Onkoloji xəstəxanada bir gün: “Burda bir oğlan öldü, üstünü örtməyə mələfə də vermədilər...”
Toplum Tv
Milli Onkologiya Xəstəxanasının həyətində əlil arabasında bir qadın təkbaşına dayanıb. Yayın istisində qalın geyinib, başına yun şal örtüb. Əlindəki çörəyi aram-aram yeyir, arabir ətrafa boylanır.
Dediyinə görə, ərini gözləyir, o, “Şamaxinka”dan taksi çağırmağa gedib. Bir azdan Qubaya yola düşəcəklər.
“Əməliyyat üçün qızıllarımı satdım”
Gülcahan Məmmədova adlı bu qadın 10 gün əvvəl süd vəzi xərçəngindən əməliyyat olunub, döşü kəsilib. Aldığı kimyaterapiyalar sümüklərinə mənfi təsir etdiyindən indi də ayaqlarından müalicə olunmağa gəlib.
Qadın danışır ki, əməliyyat onlara 1000 manata başa gəlib. Qazanc yeri olmayan Gülcahan xala əməliyyatı üçün qızıllarını satıb.
“Pensiya almıram, hələ 58 yaşım var. Şəkər xəstəsiyəm, onkoloji xəstəyəm, amma bunların heç birinə görə müavinət də almıram. Ərimin 70 yaşı var, 260 manat pensiya alır. Ondan-bundan borc alıb, hər ay az-az qaytarırıq. Bir bərbərxanası vardı ərimin, günə 1-2 manat pul qazanırdı, onu da sökdülər. İndi 2 xəstə, baxımsız adam 260 manatın ümidinə qalmışıq”.
Gülcahan xala deyir ki, bu xəstəxanada hara addım atsan, puldur, xəstələnəndən bəri burda 6 min manata yaxın pulları çıxıb.
“Dünən evdə yavaş-yavaş yeriməyə çalışırdım. Dizüstə yıxıldım, qalxa bilmədim. Kimya ayağıma pis təsir edib. İndi də sümük analizinə gəlmişəm, 180 manatımız çıxdı. Hələ bundan sonra da şüa verəcəklər. Deyirlər, şüanın da qiyməti 1500 manatdır”.
Əriylə tək yaşayan Gülcahan xala köməyinin olmamasından da şikayətlənir.
“Mənim uşağım yoxdur, olmayıb, 20 yaşımdan yumurtalıqlarımı götürüblər. Anam-atam çoxdan ölüb. Bacılarım var, onların da ərləri xəstə. Beləcə, Allahın ümidinə qalmışıq”.
“Burda bir oğlan öldü, üstünü örtməyə mələfə də vermədilər...”
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji klinikasının qabağı da növbəsini gözləyən adamlarla doludur.
Kürdəmirdən gələn bir qadın elə indicə kimyaterapiyadan çıxıb. Onun dediyinə görə, xəstəxananın qiymətləri ciblərinə uyğun olsa da, işçilər xəstələrə qarşı çox laqeyddirlər.
“Kimyaterapiyadan çıxdım, qolumdan qan axırdı. Tibb bacısına dedim, kömək eləsin. Mənə qayıdıb dedi ki, gedin, sizə baxan tibb bacısına yaxınlaşın”.
Yan tərəfdəki qadın da az əvvəl şahid olduqları hadisəni danışır:
“Bayaq burda bir oğlan öldü, onun üstünü örtməyə mələfə də vermədilər. Yaxınları gedib, özləri alıb gətirdilər. 3 manatlıq mələfə nədir ki, onu adama qıymırlar. Adı dövlət xəstəxanasıdır, hər şey pulsuz olmalıdır guya. Amma hanı?..”
Sevda Məmmədova xərçəngdən əziyyət çəkən anasını xəstəxanaya gətirib. Analizin cavablarını gözləyir. O, xəstəxanadakı qiymətlər barədə danışır. Deyir ki, rentgen pulsuzdur, USM-in qiyməti 10-15, kompüter tomoqrafiya 50, mamoqrafiya 40 manatdır.
“Yaxşı həkimlər var. Hətta bəzilərinin stoluna pul da qoyanda götürmürlər. 400 manatlıq kimyaterapiya burda pulsuzdur. Xəstəliyin müalicəsinin özü çox bahalıdır. Kimyaterapiyadan sonrakı dövrdə dərmanlar, qidalar 1500 manata başa gəlir. Yəni dövlət bunu nəzərə almalı, ağır xəstələr üçün ayırdığı təqaüdü artırmalıdır”,- S. Məmmədova söyləyir.
Xəstəxana rəhbərlərinin də şikayətlərə cavabı var.
Bu ilin əvvəlində Toplum TV-yə danışan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli onkoloji xəstələrdə diaqnoz təsdiq olunandan sonra bütün müayinə və müalicə işlərinin pulsuz aparıldığını bildirmişdi.
“Kimsə həkimə hörmət edir, halallıq alırsa, o bizlik deyil. Onsuz da ömür boyu həkimi el dolandırıb”,- deyən həkim xəstələrin pul verdiyini də danmamışdı.
ATU Onkoloji klinikasının baş həkimi Nigar Mehdiyeva isə xəstəxanadakı bütün xidmətlərin pulsuz olduğunu deyir.
“Əgər xəstələr bu kimi problemlərə üzləşirlərsə, müraciət etsinlər. Araşdıraq”,- N. Mehdiyeva əlavə edir.
Qanunlara gəlincə, xərçəng xəstələri pulsuz müalicə olunmalıdırlar.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Onkoloji yardım haqqında qanuna görə, əlilliyi müəyyən edilmiş onkoloji xəstələrin “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq sosial müavinət və (və ya) “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyası almaq hüququ var.
Son məlumatlara görə, Azərbaycanda hazırda 58 024 onkoloji xəstə qeydiyyatdadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür