“Onkologiya Mərkəzində adamı elə vəziyyətə salırlar ki, ölmək daha urvatlı olur”
Açıq mənbələrdən götürülüb
“Milli Onkologiya Mərkəzi işgəncə aparatı kimi işləyir”
Məzahir Məmmədlinin bacısı bir həftə əvvəl uşaqlıq yolu xərçəngindən vəfat edib. O, bacısının son 7 ildə Milli Onkologiya Mərkəzində müalicə aldığını deyir.
Xəstə yaxını bu illər ərzində xəstəxanadakı prosesləri yaxından izləmək imkanı olduğunu söyləyir. Onun sözlərinə görə, rayondan gələn xəstələrin əlində analizlərin nəticələri olsa da, xəstəxana onlardan yeni analizlərin götürülməsini tələb edir.
“Bu analizlər üçün də həkimlər qeyri-müəyyən, qeyri-rəsmi, özlərinin müəyyənləşdirdiyi standartla ödəniş alırlar. Birinci mərhələdə 7-8 analiz üçün 500-600 manat çıxır. Diaqnoz təsdiq olunandan sonra xəstə əməliyyata girir. Əməliyyatın qiyməti də 2000-3500 arasında dəyişir. Əgər kimsə xahiş-minnət edib, özünü öldürsə, 500 manat keçirlər. Onda da həkim deyir ki, öz hesabımdan keçirəm. Yəni görürsən ki, kimlərsə artıq özləri üçün qeyri-formal qiymət müəyənləşdirib”.
Məzahir Məmmədli ilkin müalicələrdən sonra xəstələrin şüa terapiyasına başladıqlarını, onun qiymətinin minimum 1500 manat olduğunu söyləyir. O, ödənişlə bağlı xəstələrə qəbz verilmədiyini də ayrıca vurğulayır.
Xəstə yaxınının dediyinə görə, şüa terapiyası bitdikdən sonra isə həkimlə xəstə arasında davamlı konsultasiyalar gedir və hər dəfə həkim qəbuluna düşmək üçün pul ödənilir.
“Səni əməliyyat edən həkimin qəbuluna gəlirsənsə, 30 manat ödəməlisən, sənə məsləhət verəcək. Bundan əlavə hər gələndə analizlər yenilənməlidir. Buna da 700-800 manat çıxır. Ayrı vaxt deyirlər ki, xəstəxana müasir avadanlıqlarla təchiz olunub, yeni texnologiyalar var. Bəs niyə analiz üçün başqa xəstəxanalara gönədərirlər bizi? Çünki hər həkimin razılaşdırdığı klinikası var, xəstəsini ora yönləndirir”.
M. Məmmədlinin sözlərinə görə, növbəti mərhələdə xəstəyə kimya terapiya təyin edilir və keyfiyyətlisinin qiyməti 600 manatdan başlayır: “Ən ucuzunun qiyməti 350-400 manat olur. Heç bilmirsən ki, onun da tərkibində nə var”.
“Cərrahlar elə bil qəssabdılar”
O, burda ixtisaslı həkimlərin də olduğunu söyləyir. Amma dediyinə görə, həkimlər gündə o qədər əməliyyata girirlər ki, xəstələrlə danışmağa, onları dinləməyə vaxtları olmur.
“Yaxşı cərrahlar var, amma elə bil qəssabdırlar. Bir xəstəyə 1 dəqiqə baxıb, əməliyyata salır. Elə xəstələr görmüşəm, yalvarıb ki, sadəcə həkim məsləhət versin, neynəyəcəyimizi bilmirik, deyiblər ki, yox, get 30 manat ödə sonra. Elə adamlar gəlir ki, bir tikə çörəyə möhtacdır, amma ondan pul alırlar. Orda adamı elə vəziyyətə salırlar ki, ölmək daha urvatlı olur. Bu xəstəxanada insan mənən ölür, elə bil işgəncə aparatıdır”.
Məzahir Məmmədlinin bacısı xəstəxanada iki dəfə əməliyyat olunub, amma üçüncü əməliyyatı keçirməyə az qalmış həkim imtina edib: “Həkim dedi ki, əməliyyat etmirəm, pulunuzu da istəmirəm. Bir ay bacıma əməliyyat növbəsi çatmadı, xərçəng metastaz verdi. 7 il ərzində biz onu saxlaya bildik, normalda 5-6 ay vaxt qoyurlar. Kimin pulu varsa, müddəti bir az uzada bilir”.
Onun dediyinə görə, xəstəxana işçilərinin özbaşınalıqlarına dillənənlər də tapılır, amma sonradan candərdi onlarla razılaşmalı olurlar: “Türkiyədə müalicə alıb gəlmiş tanışımız vardı, həkimlə qanun-qayda ilə danışırdı. Heç tibb bacısı da zənglərini açmırdı, özünü qəbul etmirdilər. Tibb bacısı dedi ki, o gəlib bizə qanun qoyur. Elə bundan sonra həmin adam hər şeyi qəbullandı, hətta pulu artıq da ödəyirdi ki, işi getsin”.
Baş onkoloq: “Ömür boyu həkimi el dolandırıb”
“Toplum TV”-yə danışan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli xəstə yaxınının söylədikləriylə razılaşmır. O deyir ki, onkoloji xəstələrdə diaqnoz təsdiq olunandan sonra bütün müayinə və müalicə pulsuz aparılır.
“Onkologiyada 3 müalicə üsulu var - şüa terapiya, kimya terapiya, cərrahiyyə əməliyyatı. Bu prosedurların hər biri xəstəxanada pulsuz həyata keçirilir. Kimsə həkimə hörmət edir, halallıq alırsa, o bizlik deyil. Onsuz da ömür boyu həkimi el dolandırıb”.
Onkoloji xəstələrin müalicəsi pulsuzdursa, niyə sosial şəbəkələrdə xərçəng xəstələrinin yaxınları elanlar verir, ianə toplayır, bu məqsədlə kampaniyalar keçirilir? Məsələn, hazırda ilik xərçəngindən əziyyət çəkən Ramal, 5 yaşlı xərçəng xəstəsi Yusifin əməliyyatı üçün pul yığılır.
Azad Kərimli sosial şəbəkələrdə paylaşılan ianə kampaniyalarının gerçəkliyinə inanmadığını söyləyir. Baş onkoloqun dediyinə görə, onların çoxu alver xarekterlidir: “Eləliləri var ki, pul yığıb ailəsiylə birlikdə səyahətə gedirlər. Toppuş bacı xərçəngdən müalicə olunmaq üçün 60 min manat pul yığdı. Heç kəs soruşmadı ki, sənin müalicən pulsuz aparılır, niyə yığırsan bu pulu? Sonra dedi ki, ipotekaya borcum var”.
Ölkə qanunları xərçəng xəstəliyinin müalicəsinə təminat verir
Gələk qanunlara. Konstitusiyanın 41-ci bəndində vətəndaşların sağlamlığının qorunması və müalicə hüququnun olması bəyan edilir.
Ölkə qanunlarına görə, xərçəng xəstələri pulsuz müalicə olunmalıdırlar.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Eyni zamanda qanunvericiliyə görə, onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri müddətdə dövlət təminatında saxlanılır.
"Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"na əsasən, onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə preparatların siyahısına 229 dərman və dərman preparatı daxildir. Həmin dərman və preparatlar xəstələrə Səhiyyə Nazirliyi tərəfindən pulsuz verilməlidir.
Maliyyə nazirliyinin 2020-ci ilə aid olan illik hesabatında qeyd olunur ki, Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlər üçün dövlət büdcəsindən 43,2 milyon manat vəsait ayrılıb. ( file:///C:/Users/Adminn/Downloads/60daca9478ccb.pdf )
Amma Səhiyyə Nazirliyinin və Onkologiya Mərkəzinin saytlarında hər il nə qədər vətəndaşın dövlət hesabına pulsuz müalicə alması barədə məlumat yoxdur.
Baş onkoloq Azad Kərimli hesab edir ki, pulsuz müalicə alan xəstələrin statistikasını aparmağa heç ehtiyac yoxdur.
Onu da qeyd edək ki, Milli Onkologiya Mərkəzinin sual-cavab bölməsində xeyli şikayətlər var. Şikayətçilər daha çox qiymətlərin bahalığından, həkimlərin pul tələb etməsindən və kobud rəftardan şikayət edirlər.
Problemi necə həll etmək olar?
Həkim Adil Qeybulla deyir ki, icbari tibbi sığorta tətbiq olunandan, həkimlər “fiks” maaşa keçəndən sonra bu məsələlər də yavaş-yavaş öz həllini tapacaq.
“Dünyanın heç bir yerində icbari tibbi sığorta birdən-birə təşəkkül tapmayıb. Türkiyədə 2000-ci ilədək bəzi xidmətlər vətəndaşla dövlət arasında bölünürdü. Yavaş-yavaş bu xidmət dövlətin hesabına keçdi və vətəndaş da sığortadan tam yararlana bildi. Əgər Azərbaycanda da icbari tibbi sığorta tətbiq olunsa, dediklərinə görə, vətəndaşlar dövlət xəstəxanalarından tam pulsuz yararlana biləcəklər”.
Həkimin yeni qaydaların nə dərəcədə təmin olunacağıyla bağlı bir fikri yoxdu. O hesab edir ki, yeni qaydalar sənədləşdirilsə və rəsmi şəkildə elan olunsa, proses daha tez və şəffaf şəkildə həyata keçirilə bilər.
Azərbaycanda onkoloji xəstələrin sayı isə ilbəil artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 11 min 595 xəstə ilk dəfə qoyulmuş diaqnozla xərçəng xəstəsi kimi qeydə alınıb. Baş onkoloq Azad Kərimli isə mətbuata açıqlamasında həmin il qeydiyyatda olan onkoloji xəstələrin sayının 54 min 400 nəfərə çatdığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb