Açıq mənbələrdən götürülüb
İstanbul
Tədqiqatçılar yaxın dövrlərdə Türkiyədə minimum daha bir zəlzələnin olacağı proqnozunu verirlər. Özü də bu zaman əhalisi 15 milyona çatan İstanbul zərər görə bilər. Yerli hakimiyyətin buna hazırlığı isə alimləri heç də qane etmir.
Toplum TV mövzu ilə əlaqədar “Meduzo.io”-da yayımlanan materialı təqdim edir.
“Məsələ şəhərin coğrafi vəziyyətindədir”
“Bu qaçılmazdır, faktdır”, - professor Okan Tüysüz hələ 2006-cı ildə Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə qətiyyətlə bildirirdi. Alim İstanbul rayonunda güclü zəlzələ ehtimalını belə qiymətləndirir:
“Biz maqnitudanı bilirik. Ərazini bilirik. Məhz nə vaxt baş verəcəyini bilmirik. Amma İstanbulda 2030-cu ilə qədər 7,6 maqnitudalıq zəlzələ olacağı ehtimalı 65 faizdir. Bu isə olduqca yüksək ehtimaldır”.
Ötən illər ərzində alimlər həyəcanlı proqnozu təsdiqləyən (ehtimal 35-95% diapozonunda dəyişir, müddət – 2045-ci ilə qədər, maqnituda – 7,0-dan yuxarı) çoxsaylı hesablamalar dərc olunub. Zəlzələnin miqyasını proqnozlaşdırmaqla türk tədqiqatçılarla yanaşı ABŞ Geoloji xidmətindən, İtaliyadan, Fransadan, Yaponiyadan, hətta beynəlxalq sığorta şikətlərindən ekspertlər məşğul olublar.
Məsələ şəhərin coğrafi vəziyyətindədir. İstanbul Anadolu və Avrasiya tektonik plitələrinin qovuşmasında, Şimali Anadolu çatının Mərmərə dənizinin altından keçən hissəsindən 15-20 km cənubda yerləşir. Çat üzrə plitələrin hərəkəti əsrlər boyu böyük zəlzələlərə səbəb olub. Son 500 il ərzində İstanbulda altı-yeddi dəfə güclü təbii fəlakətlər baş verib. Ən fəlakətlilərindən biri 1766-cı ildə olub. O zaman çatın şəhərin yaxınlığındakı şaxələrindən biri aralandı (alimlər indi də məhz belə ssenaridən ehtiyat edirlər).
İstanbula maksimum yaxın yerdə sonuncu iri zəlzələ 1999-cu ildə baş verib. O zaman zəlzələnin episentri İzmit şəhərindən 90 km cənubda idi (Türkiyədə “Gölcük depremi” deyilir – Toplum TV); 17 mindən çox insan həlak oldu. Bu, 1939-cu ildən bəri Türkiyə ərazisində Şimali Anadolu çatı üzrə şərqdən qərbə doğru hərəkət edən və maqnitudası 7,0-dan çox olan artıq yeddinci zəlzələ idi. Qüvvətli yeraltı təkanlar sanki İstanbula yaxınlaşır.
https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp
Proqnozlaşdırılan zəlzələ artıq şəhərin özündə baş verə bilər və əvvəlkilərlə müqayisədə xeyli daha böyük miqyaslı ola bilər. İstanbul bələdiyyəsinin 2020-ci ildə seysmoloq alimlərin dəstəyi ilə hazırladığı hesabata görə, 7,5 maqnitudası olan təkanlar zamanı şəhərin bütün 39 rayonu müxtəlif dərəcəli zərər görəcək. Dağıntılar riski meqapolisin Avropa hissəsində, Mərmərə sahillərində daha çoxdur. Məsələn, Avcılar rayonunda, ekspertlərin rəyinə görə, qurbanların sayı 465 nəfər, yaralıların sayı 1,5 mindən çox ola bilər. Rayonun daha 104 min sakininin evsiz qalması mümkündür. Zeytinburnu rayonunda 668 nəfər ölə bilər, 5330 bina isə çöküş təhlükəsi altındadır.
Şəhərin ən qədim bölgələrindən biri, çoxsaylı tarixin tikililərin (məsələn, Ayasofiya və Sultanahmet cami) olduğu Fatih daha ciddi fəsadlarla üzləşə bilər: binaların 72 faizi dağıla, 1,5 min insan ölə bilər.
Professor Tüysüzün bəhs etdiyi ən pis ssenari zamanı İstanbulun 40 faizi fəlakət zonasına çevriləcək, şəhərin üstünü alacaq sunaminin hündürlüyü isə 7 metrə çatacaq.
İstanbul bələdiyyəsinin 2021-ci ildə təqdim etdiyi daha bir hesabatda qeyd olunur ki, 7,5 maqnitudalı zəlzələ zamanı təxminən 290 min bina (ümumən şəhərdə 1,16 milyondur) tamamilə və ya qismən dağıla bilər. Bu 3 milyona yaxın insanın evsiz qalması deməkdir. Ekspertlərin fikrincə, 2000-ci ilə qədər, alimlərin indi bildikləri seysmik təhlükəni nəzərə almadan tikilən hündür binalar xüsusi risk zonasında yerləşir. İstanbulda belə tikililər onminlərlədir. Fəlakətin potensial iqtisadi ziyanı isə 17 milyard dollar qiymətləndirilib.
O zaman bələdiyyədə bildirdilər ki, yeraltı suların xəritəsi hazırlanıb və mütəxəssislər bu suyu zərərçəkənlərin müvəqqəti yerləşdiriləcəyi ərazilərə çəkmək üzərində işləyirlər.
Bu, fəlakətlə qarşıdurmada kömək edəcəyi düşünülən yeganə önləyici tədbir deyil. Məsələn, fövqəladə halla bağlı mütəmadi təlimlər keçirilir: şəhərlilərin telefonlarına zəlzələ haqqında bildiriş gəlir, xəbəri telekanallar və radiostansiyalar, məscidlər və bələdiyyə səsgücləndiriciləri yayır. Şəhərin seysmik baxımdan ən təhlükəli bölgələrindən biri olan Büyükçekmecedə ötən il erkən sunami xəbərdarlığı sistemi yaradılıb. Onun sunami zərbəsindən 5-7 dəqiqə əvvəl dalğanın yaranması barədə xəbərdarlıq edəcəyi iddia olunur.
Köhnə binaların rekonstruksiyasını və yeni etibarlı tikililərin layihələndirilməsini on ildən çox müddətdə Ümumdünya bankı dəstəkləyirdi – bu proqram 550 milyon dollara başa gəlib.
Son illərdə İstanbulda kortəbii tikintilər aparılıb. Hakimiyyət onillərdir ki, mümkün fəlakətlə bağlı öz hazırlıq planlarını yerinə yetirmir
Amma məmurların davranışı ilə bağlı ekspertlərin iradları onsuz da çoxdur.
Seysmoloq Haluk Eyidoğan “Reuters”ə bildirib ki, bələdiyyənin bəyanatına baxmayaraq, son 15 ildə şəhərdə tənzimlənməyən tikinti aparılır; ilk növbədə, yeni miqrantları yerləşdirmək üçün.
Məsələn, köhnə binaların rekonstruksiyası üzrə çoxsaylı layihələr yüksək risk yaradıb: onun çərçivəsində developerlər əlavə mərtəbələr tikiblər. Bu da binaların yükünü artırıb və ehtimal ki, zəlzələyə davamlılıq standartlarına uyğunluqdan uzaqlaşdırıb. 2019-cu ildə elan olunan “tikinti amnistiyası”na əsasən, hakimiyyət 7,5 milyon qeyri-leqal tikili barədə bəyanatla üzləşib.
İstanbulun zəlzələyə qarşı 2003-cü ildə hazırlanan master-planı isə sonuncu dəfə 2018-ci ildə yenilənib. Şəhərin risklərin idarə olunması departamentinin rəhbəri Tayfun Kahraman 2020-ci ildə etiraf edirdi ki, bircə bina belə master-planın tələblərinə əsasən, yenidən qurulmayıb, amma perspektivdə birdən 790 tikilinin risk dəyərləndirilməsindən keçəcəyini vəd edirdi. Məmur bildirirdi ki, binaların bəziləri üçün daşıyıcı konstruksiyaları möhkəmləndirilməsi, digərləri üçün isə tam rekonstruksiya qərarı verilə bilər.
Bosfor universitetinin professoru Doğan Kalafatın fikrincə, bu, açıq-aşkar gecikmiş reaksiyadır. Alim hakimiyyəti ən etibarsız tikililərin rekonstruksiyasına dərhal, bütün yaşayış fondunun kompleks dəyərləndirilməsi qurtarmadan, 2020-ci il üçün toplanmış informasiya əsasında aparmağa çağırıb.
https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp
Haluk Eyidoğan Zeytinburnu rayon məmurlarının astagəlliyini nümunə göstərir. Rayon Şimali Anadolu çatının təhlükəli yerinin bilavasitə yaxınlığında yerləşir. Hələ əsrin əvvəllərindəki master-planda tikililərin keyfiyyətinin çox aşağı olduğu, kompleks rekonstruksiyaya ehtiyac duyulduğu, rayonda zərərçəkənlər üçün sığınacaqlar şəbəkəsi yaratmağın zəruriliyi deyilirdi. Amma iki onillik ərzində İstanbul bələdiyyəsi zəlzələyə hazırlıqla bağlı fəal işlərə başlamayıb. “Plan elə rəfdə qaldı, kimsə ona əlini vurmadı”, - ekspert belə deyir. Bundan əlavə, rayonda varlı alıcılar üçün yeni hündür binalar tikilib. Yoxsul təbəqədən olan yerli sakinlər isə təhlükəli evlərdə yaşamağa davam edirlər.
“The Guardian”a müsahibəsində Okan Tüysüz də sosial bərabərsizliyin fəsadlarından danışır: “İstanbulun Avropa hissəsi yumşaq daş üzərində [zəlzələnin təsiri baxımından daha az təhlükəsiz yerdə], şimalı və Asiya hissəsi möhkəm daş üzərində salınıb. Buna görə də zəngin sakinlər Bosforda [şimalda] villa tikməyə üstünlük verirlər”.
Təhlükə bir də İstanbul əhalisinin bir qisminin yanaşmasındadır. “Bir çoxları belə perspektivə fatalistcə yanaşır: nə olar olar, tale belə imiş. İnsanlar qorxularını boğmaq üçün reallığı inkar edirlər”, - İzmit zəlzələsi zamanı zərərçəkənlərlə üç il işləmiş psixoloq İbrahim Eke “The Guardian”a danışır. Onun sözlərinə görə, İstanbulda zəlzələyə qarşı önləyici tədbirlər görən fəal sakinlər də var. Onlar bütün təhlükəsizlik tələblərini yerinə yetirirlər, hətta binalardan qəza çıxışlarının qarşısını kəsən avtomobilləri təsbit etmək üçün küçələri yoxlayırlar.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media