Sosial

Neftçalada torpaq-su davası: rüşvət iddiası, qanunsuz ləğv olunmuş müqavilələr və ölən balıqlar

Roza Məmmədova
8 May, 2021
683

BBC

Neftçalanın Kürkənd sakini Vidadi Heybətov 38 ildir balıq yetişdirməklə məşğul olur.

2015-ci ildə 45 hektarlıq ərazi icarəyə götürüb, orda nohurlar yaradıb. Ancaq son illər Xəzərin suyu Kürə axdığı üçün çayda şorlaşma başlayıb və fermerin təsərrüfatı bundan zərər çəkib.

Ancaq V.Heybətov iddia edir ki, ona “Qaravəlli” Sudan İstifadə Edənlər Birliyinin (QSİEB) sədri Təvəkkül Məmmədov daha çox ziyan vurub: “2019-cu ilin mayında QSİEB-in sədrinə rəsmi şəkildə müraciət edib 500 000 kub suya ehtiyacım olduğunu bildirdim. Onda 1 kub suyun qiyməti 50 qəpik idi deyə cəmi 250 manat ödəməliydim. Ancaq sədr bank rekvizitlərini vermək üçün 3200 manat pul tələb etdi. Mən razılaşmadım, onlar da işıqları kəsib nasos və transfarmatorları yığışdırdılar. Adətən, iyul ayında göldə suyun saf hissəsi buxarlanır, bu da gölün 10 dəfə çox şorlaşmasına səbəb olur. Balıqlar belə suda yaşaya bilmirlər, ölürlər”.

Neftçala, Kürkənd kəndi-Ölmüş balıqlar

Fermerin dediyinə görə, T.Məmmədov ona su vermədiyinə görə 25 ton balığı ölüb, 130 min manat ziyana düşüb:
“Bu adam 2015-ci ildən özünü qeyri-qanuni olaraq sədr elan edib. Mən və digərləri dəfələrlə müraciət etsək də, heç bir nəticəsi yoxdur. Bizə deyir ki, gedin, kimə deyirsiniz-deyin. Polis də şikayətimizə baxmır, deyir, get, işinlə məşğul ol. Bunlar bizim kimi adamları sıradan çıxarmaqla məşğuldurlar. Banka 20 min manat borcum var, evimi girov qoymuşam. Bu problemlərə görə xəstəlik tapdım, 2 dəfə ürəyimdən əməliyyat olundum”.

Sədr və fermer nəyi bölə bilmirlər?

V.Heybətov iddia edir ki, birliyin sədri ondan və digər fermerlərdən torpağın hər hektarına 100 manat pul tələb edir.

“Kim işinin getməsini istəyirsə, o pulu verir. Burda işlər belə gedir. Mən razılaşmıram deyə, müqavilə bağlamaqdan imtina edir. Üstəlik, bu adamın az qala rayonun yarısı qədər torpağı var, oliqarx sayılır, İcra Hakimiyyəti də onunla birgə qara işlər görür”.

“Qanunu özü pozub, indi də bərpa olunmasını istəyir”

““Qaravəlli” SİEB seçkili qurumdur, Melorasiya və Su Təsərrüfatı Xidmətinin nəzdində müqavilə əsasında fəaliyyət göstərir” - idarənin rəsmisi Təbriz Teyyubov “Toplum TV”-yə açıqlamasında belə deyir.

Onun sözlərinə görə, Vidadi Heybətov icarəyə götürdüyü örüş sahəsini təyinatı üzrə istifadə etməyib:
“Qanunu pozaraq həmin ərazidə balıq saxlamaq üçün nohurçuluq təsərrüfatı yaradıb, ona görə də həmin sahədən istifadə hüququna xitam verilib və “Qaravəlli” Sudan İstifadə Edənlər Birliyi Vidadi Heybətovun nohuruna su verməkdən imtina edib”.

T.Teyyubov rüşvət məsələsindən məlumatsız olduğunu söyləyir:
“Mən deyə bilmirəm ki, Təvəkkül Məmmədov 3200 manat pul istəyib, ya yox. Bu vətəndaşın əvvəl də belə şikayətləri olub. Biz rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həmin ərazidə araşdırma etmişik. Vətəndaşın torpaqdan istifadə hüququnun olmaması ilə bağlı akt tərtib olunub”.
Sədr Təvəkkül Məmmədovsa fermerin dediklərini təkzib edir: “Gəlin, araşdırın, görün kim düz deyir”

O da Heybətovun örüş sahəsində qanunsuz nohurlar düzəltdiyini bildirir:
“20 ildir bu insanla mənim aramda ədavət var, bu öz yerində. Su kanalına mən cavabdehəm. Vidadi Heybətovun adına olan ərazinin icarəsinə rəsmi qaydada xitam verildiyi üçün biz onunla müqavilə bağlaya bilmirik. Kanaldan su götürmək istəyirsə, götürsün. Kim ona nə deyir? Kanal onun sahəsinin yanından keçir, həm götürür, həm də bizdən şikayət edir. Başqa bir fermerin - Vurğun Şirəliyevin də 40 hektara yaxın ərazisi var. Gəlib öz gözlərinizlə görə bilərsiniz ki, onlar qeyri-qanuni su götürürlər”.

QSİEB sədri onunla bağlı şikayətlərə, o cümlədən qanunsuz olaraq sədr seçilməsi iddiasına belə cavab verir: “Biz özbaşına seçilmirik. Vidadi Heybətov sədr seçkisində iştiraka ona görə dəvət edilmir ki, adında olan torpağın istifadəsinə xitam verilib, yəni fermer sayılmır. Getsin, sənədlərini düzəltdirsin, mən ona su verməyə də, müqavilə bağlamağa da hazıram”.

“Vətandaşın iddiaları əssasızdır”

Neftçala rayon İcra Hakimiyyəti yanında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Əmirov belə deyir.

Onun sözlərinə görə, fermer örüş torpaqlarında balıq nohurları yaradaraq qanunu pozub və həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi üzrə məsuliyyət daşıyır.

“Bu adamın icarə müqaviləsinə xitam verilib. Təyinatı üzrə istifadə etmədiyi ərazini su ilə necə təmin edir? Bunun üçün o Sudan İstifadə Edənlər Birliyi ilə müqavilə imzalamalıdır. Torpaq örüş sahəsi kimi yararsız ola bilər, amma bu o demək deyil ki, ondan istənilən məqsədlə istifadə edilə bilər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Torpağın təyinatı yalnız bu qərar əsasında dəyişdirilə bilər. Əgər ərazi örüş sahəsi kimi gəlir gətirmirsə, sahibi (dövlət torpağıdırsa, İcra Hakimiyyəti; bələdiyyə torpağıdırsa, bələdiyyə) vəsatət qaldırmalıdır. Yalnız iqtisadi əsaslandırma olarsa, bu məsələyə baxıla bilər. Vətəndaş torpağın örüş kimi yararsız olması barədə onun mülkiyyətçisinə müraciət etməlidir”.

Şöbə müdirinin sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidməti dəfələrlə Vidadi Heybətovu cərimələyib.

Fermersə deyir ki, 2015-ci ildən etibarən hər il İcra Hakimiyyətinə torpağın icarə haqqını ödəyib və indiyə qədər cərimə olunması ilə bağlı hər hansı xəbərdarlıq, bildiriş almayıb.

Vergi ödəyicisi olduğuna dair arayış

“Torpaq örüş üçün yararsızdırsa, orada balıqçılıq təsərrüfatı qurmaq olar. Buna icazə verilməsəydi, Nazirlər Kabineti bizi qeydiyyata almazdı. Hazırda Neftçalada 5 minə yaxın balıq nohuru var, əksəriyyətinin də qeydiyyatı yoxdur. O torpaqda gölçülüklə məşğul olmaq üçün qanuni sənədim var. Necə olur ki, mənə yox, onların fəaliyyətinə icazə verilir? Rayonda əkinə yararlı torpaqlarda da balıq nohurları salanlar var. Bəs İcra Hakimiyyəti buna necə göz yuma bilir? Bəs Təvəkkül Məmmədov onların təsərrüfatına necə su verə bilir? Mən torpaqdan qanunsuz istifadə edirdimsə, İcra Hakimiyyəti niyə müqaviləyə 4 ildən sonra xitam verib?”

Qanunda nə deyilir?

Hüquqşünas Xalid Bağırov deyir ki, müqavilənin ləğvi Mülki Məcəllənin 221-223-cü maddələri ilə nizamlanır.

Xalid Bağırov- Sosial media

“İstənilən müqaviləyə yalnız tərəflərin razılığı ilə xitam verilə bilər. Bunu bir tərəf istəyərsə, müqavilənin ləğvi yalnız məhkəmə tərəfindən həyata keçirilə bilər.

Bu isə iki halda mümkün ola bilər: müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və ya tərəflərdən birinin müqavilə üzrə öhdəlikləri əhəmiyyətli dərəcədə pozması”.

Hüquqşünasın sözlərinə görə, müqavilənin İcra Hakimiyyəti tərəfindən birbaşa ləğvi qanunsuzdur:“Ümumiyyətlə, icra hakimiyyətləri dövlət əmlakı barədə sərəncam verə bilən qurumlar deyil. Dövlət əmlaklarının idarə olunması səlahiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aiddir.

Şikayətçinin icarəyə götürdüyü ərazi dövlət mülkiyyəti olduğu üçün onun təyinatı İcra Hakimiyyətinin vəsatəti və ya müraciəti əsasında dəyişdirilməli idi” .

Qeyd: 2015-ci ildə - Vidadi Heybətov ərazini icarəyə götürəndə Neftçalanın icra başçısı İsmayıl Vəliyev olub. O, 2020-ci ilin fevral ayında - Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs olunub.

V.Heybətovun iddiasına görə, keçmiş icra başçısı 2019-cu ildə məhkəmə qərarı olmadan özünün imzaladığı müqavilələrə xitam verib.

Hazırda V.Heybətov həmin ərazidən istifadəyə görə dövlətə vergi ödəyir. Dediyinə görə, bu, Neftçala fermerləri üçün adi haldır.

Buna da bax: Kürün min bir dərdinə məmurların cavabı: “Həyəcan təbili çalmağa ehtiyac yoxdur”

Sosial

Vaksin olunmayan tələbələr universitetlərə buraxılmayacaq

23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır: 18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar. Eyni zamanda, həmin təhsilalanlar oktyabrın 1-nə qədər iki doza vaksin qəbul edəcəklərsə, bu o deməkdir ki, onlar ictimai nəqliyyatdan da istifadə edərkən ciddi problemlə üzləşməyəcəyik. Bütün bunlar hesablanıb. Ehtimal olunur ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə...
Sosial

Əlillik verilən müharibə iştirakçılarının sayı bilindi

23 Sentyabr 2021

Rəsmi səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu II Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Nazirlikdən bildirilib ki, artıq 2000 nəfərədək müharibə iştirakçısına ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib. "Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən...
Seçilmiş Videolar