amma çoxsaylı şahidi olan bu iddianı Şərurdakı məktəblərin birində işləyən gənc müəllim söyləyir.

Artıq 10 ildir iməciliklərdə “könüllülük” edən müəllim deyir ki, tələbəlik illərindən bəri həftəsonları və bayram günlərində bu işlə məşğul olur. Bir sözlə, şəhərin təmizliyi də iş vaxtına daxildir.

“Kimin başı xarab olub ki, könüllü hər həftə iməciliyə çıxsın, saatlarla istidə, ya da şaxtada çöllərdə qalsın. Səhər saat 9-da orda olmalısan, axşam saat 4-5-ə kimi. Kərəntini, kərkini, beli əlinə verirlər ki, yeri bellə, ot biç. İmtina edəni də işdən çıxarmaqla, həbslə hədələyirlər. Ona görə də heç kim cınqırını da çıxara bilmir. Xəstə olsan belə, gedib iştirak eləməlisən. Getməyəndə ilk zəng edən sahə polisi olur. Gəlib adamı evdən çıxarıb, zorla aparırlar. Baxmırlar ki xəstəsən, ya nəsən”.

https://toplum.tv/sosial/naxcivanda-mecburi-imecilik-telebi-kimse-otbicen-yoxdur-demesin

İməcilik həyat tərzi olmuş müəllimsə deyir ki, iməclik təkcə ictimai məkanlarda keçirilmir.

“İməcilik hər yerdədi. Yayda bəzən məmurların əkin sahələrində işlətməyə, alaq vurmağa, suvarmağa aparırlar. Məktəbin ərazisi çox kiçikdir. Orada 2-3 ayda bir bir dəfə iməcilik edirik. Bizi keçən həftə keçmiş "Dan yeri" “zapravka”sının yanındakı yol qırağında ot biçməyə, alaq təmizləməyə aparmışdılar. Deputat Musanın “zapravkası”nın yanını isə başqa məktəblər təmizləyir. Sonra da bizdən tələb edirlər ki, yüksək təhsil verək, göstərici yuxarı olsun. İstirahət günləri müəllim üçün həm də ona görə lazımdı ki, istitahətədən əlavə, növbəti həftənin dərslərinə hazırlaşsınlar. İməciliklərə görə nə ailəmizə vaxt ayıra, nə də dərsə hazırlaşa bilirik”.  

Təmizlik aksiyalarında 17-18 min “könüllü” iştirak edir

1990-cı illərin sonlarında - Vasif Talıbov hakimiyyətə gələndən sonra Naxçıvanda iməcilik ənənə halını alıb. O vaxtdan bəri hər həftənin istirahət günləri iməciliklər keçirilir. 62 yaşlı Talıbov da isti, şaxta demədən kostyumdaca iməclikdə iştirak edir.

https://toplum.tv/sosial/naxcivanda-coxlu-bagban-ve-supurgeci-stati-olsa-da-bizi-isledib-pul-silirler

Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-2010-cu illərdə il ərzində əkilən kol və ağacların sayı 2 mini keçməyib. 2011-ci ildən bəri isə hər il Naxçıvanda 300-400 min ağac, kol əkilib.

Rəsmi məlumata görə, təkcə ötən il 342 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 330 mindən çox ağac və gül kolu əkilib.

Şərurlu müəllim isə deyir ki, sovet rejimi dağılandan sonra müntəzəm iməcilik söhbəti yalnız Naxçıvanda qalır. “Bu sırf Vasif Talıbovun təfəkkürüdür. Sovet təfəkkürü, köləlik təfəkkürü. Hətta sovet vaxtı belə iməcilik ildə bir dəfə keçirilirdi. İndi demək olar ki, hər gün. Bəzən məmurların əkin sahələrində iş çox olanda bizi həftə içi dərsdən sonra iməciliklərə aparırlar”.

Naxçıvanın rəsmi “Şərq Qapısı” qəzeti hər il yaz və payızda həyata keçirilən aqrotexniki tədbirlərin  mühüm ekoloji əhəmiyyət kəsb etdiyini yazır. Belə tədbirlərdə adətən 17-18 min insan iştirak edir, bəzən plana şəhərin  ahıl vətəndaşlarının evlərini təmizləmək də salınır.

Dörd ildən səkkiz ilədək həbs

“Toplum TV” tədbirlər haqqında Naxçıvan Təhsil Nazirliyindən mövqe almağa çalışsa da, bu baş tutmayıb. Nazirliyin təmsilçisi sualları cavablandırmaqdan imtina edib.

Bu ayın əvvəlindəsə Şərur rayonunda müəllimlərin və məktəb işçilərinin həftəsonları iməciliyə aparılması ilə bağlı səs yazısı yayılıb.

Səs yazısında Şərurdakı məktəblərə iməcilik haqqında tapşırıqlar verilir, direktorlardan dırmıq, otbiçən, vedrə, qayçı gətirmələri tələb olunurdu.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi zorla işlədilməyi qadağan edir.

Həmçinin Əmək Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, zor işlətməklə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işə məcbur etmək qadağandır.  İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Onlar 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar.

Sosial

Əsgərin özünü öldürdüyü bildirilir

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib    Bu barədə iyulun 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, 5 iyul saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb. Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.     Hazırda istintaq aparılır.  Rəvan Tağıyevin Yevlaxın Salahlı kənd sakini olduğu, hadisənin Laçında baş verdiyi bildirilir.   
Sosial

Koronavirusa yoluxanların sayı artır

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 6-da verilən məlumata görə, ölən yoxdur. İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.

Seçilmiş Videolar

Toplum TV loqo