Nərmin işində təqsirləndirilən şəxs: “O qədər işgəncə vermişdilər ki, ayaqqabı geyinə bilmirdim”
Toplum.TV
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.
Ötən məhkəmə iclasında İlkin Süleymanovun istintaq ifadəsinin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilmişdi.
Bu, 2020-ci ilin yanvarında İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə (evin yaxınlığında) keçirilib.
Bu gün - noyabrın 23-də keçirilən məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanması prosesi ilə bağlı prokurorun və vəkillərin suallarını cavablandırıb.
Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar.
İlkin Süleymanov deyib ki, aparılmamışdan əvvəl polis rəisinin müavini Şahlar Cəfərov onu hədələyib və fiziki işgəncəyə məruz qoyub:
“Dedi ki, lazım olsa, ora əlli nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Mən belə başa düşdüm ki, yaxınlarım, ailə üzvlərim məni aparanda orda olmasınlar deyə Şahlar Cəfərov belə deyir. Başıma və bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vurdu, bununla da demək istəyirdi ki, orda da özünü yaxşı apar, burda nə yazmısansa, orda təsdiqlə. Bir polis əməliyyatçısı isə gəlib dedi ki, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışma, özünü məzlum kimi göstərmə”.
Bundan sonra prokuror suallar ünvanladı:
- Orda siz çəkələkdə olmusunuz. Ayaqqabınız yox idi?
İlkin Süleymanov:
- Öz ayaqqabım vardı. Ancaq mənə o qədər işgəncə verilmişdi ki, ayaqlarımın altı, dabanlarım ağrıyırdı, ayaqqabı geyinə bilmirdim. Çəkələyi də polis şöbəsində verdilər mənə.
Prokuror:
- Ancaq görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiniz. Ayağı ağrıyana oxşamırsınız.
İlkin Süleymanov:
- Əslində ağrıyırdım. Ancaq çalışırdım ki, biruzə verməyim ki, bu proseslər tez bitsin, ona görə də hiss etdirmirdim.
İlkin Süleymanov əvvəlki məhkəmə iclaslarında olduğu kimi yenə də deyib ki, işin içində olan şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələrdən xəbəri olmayıb.
Birinci dəfə şahid qismində yanvarın 8-də dindirilib və hadisədən xəbəri olmadığını göstərib.
Şahid qismində ikinci ifadəsi yanvarın 10-da alınıb. Bu, onun işgəncələrdən sonra etirafedici ifadəsi olub.
İlkin Süleymanov prokurorun bəzi suallarına “ola bilər”, “yadımda qalmayıb”, “bilmirəm” kimi cavab verib.
Hakim bir neçə dəfə ona sualları dəqiq cavablandırmasının vacib olduğunu xatırladıb:
“lkin, arxayın və əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəyəm. Ona görə də sən burda ehtimallarla danışma, çalış hər şeyi dəqiqliyi ilə danış. Bu ittiham sənə istintaqa verdiyin ifadə əsasında verilib. Sən də hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz sonra obyektiv qərar çıxara bilək”.
Sual-cavab bitdikdən sonra hakim növbəti məhkəmə iclasını noyabrın 29-na təyin edib.
Üç il əvvəl Tovuzun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.
İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.
Məhkəmə 1 il 6 aydır ki, davam edir.
2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuzun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İlkin Süleymanov özü, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi məqsədilə cinayətin onun üzərinə atıldığını iddia edirlər.
Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib.
İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır.
İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?