Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust, 2022
611

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib.

Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb.

2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb.

Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi.

Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb.

https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir

Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn ssenarilərdən birinin müəllifi rejissor Pərviz Həsənov “Feysbuk”da Mədəniyyət Nazirliyini tənqid edən paylaşım edib:

“Azərbaycanda sabah çox demirəm, 5 tammetrajlı bədii film istehsalata buraxılsa, nə baş verəcək ölkədə, deyə bilərsiniz? O filmləri istehsal edəcək mütəxəssis tapılmayacaq. Söhbət tək rejissordan getmir. Film istehsalına aid olan bütün mütəxəssisilər bura aiddir. Prodüser qrupundan tutmuş, rəssam qrupuna kimi, protexnikdən tutmuş kaskadyor qrupuna qədər. Geyim rəssamı qrupundan tutmuş texniki qrupa qədər…”

Rejissorun fikrincə, Nazirlik kino sahəsini məhv etməyi qarşısına məqsəd qoyub:

“2019-cu ildə keçirilmiş ssenari müsabiqəsində qalib olan ssenarilərin aqibəti nə yerdədi? Daha sonra keçirilən müsabiqələrdə qalib olan ssenarilər bəs? 2019-cu ildə istehsalata buraxılan filmlər niyə dayandırıldı? Niyə ancaq master-klass  ilə baş qatırsınız? Çox sual verdim, bilirəm yoruram. Amma siz heç nə etməyəndə mən də sual verməliyəm”.

Nazirlik sözügedən tənqidə cavab olaraq 2020-ci ildə “Dövlət sifarişi ilə film istehsalının mövcud vəziyyətinin araşdırılaraq müəyyənləşdirilməsi və ortaya çıxan problemlərin mümkün həll mexanizmlərinə dair rəy və təkliflərin təqdim edilməsi üzrə müstəqil Komissiya” yaradıldığını bildirib.

Bu Komissiya dövlət sifarişi ilə film istehsalının mövcud vəziyyəti araşdırdıqdan sonra qərara gəlib ki, film layihəllərinin aktuallığını itirib. Həmin layihələr işlənilərək inkişaf etdirildikdən sonra istehsalına gələcəkdə yenidən baxıla bilər.

2019-cu ildə müsaqibədə qalib gələn layihələr isə ssenari ehtiyatının formalaşdırılması üçün Nazirlik tərəfindən satın alınıb.

“Bu gün Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində əsaslı və strateji məqsədyönlü işlər həyata keçirilir, o cümlədən kino sahəsinin kino sənayesinə çevrilməsi ilə əlaqədar infrastruktur, hüquq, kadr siyasəti istiqamətində islahatlar davam edir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, kino sahəsində bir çox problemlər də qalmaqdadır. Əminik ki, cari ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Kino Agentliyi sözügedən problemlərin həllinə öz töhfəsini verəcəkdir”,- deyə açıqlamada qeyd olunub.

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo