qafqazinfo
Meyarlar "fundamental islahatlar" kimi qələmə verilir
İyunun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında qazilərin etirazından sonra Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi bəzi suallara aydınlıq gətirməyə çalışıb.
Agentliyin sədri Anar Bayramov bildirib ki, 44 günlük müharibədə yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib, əlillik təyinatı ilə bağlı imtina cavabı alan şəxslərin sayı minimuma endirilib, müharibə iştirakçılarıyla növbəti görüşlər keçirilib və s.
Sədr onu da açıqlayıb ki, gələn aydan Azərbaycanda əlilliklə bağlı yeni meyarlar tətbiq olunacaq. Hərçənd bu sahədə yeni meyarların tətbiq olunacağı yeni xəbər deyil, ötən aydan bəlli idi.
Mayın 18-də nazirliyin saytında əlilliyin həyat fəaliyyətinin 7 əsas kateqoriyası (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti üzrə məhdudlaşma üzrə məhdudlaşma dərəcələri) əsasında müəyyən olunacağı qeyd olunmuşdu.
Nazirlik yeni meyarları əlillik sahəsində fundamental islahat kimi qələmə verir.
Etiraz cəhdlərinin qarşısını alma səyləri
Harvard Universitetində ictimai siyasət üzrə təhsil alan Bəxtiyar Hacıyev o qənaətdədir ki, qazilərin etirazından sonra məlumatın yenidən tirajlanması nazirliyin öz problemlərini qanunvericiliklə, normativ aktlarla əlaqələndirmək və onların növbəti aksiya cəhdlərinin qarşısını almaq səyidir: “Mesaj vermək istəyirlər ki, səbirli olun, yeni qaydalara əsasən daha çox insana əlillik dərəcəsi təyin olunacaq”.
Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevsə hesab edir ki, problem meyarlarda deyil, idarə edənlərdədir: “Onsuz bizim problemimiz meyarlarla deyildi. Qazilərin əksəriyyətinin sağlamlıq durumu onların əlillik üçün qoyduğu tələblərə uyğun gəlir, amma dərəcəni ala bilmirlər. Əslində idarə edənlər dəyişməlidir, qaydalar yox”.
Bəxtiyar Hacıyev əlavə edir ki, indiki idarəetmə qalacaqsa, yeni meyarlar heç nəyi dəyişməyəcək.
“Məsələ meyarların fərqli olmasında yox, əyani müalicəni həyata keçirən komissiyanın işinin ədalətsiz olmasındadır”, - B. Hacıyev söyləyir.
“Heç aksiyadan sonra da bizimlə maraqlanmadılar"
Nazirliyin müharibə iştirakçılarıyla görüşməsinə gəlincə, Hacı Vəliyevin sözlərinə görə, aksiyadan sonra da qazilərin heç biri nazirliyin qəbuluna düşə bilmir.
“Heç aksiyadan sonra da bizimlə maraqlanmadılar. Xəbərlərdə paylaşırlar ki, qazilərlə görüş keçirilib, onların hamısı nazirliyin dəstəyilə dövlət qurumlarında işləyən adamlardır. Haqqı tapdalanan bir nəfəri də ora çağırmırlar”, - Hacı Vəliyev belə deyir.
Nazirlik rəsmisi əlillik təyinatı ilə bağlı imtina cavabı alan şəxslərin sayının minimuma endiyini desə də, müharibə bitəndən bəri qazilərin əksəriyyəti əlillik dərəcəsi ala bilmədiklərindən şikayət edir, müxtəlif vaxtlarda problemlə bağlı etiraz aksiyaları keçirirlər.
Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?